f6cb2ea5-a579-4bc1-a9f1-62ae58cbb553..jpg

Baydenin Kiyev səfərindəki qatlar – ŞƏRH

Baxış sayı: 850 dəfə baxılıb.

Baydenin Kiyev səfərindəki qatlar – ŞƏRH

ABŞ Prezidenti Co Bayden Ukraynadakı müharibənin birinci ildönümü ərəfəsində
Kiyevə səfər edərək həmkarı Volodimir Zelenski ilə görüşdü.

Cənab Bayden Zelenski ilə Kiyev küçələrində addımlayarkən hava hücumu ilə
bağlı həyəcan siqnalı səslənib, hərçənd ki, Rusiyanın raket və ya dron
hücumları ilə bağlı əvvəlcədən heç bir məlumat verilməyib.

Bu sirena səsləri Rusiyanın Kiyevə genişmiqyaslı hücumunu simvolizə edir, yəni
inanmaq çətindir ki, Bayden Ukrayna paytaxtında olarkən Rusiya oranı bombardman
etsin.

Adətən bu cür səfərlərdə rəqib tərəflərə məlumat verilir, kəşfiyyat bütün
informasiyaları incələyərək risk faktorlarını müəyyənləşdirir. Yəni Bayden
Kiyevdə olarkən Rusiya oranı atəşə tutmaz və ya belə bir həmlədən çəkinər.

Bayden Kiyevə müharibədən sonra ilk dəfədir gəlir, bir növ qınaqlara cavab
olaraq bu addımı atır və ölkəsinin Ukraynanın yanında daimi olacağını vəd edir.

Ancaq simvolik hissələri çıxsaq, yerdə qalan reallıqda məsələ bir qədər
qəlizdir, çünki ABŞ-nin Ukraynaya hərbi yardımının bir limiti olacağı fikirləri
də az deyil.

Onu da qeyd edək ki, Ukraynadakı müharibənin uzanması fonunda ABŞ Konqresi
Prezidentlik təsisatını sorğulaya və Kiyevə hərbi yardım kampaniyasını kəsməyə
çağırış edə bilər.

Bayden administrasiyası bunun baş verməməsi üçün Ukraynadakı qələbə
nəzəriyyəsini praktiki şəkildə elə göstərməlidir ki, nə ölkəsi ziyanlar
girdabına düşsün, nə də vəziyyət nüvə müharibəsi həddinə çatsın.

Bayden müharibədə NATO-nun həmrəyliyinə nail olmalıdır, hərçənd ki, bu
məsələdə ABŞ-dən çox Böyük Britaniya böyük həvəslə çalışır.

Ancaq NATO-nun təbiəti yalnız Alyans ölkələrindən birinə hücum olacağı
təqdirdə vahid müdafiə tədbirlərini aktual edir. Yəni, Ukrayna NATO üzvü
olmadığından Rusiyanın hücumlarının miqyası Qərbi yoranda, o, tək qala bilər.

Hələ bu hədd yetişməyib, lakin Ukraynadakı döyüş meydanı Rusiyanın xeyrinədir.
Rusiya Ukraynanın əhəmiyyətli ərazilərini işğala məruz qoyub və cəbhə xəttini
öz şərtləri ilə dondurmağa cəhd edir. Bu, nə Qərb, nə də Ukrayna üçün məqbuldur.

Ona görə də, Ukrayna lideri Zelenskinin qətiyyəti ABŞ və onun müttəfiqlərini
müharibənin nəticələrinə təsir etmək üçün variantlar axtarışına çıxarır.

Ukraynanı silahlandırmaq, onu kəşfiyyat məlumatları ilə təmin etmək və
genişhəcmli maliyyə yardımları ayırmaq Qərb üçün ən məqbul variant kimi görünür.

Baydenin Kiyevə səfəri hərbi yardım paketində yeni ixracı stimullaşdıracaq,
ABŞ liderinin Ukraynaya 500 milyon dollar dəyərində silah tədarükü ediləcəyini
deməsi belə söyləməyə imkan verir.

Son həftələrdə Ukraynanın şərq cəbhəsində taktiki irəliləyişlər əldə edən
Rusiya indi genişmiqyaslı əks-hücum əməliyyatları ilə üzləşəcək.

Burada kimin qalib, kimin məğlub çıxacağını müəyyən etmək çətindir, çünki
tərəflərin məqsədləri dəyişməyib, Qərb isə Ukraynaya yardımlarını davam etdirir.

Zelenski isə Ukraynanı əmin etmək istəyir ki, Baydenin səfərinin nəticələri
döyüş meydanında hiss olunacaq.

Rusiya isə genişmiqyaslı əks-hücum əməliyyatları riskinə qarşı İran və Çinlə
açıq-gizli hərbi-texniki əməkdaşlıq xəttini yüksəltməkdə israrlıdır.

Aqşin Kərimov

Source link