Başqasının əvəzinə imtahan vermək istəyənlərin başı dərddə

Başqasının əvəzinə imtahan vermək istəyənlərin başı dərddə

Baxış sayı: 3. 484 dəfə baxılıb.

Başqasının əvəzinə imtahan vermək istəyənlərin başı dərddə

Dövlət İmtahan Mərkəzi ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılan birgə araşdırmalar nəticəsində Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanı zamanı bir sıra qanun pozuntularına yol verilməsinə cəhd halları aşkar edilərək qarşısı alınıb. 

Bu barədə Dövlət İmtahan Mərkəzi və Baş Prokurorluğun mətbuat xidmətlərinin yaydığı birgə məlumatda bildirilib.  

Aparılan araşdırmalarla müəyyən edilib ki, ayrı-ayrı hallar üzrə Alışanlı Təbib Natiq oğlunun Quliyev Hidayət Zahid oğlunun əvəzinə, Rzazadə Ramazan Tofiq oğlunun iki halda Zeynalov Orxan Əfqan oğlu və Əliyev Salman Etimad oğlunun əvəzinə, Nəsibov Müzadil Qərib oğlunun iki halda Seyidov Baba Ehtiram oğlunun və Quliyev Ayaz Vüqar oğlunun əvəzinə Dövlət İmtahan Mərkəzi tərəfindən müxtəlif vaxtlarda Gəncə və Mingəçevir şəhərlərində təşkil olunan qəbul imtahanlarına saxta buraxılış sənədləri ilə keçmək istəyərkən onların həmin şəxslər olmadığı müəyyən olunaraq qanunsuz hərəkətlərinin qarşısı alınıb. 

Habelə müəyyən olunub ki, həmin şəxslər ayrı-ayrı vaxtlarda Novruzov İbadət Məhərrəm oğlu, Hüseynov Rasim Köçəri oğlu, Məmmədova Yeganə Rza qızı, Mehdiyev Sərxan Nizami oğlu və Səfərov Alov Əli oğlunun vasitəsi ilə imtahanlarda digərinin əvəzinə iştirak etməyə dair razılığa gəliblər.

Sadalanan faktlar üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işlərinin istintaqı nəticəsində Nəsibov Müzadil Qərib oğlunun Cinayət Məcəlləsinin 320.1 (saxta sənədlərdən istifadə) və 29, 320.1-ci (saxta sənədlərdən istifadəyə cəhd), Rzazadə Ramazan Tofiq oğlunun 320.1 (saxta sənədlərdən istifadə etmə) və 29,320.1-ci (saxta sənədlərdən istifadəyə cəhd), Alışanlı Təbib Natiq oğlunun isə həmin məcəllənin 29, 320.1-ci (saxta sənədlərdən istifadəyə cəhd) maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işləri baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib.