Bayat yeməklər insan orqanizmində hansı fəsadlar yarada bilər?
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bayram süfrəsini zəngin və təmtəraqlı etmək üçün çeşid-çeşid yeməklər,
növbənöv salatlar və şirniyyat hazırlanır. Bayram vaxtı istehlak edilməyən
yeməklər isə bəzən israf olunmaması üçün sonrakı günlərə saxlanılır. Lakin
mütəxəssislər hesab edirlər ki, dəfələrlə qızdırılıb bayat şəkildə istehlak
olunan yeməklərin orqanizmə bir sıra mənfi təsirləri ola bilər. Ona görə də
belə qidaların istehlakı zamanı daha diqqətli olmaq lazımdır.
Cixisyolu.com xəbər verir ki, bununla bağlı Qida Təhlükəsizliyi Agentliyi (AQTA)
əhaliyə xəbərdarlıq edib.
AQTA-nın məlumatında vurğulanıb ki, xüsusilə yumurta, balıq, ət, göbələk kimi
məhsullardan hazırlanmış yeməklər iki saatdan artıq açıq şəraitdə qalmamalı,
daha sonra soyuducuda saxlanılmalıdır. İsti yeməklər soyuducuya
yerləşdirilməmişdən əvvəl otaq temperaturuna qədər soyudulmalıdır. Bəzi
qidaların isidilərək yenidən istehlakı ümumiyyətlə tövsiyə edilmir. Belə ki,
toyuq əti ya təzə bişmiş, ya da soyuq halda istehlak olunmalıdır. Kartof,
çuğundur, ispanaq kimi tərəvəzlər, ən əsas da göbələklər bişirildikdən sonra
yenidən qızdırıldıqda qida dəyərini itirdiyi üçün bu məhsulların təzə-təzə
bişirilib istehlak edilməsi daha məqsədəuyğundur.
Yeri gəlmişkən, yeməklərin xarab olub-olmadığını dad və ya qoxu vasitəsilə
müəyyən etmək hər zaman mümkün olmur. Qida zəhərlənməsinə səbəb olan bəzi
bakteriyalar var ki, onlar qidanın qoxusunu və dadını korlamadan belə çoxala
bilir, hətta bəziləri toksin ifraz edir. Belə bakteriyalar dəniz məhsulları,
süd və süd məhsulları, tortlar və digər kremli şirniyyatlarda daha tez çoxala
bildiyi üçün ən çox qida zəhərlənmələri də məhz bu qidalar düzgün
saxlanılmadıqda və təkrar isidilərək istehlak edildikdə baş verir.
Bayat yeməklər kimi, bayat çayın da orqanizmə ziyanı var. Çünki dəmlənmiş
köhnə çay bütün faydalı xüsusiyyətlərini itirməklə yanaşı, insan orqanizminə
mənfi təsir göstərə bilir.
Mütəxəssislər deyirlər ki, qeyd olunan mənfi halların baş verməməsi və bayat
qida qəbul etməmək üçün yeməkləri mütləq qədərində hazırlamaq lazımdır. Həm də
bişirilmə tarixi bilinməyən yeməklər yeyilməməlidir.