Havaların isinməsi paytaxtın bazarlarına rəngarənglik gətirərək, piştaxtalarda məhsulların çeşidini artırıb.
Belə ki, artıq bazarlarda mövsümi meyvələrdən çiyələk və alça, tərəvəzlərdən isə xiyar, pomidor, təzə kartof, badımcan, bibər, qarpız satışdadır. Bu məhsulların qiymətlərini öyrənmək üçün üz tutduq paytaxt bazarlarına.
Bazarın qiymət “çempionu” pomidordur
Əvvəlcə tərəvəzlərin qiymətləri ilə maraqlandıq. Məlum oldu ki, yaşıl bibər 4 manat, rəngli bibərlər 6 manat, acı bibərin kiloqramı 7 manat, lobya 4 manat, badımcan 1,50-2 manat, pomidor 4-5 manat, təzə kartof 1,5-2 manat, xiyar 1,5 manat, soğan 0,50 manat təşkil edir. Qara üzüm yarpağının kiloqramı 6 manata, ağ üzüm 3 manata təklif olunur.
Sözügedən məhsulların ötənilki mövsümi qiymətlərini müqayisə etməyə çalışdıq. Bu yöndə suallarımızı cavablandıran satıcı pomidorun qiymətinin baha olduğunu dedi. O əlavə etdi ki, bazarda yerli məhsullar artdıqca, qiymətlər də enəcək:
“Hazırda satılan pomidorlar istixanada yetişdirilib və Türkiyədən idxal edilib. Ümumiyyətlə, vaxtından tez bazarda yer alan məhsullar, əsasən, xaricdən idxal edilən və istixanalarda yetişdirilən məhsullardır.
Son iki ildə fermerlər məhsullarını, əsasən, Rusiya bazarında satmağa çalışırlar, nəinki yerli bazarda. Ona görə pomidor yay aylarında belə iki manatdan aşağı düşmür”.
Göycə, çiyələk, qarpız
Yay meyvələrindən hələlik bazarda ancaq göycə, çiyələk və qarpıza rast gəlmək olar. Qonşu ölkələrin bazarlarında qiyməti “ceyran belinə” yüksələn gilas isə yerli istehlak bazarında yoxdur.
Konkret məhsul çeşidləri üzrə qiymətlərə gəlincə, nübarlıq göycənin kiloqramı 6 manat, çiyələyin kiloqramı 6-8 manat təşkil edir. Əriyin kiloqramı isə 12 manatdan satılır.
Qarpızın kiloqramı 4 manatdır. Satıcıların sözlərinə görə, qarpız, əsasən, İrandan gətirilir.
Almanın kiloqramı 2,4 manat, armud 4 manatdır.
Ağartı məhsullarına gəlincə, 1 litr süd 1 manat, qoyun pendirinin kiloqramı 10-12 manat, motal pendiri 32 manat, şor 6 manata təklif olunur.
Bazarda kənd toyuğunun kiloqramı 6 manat, mal əti 11, qoyun ətin 12 manatdan satılır.
Öyrəndik ki, bu mövsüm qiymətlər ötənilkindən baha olacaq. Belə ki, bu il məhsuldarlıq elə də yüksək deyil.
Leyla Əliyeva
www.ÇıxışYolu.Com