Bazar və təbii inhisar subyektlərində yoxlamaların keçirilməsi qaydaları ilə
bağlı FƏRMAN
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycanda Rəqabət Məcəlləsinə uyğun olaraq rəqabət orqanı
inhisar subyektlərində yoxlamaların keçirilməsi qaydaları müəyyən ediləcək.
Bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Azərbaycan Respublikası
Rəqabət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi
tənzimləmə haqqında” qanunun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin
tənzimlənməsi barədə” Fərmanda əksini tapıb.
Sənədə əsasən, Nazirlər Kabineti altı ay müddətinə bu qaydaları Prezident ilə
razılaşdırmaqla təsdiqləməlidir.
Eyni zamanda, Nazirlər Kabineti
– Rəqabət Məcəlləsinə uyğun olaraq, rəqabət komissiyasının yaradılması,
tərkibi, rəqabət komissiyası tərəfindən işlərə baxılması və qərarların qəbul
edilməsi qaydalarını;
– bu Məcəllə ilə müəyyən edilmiş vəsaitin bölgüsü və ondan istifadə qaydasını;
– bu Məcəllə əsasında sazişlərin rəqabət qanunvericiliyinə uyğunluğunun
təsdiqlənməsi qaydalarını;
– rəqabət orqanı ilə razılaşdırmaqla Azərbaycan Mərkəzi Bankının təklifi
əsasında maliyyə institutlarının hökmran mövqeyinin müəyyən edilməsi şərtlərini
(bazar payının hədləri və müəyyən edilməsi meyarları);
– hökmran mövqedən sui-istifadənin obyektiv zəruriliyinin və səmərəliliyinin
qiymətləndirilməsi qaydalarını;
– rəqabət orqanı ilə razılaşdırmaqla Azərbaycan Mərkəzi Bankının təklifi
əsasında maliyyə bazarlarında təmərküzləşmədə iştirak edən maliyyə institutları
tərəfindən rəqabət orqanından razılıq alınmasını şərtləndirən meyarları
(təmərküzləşmədə iştirak edən maliyyə institutlarının aktivlərinin ümumi
dəyəri, ümumi dövriyyəsinin həcmi);
– İqtisadiyyat Nazirliyinin təklifləri əsasında təbii inhisar subyektlərinin
siyahısını və digər sənədləri dörd ay müddətinə təsdiq edib Prezidentə məlumat
verməlidir.