21e2264c-9a84-45c1-a5c2-1beea9ab0465..jpg

Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində xalça sərgisi keçirilir – FOTO

Baxış sayı: 682 dəfə baxılıb.

Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində xalça sərgisi keçirilir – FOTO

Almaniyadakı səfirliyimiz və “Azərxalça” ASC-nin birgə təşkilatçılığı ilə
Berlində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycan
xalçalarının sərgisi təşkil edilib. Sərginin açılışı ilə bağlı təşkil olunmuş
tədbirdə Almaniyanın dövlət qurumlarının təmsilçiləri, xarici ölkələrin
səfirləri, KİV nümayəndələri, elm və mədəniyyət xadimləri, eləcə də Almaniyada
yaşayan Azərbaycan, türk və digər icmaların üzvləri iştirak ediblər.

Bu barədə Azərbaycanın Almaniyadakı səfirliyindən məlumat verilib.

Açılışda çıxış edən Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev
Azərbaycanda xalçaçılıq sənətinin qədim tarixə malik olduğunu, usta
xalçaçıların bu sənətin incəliklərini gənc nəslə uğurla ötürdüyünü, ölkə
rəhbərliyinin bu sənətin inkişafına mühüm əhəmiyyət verdiyini qeyd edib.

“Azərxalça” ASC-nin İdarə Heyətinin sədri, əməkdar incəsənət xadimi Emin
Məmmədov tədbirdə çıxış edərək, təmsil etdiyi təşkilatın tarixindən söz açıb.
Sədr “Azərxalça” ASC-nin əsas məqsədinin xalçaçılıq ənənəsinin
qorunub-saxlanması və bu sənətin daha da inkişaf etdirilməsindən ibarət
olduğunu söyləyib. O, Azərbaycan xalq tətbiqi sənəti və onun bir qolu olan
xalçaçılığın xalqımızın milli mədəniyyəti tarixində özünəməxsus yer tutduğunu
vurğulayıb. E.Məmmədov sərgidə nümayiş olunan Qarabağ, Qazax, Naxçıvan, Şirvan
xalçaçılıq məktəblərinə aid olan xalçalardan bəhs edib.

Tədbirdə, həmçinin, Almaniyanın Azərbaycandakı səfiri Ralf Horleman çıxış
edib. Almaniya səfiri fəaliyyəti dövründə Azərbaycanda xalçaçılıq sənəti ilə
bağlı əldə etdiyi təəssüratı tədbir iştirakçıları ilə bölüşüb.

Sərgi zamanı qonaqlar üçün əsl Qarabağ xalçasının toxunma prosesi də nümayiş
olunub. Sərgi iştirakçılarına xalçada öz ilmələrini atmaq imkanı yaradılıb.
Qarabağ xalçasının toxunma prosesində iştirak edən hər kəsə “Azərxalça” ASC-nin
xüsusi sertifikatı da təqdim olunub. Tədbir çərçivəsində iştirakçılara,
həmçinin, Heydər Əliyev Fondu tərəfindən nəfis tərtibatda və alman dilində
hazırlanmış Azərbaycanda xalçaçılıq sənətindən bəhs edən kitablar və bröşürlər
paylanılıb, Azərbaycan xalçaçılıq sənətindən, eləcə də ölkəmizin tanınmış xalça
toxucularından bəhs edən film nümayiş olunub.

Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində təşkil olunan sərginin qapıları
sentyabr ayının sonunadək avropalı xalçasevərlər üçün açıq olacaq, sərgi
ziyarətçilərinə, həmçinin, Azərbaycan xalçaçılıq sənəti və məktəbləri barədə
məlumat veriləcək.

Source link