Belqoroddan uşaqların təxliyəsinə başlanıldı
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Rusiyanın Belqorod vilayətinin atəşə tutulan rayonlarından olan uşaqların ilk
qrupu sağlamlıq düşərgələrində dincəlmək üçün Penzaya yola salınıb.
Bu barədə Belqorod qubernatoru Vyaçeslav Qladkov məlumat verib.
“Bu gün biz uşaqlarımızın ilk qrupunu Penzaya göndərdik. Qrayvoron və Şebekino
şəhər dairələrindən, Belqorod rayonundan, həmçinin Belqorod şəhərindən olan
oğlan və qızlar uşaq sağlamlıq düşərgələrinə istirahətə yollandılar”, – deyə o
bildirib.
Qladkov vurğulayıb ki, uşaqlar və onları müşayiət edən şəxslər, o cümlədən
həkimlər, müəllimlər və regional Təhsil Nazirliyinin nümayəndələri üçün ayrıca
qatar ayrılıb. Səfər müddətində uşaqlar tam şəkildə isti yeməklərlə təmin
olunacaqlar.
Qubernator köməyə görə Penza vilayətinin rəhbəri Oleq Melniçenkoya
minnətdarlığını bildirib. “Biz razılaşdıq ki, hələlik uşaqlar üç həftə
müddətinə qəbul olunacaq, lakin lazım gələrsə və valideynlər razılıq verərsə,
cari tədris ilinin sonuna qədər tətil uzanacaq”, – deyə o əlavə edib.
Xatırladaq ki, Belqorod vilayətinin hakimiyyət orqanları doqquz minə yaxın
uşağın digər bölgələrə təxliyə edilməsi ilə bağlı qərar verib. Buna səbəb
bölgənin Ukrayna Silahlı Qüvvələri tərəfindən atəşə tutulmasıdır. Martın 22-də
1,2 min uşağın Penza, Tambov və Kaluqaya, daha sonra Stavropol diyarına yola
salınması nəzərdə tutulub.
Mənbə: TASS