Məşhur veteran futbolçular – isveçli Zlatan İbrahimoviç və ingiltərəli Devid Bekhem ölkələrinin dünya çempionatında keçirəcəkləri ¼ final qarşılaşmasının nəticəsinə görə mərcə giriblər.
ÇıxışYolu.Com xəbər verir ki, mərcin şərtlərini İbrahimoviç “Instagram”da qeyd edib.
İsveç İngiltərəni məğlub edəcəyi təqdirdə, Bekhem isveçlinin Loc-Ancelesdəki evi üçün bütün lazım olan əşyaları “Ikea”dan alacaq. Əks nəticə qeydə alınsa, o zaman İbrahimoviç İngiltərə millisinin “Uembli” stadionundakı oyununa komandanın formasında gələcək və “qızarmış balıq və çipslərdən həzz alacaq”.
İsveç – İngiltərə görüşü bu gün, iyulun 7-də Bakı vaxtı ilə 18:00-da start götürəcək. Qələbə qazanan tərəf yarımfinalda Rusiya – Xorvatiya cütlüyünün qalibi ilə üz-üzə gələcək.