Beqmırat Allakbayev: “SPECA ölkələri arasında məlumat mübadiləsinin
rəqəmsallaşdırılması vacibdir”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“SPECA (BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi
Proqramı) ölkələri arasında məlumat mübadiləsində rəqəmsal transformasiyanın
təmin olunması vacibdir”.
“Report” xəbər verir ki, bunu Türkmənistanın maliyyə və iqtisadiyyat nazirinin
müavini Beqmırat Allakbayev bu gün Bakıda keçirilən SPECA-nın Rəhbər Şurasının
18-ci sessiyasında deyib.
Onun sözlərinə görə, bu, sərhəddə qeyri-tarif baryerlərin aradan
qaldırılmasına imkan yaradacaq.
“SPECA-nın cari ildəki fəaliyyəti çox məhsuldar və aktual oldu. Bu bizim
regional əməkdaşlığın gücləndirilməsinə yönəlib. Bununla belə, gələn illər
ərzində bir sıra məsələlərin həllinə ölkələrimizin əlaqələndirilmiş yanaşmaları
mühüm əhəmiyyət kəsb edir. Bura qarşılıqlı əlaqələrin gücləndirilməsi, ticarət
prosedurlarının sadələşdirilməsi, sərhəd-keçid məntəqələrinin
təkmilləşdirilməsi, inzibati maneələrin azaldılması daxildir. Son illər ərzində
SPECA çərçivəsində əməkdaşlığın mühüm məsələləri su, enerji ehtiyatlarının
idarə edilməsi, ətraf mühitin qorunması, innovasiyalara keçid, dayanıqlı
inkişaf üzrə texnologiyaların, müxtəlif sahələrdə rəqəmsal formatın, dayanıqlı
nəqliyyat və tranzit bağlantılarının tətbiqi daxildir. Həmçinin, gender
siyasəti və Dayanıqlı İnkişaf Məqsədlərinin icrasına diqqət yetirilir”, – deyə
o qeyd edib.
Proqramın əhəmiyyətini önə çəkən nazir müavini SPECA-nın Mərkəzi Asiya və onun
hüdudlarından kənarda çox effektiv regional əməkdaşlıq platformasına
çevrildiyini vurğulayıb:
“Proqram regional inkişafa müsbət təsir edir, qarşılıqlı iqtisadi fəaliyyəti
təkmilləşdirir və əsas iqtisadi və ekoloji istiqamətlər üzrə əlaqələri daha da
genişləndirir”.