Başlıbel qətliamından 31 il ötür
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bu gün Başlıbel qətliamının növbəti ildönümüdür.
Cixisyolu.com xatırladır ki, ermənilərin 1993-cü il aprelin 18-də Kəlbəcər rayonunun
Başlıbel kəndində törətdikləri qətliamdan 31 il ötür.
1993-cü il aprelin ilk günlərində Kəlbəcər rayonunun işğalı zamanı iki minə
yaxın əhalisi olan Başlıbel kəndində 73 sakin evlərini tərk edə bilməyib. Onlar
aprelin 2-də mühasirədən çıxmağa çalışarkən, ermənilər doqquz nəfəri qətlə
yetirib, beş nəfəri isə girov götürüblər. Qalan 62 nəfər isə dağlara çəkilərək
kahalarda gizlənib.
Aprelin 18-də sakinlərin yerlərini aşkarlayan ermənilər kahalara hücum edərək
daha 18 nəfəri qətlə yetirib, 14 nəfəri isə girov götürüblər. Hadisə zamanı 1
nəfər itkin düşüb. Sağ qalmağı bacaran 30 nəfər 113 gün mühasirədə qalıb.
Nəhayət, iyulun 17-də onlar ancaq gecə hərəkət edərək dağ yolları ilə
mühasirədən çıxa biliblər. Bu hadisələr zamanı yalnız 93 yaşlı Başlıbel sakini
Ələsgər Kazımov doğma kəndini tərk etməyərək həyatını mühasirədə davam etdirib.
Qeyd edək ki, Kəlbəcər rayonu 44 günlük Vətən müharibəsi nəticəsində – 25
noyabr 2020-ci ildə işğaldan azad edilib.