Bellator-da döyüşən ilk azərbaycanlı: Orada azı daha bir döyüşüm olacaq

Baxış sayı: 2. 457 dəfə baxılıb.

Xəbər verdiyimiz kimi, azərbaycanlı MMA döyüşçüsü Cəmil İbrahimov UFC-dən sonra ikinci dünyaca məşhur turnir olan Bellator-da yarışıb.

ÇıxışYolu.Com xəbər verir ki, o, İsrailin paytaxtı Təl Əvivin Menora Mivtaçim Arenasında keçirilmiş Bellator 209 yarışında yerli idmançı Ceki Qoşla qarşılaşıb və onu 1.36 dəqiqəyə məğlub edib.

Bu münasibətlə ona tribuna verdik. 26 yaşlı idmançımız bunun karyerasında ikinci peşəkar döyüş olduğunu bildirib:

“Bu, Bellator-da birinci döyüşüm idi. Amma karyeramda ikinci dəfə beynəlxalq döyüşə çıxırdım. Şükürlər olsun ki, ikinci döyüşümdə də qalib gəldim”.

Bellator-da döyüşən ilk azərbaycanlı: Orada azı daha bir döyüşüm olacaq

Rinqdə Bakıdan olduğunu desələr də, TV şərhçisi onun Almaniyada doğulduğunu bildirdi. Cəmildən bu məsələni dəqiqləşdirmək qərarına gəldik:

“Özüm Bakıda doğulmuşam. Sadəcə olaraq bir neçə ay Almaniyanın Hamburq şəhərində yaşamışam. İlk peşəkar döyüşümü də 2015-ci ildə elə Almaniyada yerli idmançı Tomas Heberə qarşı keçirmişdim. MMA döyüşləri üzrə sherdog.com saytı var. Orada səhvən mənim Almaniyanın Ziqen şəhərindən olduğum yazılıb. Ona görə də elə bilirlər ki, Almaniyada doğulmuşam. Bu səhv məlumatı dəyişmək üçün gərək sayt idarəçilərinə məktub yazım”.

Bellator-da döyüşən ilk azərbaycanlı: Orada azı daha bir döyüşüm olacaq

Bellator-da döyüşən ilk azərbaycanlı olan Cəmil İbrahimov bu turnirə necə dəvət almasından və orada minimum daha bir döyüşə çıxmaq imkanının olmasından danışıb:

“Təəssüf ki, Bellator-da bu günədək məndən başqa azərbaycanlı döyüşməyib. Mənim məşqçim və Gənclər və İdman Nazirliyinin MMA üzrə nümayəndəsi Şiraslan Kərimov beynəlxalq menecerlərlə əlaqə saxlayırdılar. Sadəcə menecerlər azərbaycanlı döyüşçülər haqda çox məlumatlı olmadıqlarından marketinq baxımından mənə maraq göstərmirdilər.

Amma danışıqlar davam edirdi. Sonda bəxtimiz gətirdi və Təl-Əvivdə döyüşmək təklifi aldım. Bağladığım müqavilə 1+1 idi. Yəni qalib gəlsəydim, növbəti döyüşə çıxmaq imkanı da əldə edəcəkdim. Qalib gəldiyimə görə, Bellator-da növbəti döyüşüm də olacaq. Amma nə vaxt və rəqibin kimliyi hələ bilinmir. Əgər həmin döyüşdə də qalib gəlsəm, tam müqavilə bağlayacağam. Bu dəfə orada iki il ərzində dörd döyüşə çıxmaq imkanım olacaq”.

Səbuhi MUSAYEV
www.ÇıxışYolu.Com