“Washington Post” nəşrində 16 oktyabr tarixində dərc olunmuş “Daha bir nəhəng
iqlim konfransı despotik rejimə kömək edir” başlıqlı məqalədə Azərbaycana qarşı
yalan, şər və böhtan xarakterli iddialar səsləndirilib. Bu iddialara cavab
xarakteri daşıyan hazırkı məqalədə ABŞ-nin özünün despotik, qaniçən simasını
nümayiş etdirmək, onun Azərbaycana qarşı apardığı qarayaxma kampaniyasının
arxasında hansı səbəblərin dayandığını göstərəcəyik.
İlk növbədə qeyd olunmalıdır ki, ABŞ 2020-ci ilədək qismən örtülü apardığı
ermənipərəst siyasətini Azərbaycanın Vətən müharibəsində qələbəsindən və öz
ərazi bütövlüyünü bərpa etdikdən sonra aşkar formada və daha böyük hücumlarla
həyata keçirməyə başlayıb. Antiazərbaycançı savaşın əsas səngəri isə onun
mediası, xüsusən də Ağ Evin xidmətində olan “Washington Post” nəşridir.
Demokrat Partiyasının ruporu, təzyiq aləti olan, onların yalanlarını, şər və
təhqirlərini yayan bu nəşr barədə ancaq mənfiyönümlü məlumatlara rast gəlinir.
ABŞ-nin sabiq prezidenti D.Trampdan tutmuş bu ölkənin senator, konqresmen,
qubernatorunadək minlərlə insan “Washington Post”u feyk xəbərlərin mənbəyi
hesab edir.
Yalan, təhqir, dezinformasiya materialları çap etməkdə ixtisaslaşan
“Washington Post”da bu tipli sifarişli yazılar adətən ABŞ Dövlət
Departamentində hazırlanır. Elə bu yaxınlarda 60 konqresmenin adından Dövlət
katibi Blinkenə ünvanlanmış müraciət də Dövlət Departamentinin hazırlayıb
özü-özünə göndərdiyi müraciətdir. Bu məqalələr, müraciətlər COP29 ərəfəsində
ABŞ-nin Azərbaycana qarşı açdığı informasiya müharibəsinin tərkib hissəsidir.
Məqalənin qısa şərhini verək. “Washington Post”un hədəfində həm Azərbaycan
dövləti, həm də beynəlxalq ictimaiyyət var.
Azərbaycan nədə ittiham olunur?
“Dağlıq Qarabağ anklavını ələ keçirərək, etnik erməni əhalisini öz
yurdlarından didərgin salmaqda”…
“Dağlıq Qarabağda ermənilərin hüquqi, siyasi və mülki institutlarını məhv
etməkdə”…
“ABŞ-nin 60 konqresmeninin etnik ermənilərin, girovların və hərbi əsirlərin
dərhal və qeyd-şərtsiz azad edilməsi çağırışını “iyrənc” adlandırmaqda”…
“23 tanınmış erməni siyasi xadimini Azərbaycanda hələ də həbsdə saxlamaqda”…
“Bütün tələblərə baxmayaraq, R.Vardanyanı həbsdən azad etməməkdə”…
Bir sözlə, əsas sual odur ki, nəyə görə Azərbaycan öz ərazi bütövlüyünü və
suverenliyini bərpa edib. Bu, Ağ Evi, Dövlət Departamentini o qədər
qıcıqlandırır və narahat edir ki, açıq düşmənçilik nümayiş etdirməkdən belə
çəkinmirlər.
Azərbaycana qarşı bu tipli yazıları sifariş verən digər mənbə erməni
lobbisidir. Məsələn, dünya üzrə müxtəlif təsisatlarda olduğu kimi, “Washington
Post”un redaksiyasında da xeyli erməni jurnalist çalışır. Onlardan biri David
İqnatius vaxtilə Davosda Türkiyə Prezidenti R.T.Ərdoğan və İsrail Prezidenti
Ş.Peres arasında qarşıdurmanı alovlandıran şəxs kimi yaddaşlarda qalıb.
Azərbaycana qarşı şər kampaniyasında bir-birini tamamlayan maraqlar
şəbəkəsində hazırda Azərbaycanda həbsdə olan R.Vardanyan ailəsinin də xüsusi
yeri var. Bayden administrasiyasının, Demokrat Partiyasının sevimli
simalarından olan USAID-in rəhbəri Samanta Pauer həm də separatçı və cinayətkar
Ruben Vardanyanın təəssübkeşlərindən biridir. B.Obamanın ilk prezidentlik
dövründə işindən qovulan və himayədarı Ruben Vardanyan tərəfindən həmtəsisçisi
olduğu “Avrora” humanitar fondunun münsiflər heyətinə seçilən Samanta Pauer
daim erməni lobbisinin təsirində olub. Uzun müddət İrəvanda yaşayan bu adam
daim beynəlxalq tədbirlərdə saxta “erməni soyqırımı”nı təbliğ edib. Missiyası
“Amerika xalqından dünyaya yardım” kimi bəyan edilən USAID son bir neçə ildə
Ermənistana təxminən 3.3 milyard dollar ayırıb və hazırda 22 layihə üzrə dəstək
davam edir.
Ruben Vardanyanın biznes ortağı, “Avrora” fondunun təsisçilərindən olan erməni
milyarder Nubar Afeyan da erməni diasporunu Azərbaycana qarşı fəaliyyətə
səfərbər edən şəxslərdən biridir. Nə “təsadüf”dürsə, bu şəxsin də rəhbərlik
etdiyi “Moderna” şirkəti vasitəsilə “Washington Post”la uzun illərə söykənən
əməkdaşlığı var. Nubar Afeyan özü etiraf edir ki, BMT nümayəndələri ilə
görüşərək, onlardan COP29-un təxirə salınmasını istəyib. Həmçinin onu da
gizlətmir ki, xeyli jurnalist və hüquq müdafiəçisinin COP29-a qatılmasına mane
olmaq üçün vəsait xərcləyir.
Əlbəttə, “Washington Post”un cəfəng boşboğazlığına əhəmiyyət verməmək də
olardı. Ancaq məsələnin maraqlı tərəfi odur ki, bu gün bütün dünya ABŞ-nin
siyasətini qınadığı, bu ölkədə keçirilən seçki prosesi planetin hər bir yerində
parodiya mənbəyinə çevrildiyi, prezident Bayden isə öz sərgüzəştləri ilə dillər
əzbəri olduğu bir zamanda onlar “şüşəli evdə” oturub gələn-gedənə daş atmaqda
davam edirlər.
Baydendən soruşulsa, bəlkə də Azərbaycan adlı dövlətin mövcudluğunu da
xatırlamaz. Nəinki dövlətinin siyasətini, heç atdığı addımı da özü
müəyyənləşdirmir. Onun qoluna girirlər, “iki addım sağa, bir addım sola dön, bu
kağızdakı sözləri oxu” deyirlər. Onu L.Brejnevə bənzətmək istəsək, böyük
ədalətsizlik olar. Leonid İliç hər halda amerikalı həmkarından daha canlı, daha
sağlam, daha ağlıbaşında idi.
4 illik prezidentlik dövrünün 2 ilini okean sahillərində istirahətdə keçirən
Bayden digər 2 ilini də dünyanı qarışdırmağa sərf edib. Tarixin onun
anlaqsızlığını, hava ilə salamlaşdığını necə xatırlayacağını indidən demək
olmaz, ancaq ölkələri və xalqları məhvə sürükləyən qaniçən siyasəti, despotik
addımları heç zaman unudulmayacaq. Baydenin adı ilə bağlı olan biabırçı miras
hələ uzun illər Amerikanı təqib edəcək və onun üçün rəzil damğaya çevriləcək.
Əli İraqda, Liviyada, Suriyada və digər qaynar bölgələrdə axan qana batan
Bayden bu gün Qəzzada, Livanda baş verənlərin əsas məsul şəxsidir. O və
administrasiyası müxtəlif ölkələrdə vətəndaş qarşıdurması yaradıb, minlərlə
insanın həyatına son qoyub, ölkələri dağıdıb, sonra Əfqanıstanda olduğu kimi,
taleyin ümidinə buraxıb qaçıblar. Əhalisinin yarıdan çoxunun miqranta
çevrildiyi, həlak olduğu Ukrayna dövlətini və xalqını məhvə sürükləyən də məhz
Bayden və onun administrasiyasıdır. Yəqin ki, bir neçə ay sonra Ukraynanı da
Əfqanıstan kimi taleyin ümidinə buraxıb qaçacaqlar.
Bəs Bayden necə oldu ki, prezident seçildi? ABŞ “demokratiyası”nın və
“ədalətli seçki təcrübəsi”nin onilliklərə əsaslanan bu “nailiyyətini” sonuncu
dəfə 4 il öncə gördük. Səsvermə məntəqələrində, seçici bülletenlərində qalib
gələn D.Tramp poçtla göndərilən, mənşəyi və mənbəyi naməlum “səs”lərlə məğlub
edildi. ABŞ-nin son üç onillikdə ən böyük iqtisadi artımına nail olan və
kifayət qədər böyük elektorat qazanmış namizəd öz vətəndaşları tərəfindən
“sarsaq qoca” adlandırılan siyasi marionetə uduzduruldu.
Dünyanın ən qalmaqallı seçki qaydalarına və ən qaranlıq seçki təcrübəsinə
malik ABŞ-də əsas kimin səs verməsi deyil, əsas məsələ sistemin qutusundan
kimin çıxmasıdır. ABŞ “demokratiya”sı məhz budur.
ABŞ-nin idarəçilik sistemi indi “arzuedilməz namizəd”in siyasi nüfuzunu yox,
birbaşa həyatını hədəfə götürüb. İnformasiya terroru, bütün hüquq sisteminin
hücumu, ard-arda məhkəmələr fayda vermədi və sonda fiziki terror vasitələri işə
düşdü. D.Tramp ona qarşı törədilən hər üç terror cəhdinin arxasında Ağ Evin
qara planlarının dayandığını bildirir və bunu faktlarla sübut edir. Kosmosdan
Marian çökəkliyinədək hər yeri nəzarətdə saxlayan ABŞ-nin təhlükəsizlik
strukturlarının, istintaq orqanlarının iki ay ərzində törədilən 3 terror
hadisəsinin sifarişçilərini hələ də “müəyyənləşdirə” bilməməsi Trampın
ehtimallarının real fakt olduğunu təsdiqləyir. Üstəlik, birinci sui-qəsddən
sonra ABŞ Məxfi Xidmətinin rəhbəri xanım Kimberli Çitlin Nümayəndələr
palatasının Nəzarət Komitəsinin keçirdiyi dinləmələrdə müəmmalı çıxışından
sonra qanunvericilərin onu istefaya çağırması və xanımın növbəti gün istefa
verməsi məsələnin arxasında çox ciddi məqamların durduğunu deməyə tam əsas
yaradır.
ABŞ-də seçkiləri nə qədər saxtalaşdırsalar da, Baydenlə qələbənin
mümkünsüzlüyünü anlayan sistem ortaya Kamala Harrisi çıxarmaqla “saray
çevrilişi”ndən belə çəkinmədi. Harris partiyadaxili ilkin seçkidə belə iştirak
etmədi, bu prosesə qatılsaydı, yəqin, heç ilk beşliyə belə düşməyəcəkdi.
Azərbaycana qarşı hücumların əsas mövzularından biri də COP29-la bağlıdır.
Bakı məlum sammitə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının üzvü
olan 198 ölkənin rəyi ilə, elə ABŞ-nin da öz razılığı ilə ev sahibliyi edəcək.
Bir neçə gün öncə ABŞ Prezidentinin Beynəlxalq İqlim Siyasəti üzrə baş müşaviri
Con Podestanın Prezidentİlham Əliyevin qəbulunda olarkən Azərbaycanın COP29-a
hazırlığını yüksək qiymətləndirmişdi və qeyd etmişdi ki, hazırlıq üçün vaxtın
az olmasına baxmayaraq, Azərbaycan heyəti tərəfindən yüksək peşəkarlıq nümayiş
etdirilir.
İstənilən ölkəyə, şirkətə, şəxsə qarşı çirkin qarayaxma kampaniyasında öndə
gedən “Washington Post” isə hesab edir ki, Azərbaycan neft ölkəsi olduğundan,
iqlimə, ətraf mühitə zərər verdiyindən COP-a ev sahibliyi edə bilməz. Bu gülünc
iddianın maraqlı məqamı ondan ibarətdir ki, bunu neft və qaz hasilatını
günü-gündən genişləndirən, iqlimi ən çox çirkləndirən, amma bu problemin
həllinə ən az vəsait ayıran dövlətin əsas ruporu səsləndirir.
Faktlara nəzər salaq. Ötən il ABŞ gündə 13.1-13.3 milyon barel neft hasil
edib. Nəzərə alsaq ki, bu ölkə qaz hasilatı sahəsində dünyada lider
mövqelərdədir, onun ekologiyanın çirkləndirilməsi və qlobal istiləşmədə nə
dərəcədə yüksək payı olduğu aydın görünür. 2023-cü ildə ABŞ 86 milyon ton
sıxlaşdırılmış qaz ixrac edib ki, bu da onun dünyada 1-ci yerdə qərarlaşdığını
göstərir. İstər OPEC, istərsə də bp kimi enerji nəhənglərinin araşdırmalarında
Amerika təbii qaz hasilatı sahəsində neçə illərdir siyahıya liderlik edir.
2024-cü ilin məlumatına görə, Azərbaycanın karbohidrogen hasilatından dünya
üzrə karbon emissiyası cəmi 0.01 faizdir. ABŞ-də isə karbon emissiyası
ümumdünya göstəricisinin 14.4 faizini təşkil edir. ABŞ 27 Avropa İttifaqı
ölkəsindən (cəmi 4.9 faiz) 3 dəfə çox karbon emissiya edir. ABŞ ekologiyaya
Azərbaycandan 1440 dəfə çox ziyan vurur!
İndi Azərbaycana qarşı belə hədsiz ittiham səsləndirmək, əlbəttə ki, nadanın
həyasız cəsarətidir! Ümumiyyətlə, ABŞ ekologiya, eləcə də demokratiya, insan
hüquqları baxımından Azərbaycana irad bildirəcək, yaxud məsləhət verəcək ən
sonuncu ölkədir!
Azərbaycanın ev sahibliyi etdiyi bütün mühüm tədbirlər – “Avroviziya”, Avropa
Oyunları, İslam Oyunları, “Formula-1” yarışları ərəfəsində də şər, böhtan
kampaniyaları həyata keçirilib, amma onların heç bir təsiri olmayıb. Necə ki,
bu rəzil isterikanın da heç bir təsiri olmayacaq. Azərbaycan COP29-a layiqli ev
sahibliyi edərək onunla düşmənçilik edənlərə növbəti dəfə gözdağı verəcək.
Təəssüf ki, Bayden administrasiyası diqqəti ölkəsinin problemlərinin həllinə,
siyasi terrorun qarşısının alınmasına, demokratik seçkinin keçirilməsinə
yönəltməkdənsə, dünyanı qarışdırmağa, ölkələri qan içində boğmağa üstünlük
verir, əli çatmayan Azərbaycan kimi ölkələri də informasiya müharibəsinin
hədəfinə çevirir.
Görünür, ABŞ administrasiyası, hakimiyyət dairələri reallıq hissini tam
itirib, Bayden sayıqlığını itirdiyi kimi… ABŞ-nin görməzdən gəldiyi reallıq
odur ki, Azərbaycan COP29 vasitəsilə dünyaya onun böyük ehtiyac duyduğu sülh və
əməkdaşlıq mesajı verir. Artıq dünya ABŞ-nin maneələrinə rəğmən bu mesajı böyük
hörmət və minnətdarlıqla alır!
ABŞ vətəndaşları isə sabahları ilə bağlı son sözü noyabrın 5-də bildirəcəklər.
Ya hamının dostu olacaq güclü dövləti, yaxud hamının düşməni olan “jandarm
ölkə”ni seçəcəklər.
“Azərbaycan” qəzeti