c0f473c7-5de5-4aa8-9dff-dae3127686e1..jpg

Baydenin səfərlərinə əsəbi reaksiya: Putin 2012-ci il tarixli sənədi qüvvədən saldı – TƏHLİL

Baxış sayı: 761 dəfə baxılıb.

Baydenin səfərlərinə əsəbi reaksiya: Putin 2012-ci il tarixli sənədi qüvvədən
saldı – TƏHLİL

Vladimir Putin “Rusiyanın xarici siyasətinin həyata keçirilməsi tədbirləri”
haqqında 2012-ci il tarixli fərmanı ləğv edib.

Putinin qərarı Ukraynadakı müharibə fonunda Rusiyanın ABŞ ilə kəskinləşən
münasibətlərinin perspektiv xarakterini açmağa yardımçı olacaq.

Bu, Rusiyanın imperiya ambisiyalarını həyata keçirmək üçün əlavə
stimullaşdırıcı tədbirlər kompleksinə təkan verə bilər.

Çünki əvvəlki sənəddə Rusiyanın beynəlxalq hüquqa, ölkələrin ərazi bütövlüyünə
hörmət əlaməti olan məqamlar var idi, hərçənd ki, onun qüvvəsi elə kağız
üzərinə tökülmüş mürəkkəbdən o yana keçmirdi.

2012-ci il fərmanında Moldovanın ərazi bütövlüyünün toxunulmazlığı fonunda
digər ölkələrin suverenliyinin vacibliyi bildirilirdi, indi isə o sənəd hüquqi
qüvvəsini itirdiyindən deyə bilərik ki:

1. Rusiya Moldovanı tutmaq qərarını qətiləşdirir,

2. Rusiya postsovet ölkələrində təsirlərini artırmaq üçün yeni mexanizmlər
hazırlayır.

Putin sənədin arxivə göndərilməsini beynəlxalq münasibətlərdə yaranmış dərin
dəyişikliklər şəraitində Rusiyanın milli maraqlarının təmin edilməsi məqsədi
daşıdığını bildirir.

Rusiya liderinin addımını ABŞ Prezidenti Co Baydenin Ukraynaya və Polşaya
səfərinin Ağ Ev tərəfindən müəyyən edilən perspektivlərinə əsəbi reaksiya kimi
başa düşmək olar.

Rusiyanın Moldovanı əsarətə altında inildətmək planı yeni deyil və bu risk
davam etməkdədir.

Ancaq bu planların həyata keçirilməsi Ukraynadakı müharibənin inkişafından
asılıdır.

Baydenin Putinə mesajlarındakı ABŞ-nin qlobal siyasətdəki mühafizəkar tonunu
göstərməsinə Rusiya daha da irəli getməklə cavab vermək niyyətindədir.

Bu cavabın oxları Moldovaya tuşlanır və Kreml bir neçə ssenarini təhlil edir.
Böyük ehtimalla Rusiya Ukraynanın cənub cinahından keçərək Moldovaya doğru
irəliləmək istəyir. Məqsəd Moldovanın münaqişə zonası olan Dnestryanı regionu
ilə quru dəhlizi yaratmaq, hərbi əməliyyatları buradakı separatçılarla
koordinasiya etməkdir.

Lakin Rusiya bunun üçün Ukraynanın Odessa, Nikolayev vilayətlərini tutmağı
bacarmalıdır, hərçənd ki, Ukrayna cəbhəsinin cənub oxu Rusiya üçün xeyli
problemlər vəd edir.

Baydenin səfərlərindən sonra Ukraynanın cənub istiqamətində həlledici
əks-hücum əməliyyatlarına başlaması aktuallıq qazanır, hərçənd ki, indi həmin
ərazilərdə diqqətçəkəcək hərbi hərəkətlilik müşahidə edilmir.

Hər halda, Rusiyanın kartları Moldovaya qarşı oynayacağı şübhələri
çoxalmaqdadır, Kremlin Moldovadakı hakimiyyəti devirmək təşəbbüsləri həmin
planların meydanda verilən “müjdəsidir”.

Ancaq Rusiyanın revanşist və imperialist ambisiyalarını alt-üst etməyi
müqəddəs vəzifə sayan ABŞ-Britaniya cütlüsünün kontur tədbirləri mövcud olmamış
deyil.

Görünür ki, nə NATO Rusiyanı, nə də Rusiya NATO-nu total məğlubiyyətə düçar
etmək sevdasından əl çəkib, lakin bunun təzahürləri başqa-başqa regionlarda
dramatik mənzərələrin yaranmasına gətirib çıxaracaq.

Hadisələrin qığılcımları Cənubi Qafqaz regionuna da sıçrayıb bu bölgədəki
“tezalışan maddələr”i alovlandıra bilər.

Rusiyanın nişangahındakı ölkə Ermənistandır, buna görə də, proseslərdən ən çox
İrəvanın ziyan çəkməsi gözləniləndir.

Aqşin Kərimov

Source link