Futbol üzrə Azərbaycan Premyer Liqasında 1-ci dövrə başa çatıb. Doqquz turdan
sonra son çempion “Qarabağ” 21 xalla zirvədədir. İkinci yerdə üç xal az
toplayan “Turan Tovuz” qərarlaşıb. İlk “3-lüy”ü 17 xalı olan “Araz-Naxçıvan”
qapayır. Eyni – 15 xala malik “Zirə” və “Sabah” növbəti pillələrdə
qərarlaşıblar. Bu mövsüm Premyer Liqaya qayıdan “Şamaxı” 6-cıdır. “Səbail” və
ötən mövsüm avrokuboklara vəsiqə qazanan “Sumqayıt” yeddi xalla 7-8-ci yerləri
bölüşdürürlər. Son pillələrdə isə ölkəmizin ən köklü klubları qərarlaşıblar.
“Neftçi” dörd xalla 9-cu, “Kəpəz” üç xalla 10-cudur.
Ümumiyyətlə, mövsüm kifayət qədər maraqlı davam edir və sürpriz nəticələrin
bolluğu ilə diqqət çəkir. Elə turnir cədvəlinə baxdıqda nə qədər
gözlənilməzliklər olduğu anlaşılır. Bu yazıda ümumi gedişat, uğurlular və
uğursuzluqlara da nəzər yetirəcəyik, ancaq əsas toxunacağımız məqam “Turan
Tovuz”un yenidən Azərbaycan futbolunda boy göstərməsidir.
“Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib.
Tovuz futbolunun dirçəlişi
Ümumiyyətlə, Tovuz ölkəmizin əsas futbol mərkəzlərindən hesab olunur. Təsadüfi
deyil ki, rayonun “Turan” klubu Azərbaycanda ilk peşəkar futbol klubu kimi
tarixə düşüb. Elə ölkəmizi avrokuboklarda təmsil edən ilk komanda da
“Turan”dır. Əsasən ötən əsrin sonlarında uğurlu olan “Turan” 1993/94 mövsümündə
çempion olmağı da bacarıb. Tovuzdan Nizami Sadıqov, Sakit Alıyev, Nizami
Ocaqverdiyev, Hüseyn Məhəmmədov, Nadir Nəbiyev, Elvin Məmmədov, Aqil Nəbiyev,
Rəhman Hacıyev, Ruslan Abbasov, Vurğun Hüseynov kimi futbolçular çıxıblar və
müxtəlif klublarımızın, milli komandamızın formasını geyiniblər.
Son illərdə Tovuz futbolu bir qədər kölgəyə çəkilsə də, “su gələn arxa bir də
gəlib”. Ötən mövsümdən “Turan Tovuz”a ayrılan maliyyənin artması ilə klubun
iddiası da yüksəldi. Kollektiv zaman-zaman yüksək pillələrdə yer alsa da,
yekunda 6-cı yerlə kifayətləndi. Bu mövsüm isə “bozqurdlar” daha iddialı
görünürlər. Komandanın ikinci pillədə qərarlaşması bunu deməyə əsas verir.
“Qarabağ”ı məğlub edən yeganə komanda Tovuz təmsilçisidir
“Turan Tovuz” ötən mövsüm Ayxan Abbasovun rəhbərliyi altında möhkəm kollektiv
təsiri bağışlamışdı. Eyni strategiyanın davam etdiriləcəyi və tədrici inkişaf
yolunun seçiləcəyi gözlənilirdi. Lakin yayda klub rəhbərliyi yerli mütəxəssislə
vidalaşdı. Onun yerinə isə tanınmış çalışdırıcı Kurban Berdıyev gətirildi. Daha
çox Rusiyanın “Rubin” klubundakı işi ilə məşhurlaşan təcrübəli mütəxəssisin
fəaliyyəti bu ana qədər uğurlu sayıla bilər.
“Turan Tovuz” cəmi bir dəfə məğlub olub ki, bu da “Qarabağ” və
“Araz-Naxçıvan”la birgə ən yaxşı üç göstəricidən biridir. Eyni zamanda, altı
top buraxan kollektiv burada da Ağdam klubu ilə zirvəni bölüşür. Üstəlik,
“Qarabağ”ı məğlub edən yeganə komanda da Tovuz təmsilçisidir.
Kurban nəyi dəyişib?
“Turan Tovuz”un nəticələrinin yaxşılaşmasını heyətin yenilənməsi ilə
əlaqələndirmək düzgün olmazdı. Əslində, qərb təmsilçisi bəzi əlavələr olmaqla
keçənilki futbolçularla mübarizə aparır. Kurban Berdıyev gözlənilənlərin
əksinə, heyəti tamamilə yeniləmək və öz istədiyi oyunçuları gətirmək yolunu
seçmədi. O, cüzi əlavələr etməklə komandanı daha möhkəm kollektivə çevirməyi
bacardı.
Əslində, oyun stili baxımından da Tovuz təmsilçisində böyük fərq yoxdur. Ayxan
Abbasov əks-hücum strategiyasını seçmişdi. Bəllidir ki, Kurban Berdıyevin
sevimli oyun üslubu da məhz budur. O, əks-hücum taktikası ilə “Rubin”in baş
məşqçisi kimi “Kamp Nou”da “Barselona”nı məğlub etmiş mütəxəssisdir. “Turan
Tovuz” onun rəhbərliyi altında baxımlı deyil, nəticəyə hesablanmış oyun
göstərir və bunu kifayət qədər yaxşı etməyi bacarır. Qapısının etibarlılığını
düşünən komanda anlayır ki, mütləq qol vurmaq şansı olacaq və olur da. Əsas
məsələ az fürsətdən maksimum yararlanmaqdır. Qərblilər bunu maksimum bacarırlar.
Sərt nizam-intizam
Kurban Berdıyevin tətbiq etdiyi sərt nizam-intizam qaydaları da komandaya
faydasını verir. Bu, özünü həm meydandan kənarda, həm də meydanda göstərir.
Tovuz təmsilçisi hesabdan asılı olmayaraq oyun ərzində öz sisteminə sadiq
qalır, futbolçular oyun nizamından qopmur, məşqçinin tapşırıqlarına sonadək
riayət etməyə çalışırlar.
Düzdür, “Turan Tovuz”un geniş heyəti yoxdur və uzun marafonda bu, komandaya
çətinlik yarada bilər. Lakin bir dövrəyə əsasən demək olar ki, komanda ilk
“üçlüy”ə, dolayısı ilə avrokuboklara əsas namizədlərdən biridir. Qış transfer
dövründə heyətə bəzi əlavələr edilməklə komandanı daha da komplektləşdirmək
mümkündür.
Digər komandalarda vəziyyət necədir?
Ümumilikdə ilk dövrəyə gəlincə, sürprizlər sırasında “Araz-Naxçıvan”ı qeyd
etmək lazımdır. Elmar Baxşıyevin komandasının ilk “üçlük”də olması çoxları üçün
gözlənilməzdir. Elə “Şamaxı” da yaxşı mənada təəccübləndirir. I Liqadan
yüksələn kollektiv rəqiblərinə başağrısı olmağı bacarır. Əsas məqsədi Premyer
Liqada mövcudluğunu qorumaq olan komanda orta sıralarda möhkəmlənməkdədir.
Mənfi mənada təəccübləndirənlər isə “Neftçi” və “Kəpəz”dir. Xüsusən,
“ağ-qaralar”ın doqquzuncu olması gözlənilməzdir. Təsadüfi deyil ki, hər iki
klub artıq mövsümə start verdiyi baş məşqçi ilə vidalaşıb. Uğursuzlar sırasında
“Səbail” və “Sumqayıt”ı da daxil etmək olar. “Zirə” və “Sabah” isə ötən mövsüm
olduğu kimi iddialarını davam etdirirlər. Lakin “Turan Tovuz”, “Araz-Naxçıvan”
kimi komandaların da güclənməsi onlar arasında rəqabəti artırıb. “Qarabağ” isə
liqanın aşkar favoritidir.