Batuhan Mumcu: “Azərbaycanla mədəni əlaqələrimizin inkişafı digər türk
dövlətlərinə də müsbət təsir edir”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Vətən müharibəsindəki zəfərdən sonra Azərbaycanla Türkiyə arasında çoxtərəfli
əməkdaşlıq daha da inkişaf edir. Tarixi Şuşa Bəyannaməsi iki qardaş ölkənin
münasibətlərini strateji müttəfiqlik səviyyəsinə qaldırıb. Ötən il ərzində də
Bakı ilə Ankara arasında bir sıra vacib sənədlər imzalanıb. Onlardan biri də
noyabrın 13-də Ankarada imzalanan Azərbaycan və Türkiyə hökumətləri arasında
mədəniyyət sahəsində əməkdaşlığa dair sazişdir. Sənəd iki xalqın müştərək
dəyərləri, türk mədəni irsi, həmrəyliyin qorunması, təbliği, beynəlxalq
səviyyədə təşviqi ilə bağlı Şuşa Bəyannaməsində əksini tapan birgə əməkdaşlıq
məsələlərini də əhatə edir.
Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Batuhan Mumcu “Report”un
Ankara bürosuna müsahibəsində iki ölkə arasında mədəniyyət sahəsində
əməkdaşlıqdan danışıb. Müsahibəni təqdim edirik.
– Keçən il noyabrın 13-də Azərbaycanla Türkiyə hökuməti arasında mədəniyyət
sahəsində əməkdaşlığa dair saziş imzalandı. Həmin sənəd iki ölkə arasında
mədəniyyət sahəsində əməkdaşlığa və həmçinin türk dünyasına nə kimi fayda
verəcək?
– Türkiyə-Azərbaycan mədəni əməkdaşlıq sazişinin imzalanması iki ölkə
arasında, eləcə də türk dünyasında əlaqələrin gücləndirilməsi, maddi-mədəni
sərvətlərin yayğınlaşdırılması, ortaq tarix və dəyərlərin inkişafı baxımından
mühüm addımdır. Bu sənəd vasitəsilə mədəniyyət sahəsində müxtəlif tədbirlərlə
daha sıx əməkdaşlığa nail olmağı hədəfləyirik.
Saziş əsasında keçiriləcək konsertlər, sərgilər, teatr tamaşaları və ədəbi
tədbirlər kimi mədəniyyət fəaliyyətləri iki ölkə arasında qarşılıqlı əlaqəni
artıracaq və türk dünyasının mədəni zənginliyinin daha geniş auditoriyaya
çatdırılmasına kömək edəcək.
Sözügedən mədəni tədbirlərin isə hər iki ölkənin turizm potensialını
artıracağına və bunun da təbii ki, ölkələrimizin iqtisadiyyatına töhfə
verəcəyinə inanıram.
– Dünyanın ən əhatəli mədəniyyət və incəsənət layihələrindən biri olan və
sizin də rəhbərliyinizlə həyata keçirilən Türkiyə Mədəniyyət Yolu Festivalları
Layihəsində Azərbaycanın iştirakı ilə bağlı nə məlumatınız var?
– Türkiyə Mədəniyyət Yolu Festivalları ölkəmizin hər yerində keçirilən
konsertlərdən sərgilərə, teatrdan opera və balet tamaşalarına, dialoq,
müzakirə, panellərdən seminarlara qədər minlərlə tədbiri əhatə edən silsilədir.
Bu il festival silsiləmizə azərbaycanlı sənətçiləri də daxil etməyi
planlaşdırırıq. İncəsənətin müxtəlif sahələrindən olan sənət adamları
festivallarımızda Azərbaycan mədəniyyətinin daha yaxından tanıdılmasına imkan
yaradacaq.
Bu şəkildə iştirak festivalın keçirildiyi şəhər və ya bölgələrdə mədəni
zənginliyimizi vurğulamaqla yanaşı, həm də iki ölkə arasında mədəni turizmi
qarşılıqlı surətdə stimullaşdıracaq.
– Azərbaycanda keçirilən 3-cü Qorqud Ata Türk Dünyası Film Festivalında
iştirak etmisiniz. Təəssüratlarınız necədir?
– Qorqud Ata Film Festivalı türk dünyasında artıq önəmli yerlərdən birini
qazanıb. Bu il üçüncü dəfə keçirilən festivalın bağlanış mərasiminə Türkiyədən
ssenaristlər, rejissorlar, prodüserlər və aktyorlarla birlikdə TRT-nin və
nazirliyimizin rəsmiləri olaraq qatıldıq.
Kino sənayesi türk dünyasının ortaq mədəni irsinin çatdırılması baxımından
böyük əhəmiyyət kəsb edir. Bu səbəbdən festivalda iştiraka marağın ildən-ilə
artdığını görmək bizi çox sevindirir. İnanıram ki, kino sənayesinin maraqlı
tərəflərini bir araya gətirmək və əməkdaşlığı təşviq etmək həm kino sənətini
təkmilləşdirəcək, həm də mədəni qarşılıqlı əlaqəni maksimum dərəcədə artıracaq.
Festival çərçivəsində tədbirlərin bir qismi Azərbaycanın işğaldan azad edilmiş
Şuşa şəhərində keçirildi ki, bu da bizim üçün son dərəcə anlamlı və dəyərli
idi. Qorqud Ata Film Festivalının dördüncüsü gələn il Türkmənistanda
keçiriləcək. Artıq indidən həyəcanlıyıq.
– Prezident İlham Əliyev Azərbaycanın Türkiyədəki səfirliyinin nəzdində
Mədəniyyət Mərkəzinin yaradılması haqqında sərəncam imzalayıb. Sizcə, bu
mərkəzin fəaliyyəti Azərbaycanla Türkiyə arasında mədəni əlaqələrə və
əməkdaşlığa hansı yeniliklər gətirəcək?
– “Bir millət, iki dövlət” olan Azərbaycanla Türkiyə arasında artıq hər sahədə
gözəl əlaqələr mövcuddur. Türkiyədə Azərbaycan Mədəniyyət Mərkəzinin
yaradılması təbii ki, mədəni əlaqələrimizi, əməkdaşlığımızı daha da inkişaf
etdirəcək, mədəniyyət tədbirlərinin həm sayı, həm də keyfiyyəti yüksələcək.
Mədəniyyət, incəsənət, ədəbiyyat, mənəviyyat sahəsində mədəni fəaliyyətlərin
həyata keçirilməsi hər iki ölkənin müvafiq sektorundakı nümayəndələrinə dəstək
olacaq.
Belə bir mərkəz çərçivəsində təşkil olunan mədəni-kütləvi tədbirlər gənc
nəsillərimizdə də ümumi mədəni irsimizə mənsub olmaq hisslərini inkişaf
etdirməkdə mühüm rol oynayacaq.
İnanıram ki, ortaq tarix, dil və mədəni irsə əsaslanan bu əməkdaşlıq türk
dünyasının digər ölkələri ilə də oxşar şəkildə təzahür etməyə təkan verəcək.
Bir sözlə, Azərbaycanla olan mədəni əlaqələrimizin inkişafı digər türk
dövlətlərinə də öz müsbət təsirini göstərəcək.