Bayram gecəsi araq içib səs-küy saldı, həbs edildi
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Naxçıvanda Yeni il gecəsi xırda xuliqanlıq əməlinə yol vermiş şəxs həbs edilib.
“Qafqazinfo” xəbər verir ki, hadisə Naxçıvan Muxtar Respublikasının Şahbuz
şəhərində baş verib. Şəhər sakini polisə müraciət edərək yaşadığı binanın 1-ci
mərtəbəsində yaşayan 1976-cı il təvəllüdlü Əhməd Tahirovun (şərti) sərxoş
vəziyyətdə səs-küy saldığını və təhqiramiz ifadələr işlətdiyini bildirib.
Hadisə ilə bağlı Şahbuz RPŞ-də araşdırma aparılıb və Ə.Tahirov barəsində
İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) maddəsi ilə protokol
tərtib edilib. Saxlanılan şəxs barəsindəki protokola baxılması üçün məhkəməyə
göndərilib.
Şahbuz Rayon Məhkəməsində keçirilən iclasda 48 yaşlı kişi peşman olduğunu
deyib:
“Dekabrın 31-də Yeni il bayramında tək yaşadığım evdə bir litr araq qəbul
etmişdim. Həmin vaxtdan sonra nə etdiyimi xatırlamıram. Yanvarın 1-də məni
polis bölməsinə apardılar, bir gün saxladıqdan sonra buraxdılar. Lakin yanvarın
3-də yenidən şöbəyə çağırdılar. Tutduğum əməldən peşmanam, bir daha spirtli
içki qəbul etməyəcəyəm, belə hallara da yol verməyəcəyəm”.
Zərərçəkən şəxs isə Ə.Tahirovun daha əvvəl də sərxoş halda xuliqanlıq əməlləri
törətdiyini bildirib.
Şahbuz Rayon Məhkəməsinin qərarı ilə saxlanılan şəxsə 10 sutka inzibati həbs
cəzası verilib.