“Berliner Zeitung” nəşrində Cənubi Qafqaz regionundakı son hadisələrdən bəhs
edən məqalə yayımlanıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Almaniyanın “Berliner Zeitung” qəzetində Tomas Fazbenderin Cənubi Qafqaz
regionundakı son hadisələrdən bəhs edən məqaləsi dərc olunub.
AZƏRTAC xəbər verir ki, müəllif 1991-ci ildə süqut edən SSRİ-dən miras qalmış
dondurulmuş münaqişələrdən birinin Qarabağdakı xunta rejiminin kapitulyasiyası
ilə başa çatdığını və bunun Azərbaycan üçün yeni geosiyasi səviyyəyə çıxmaq
imkanı yaratdığını qeyd edib.
“Beynəlxalq hüquq nöqteyi-nəzərindən Azərbaycan qeyri-qanuni hərəkət etməyib.
Başqa sözlə, güclünün qanununu deyil, öz qanunlarını tətbiq edir. Bakı öz
ərazisində dövlət hakimiyyətini və bununla da Azərbaycanın ərazi bütövlüyünü
bərpa edib. Bu nöqteyi-nəzərdən onun hərəkətləri BMT Nizamnaməsinə uyğundur.
Azərbaycana qarşı beynəlxalq sanksiyalar, çox güman ki, mənasızdır və onları
hesaba almamaq lazımdır. Bu o deməkdir ki, paradoksal olsa belə, regionda
geridönüşü olmayan yeni proseslərin başladığını ehtimal etmək olar. Lakin bu
yeni başlanğıcdan ən çox Ermənistan qazana bilər”, – deyə məqalədə bildirilib.
Məqalədə bildirilib ki, Azərbaycan Prezidentinin köməkçisi – Prezident
Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev
Azərbaycan üçün münaqişənin hərbi fazasının dəqiq başa çatdığını qeyd edib.
Bakı Zəngəzur dəhlizinin eksterritoriallığına can atmır, söhbət yalnız
beynəlxalq hüquqa uyğun olaraq status-kvo əsasında avtomobil və dəmir
yollarının açılmasından gedir.
Ermənistan ilə razılığa gəlmək mümkün olmadığı təqdirdə Azərbaycanın ilə
Türkiyənin “B” planı hazırdır: İran ərazisindən Araz çayının sahili ilə
cənubdan və Ermənistan ərazisindən şimal marşrutuna paralel əlaqə.