Martın 9-11 tarixlərində Milli Məclisin (MM) Gənclər və idman komitəsinin təşəbbüsü və parlamentin dəstəyi ilə ilk dəfə olaraq beş ölkənin – Azərbaycan, Türkiyə, Ukrayna, Polşa və Latviyanın deputatları arasında beynəlxalq futbol turniri keçiriləcək.
ÇıxışYolu.Com-ın məlumatına görə, futbol yarışı Azərbaycan Xalq Cümhuriyyəti (AXC) Parlamentinin yaradılmasının 100 illiyə həsr olunub.
MM-in Gənclər və idman komitəsinin sədri Fuad Muradov bildirib ki, tədbirin keçirilməsinə parlament rəhbərliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Sənaye Palatası dəstək verib:
“Bildiyiniz kimi, ölkə prezidenti İlham Əliyevin Sərəncamı ilə 2018-ci il ölkədə “Cümhuriyyət İli” elan olunub və bununla bağlı Azərbaycanda bir sıra yüksək səviyyəli tədbirlərin keçirilməsi nəzərdə tutulur.
Onu da qeyd edim ki, 100 il öncə Şərq-Müsəlman aləmində çox mühüm tarixi hadisə baş verdi, Azərbaycan 1918-ci ilin mayın 28-də müstəqilliyini elan etdi, bundan cəmi bir neçə ay sonra isə Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti fəaliyyətə başladı.
Odur ki, beynəlxalq futbol turniri də Azərbaycan Xalq Cümhuriyyətinin və müstəqil Azərbaycan Parlamentinin 100 illiyinə bir töhfə olacaq”.
Komitə sədri onu da deyib ki, Azərbaycan artıq dünyanın futbol ölkəsinə çevrilib:
“Ölkəmiz Avropa Oyunlarına, Formula-1 yarışlarına, İslam Həmrəyliyi Oyunlarına və bir sıra digər nüfuzlu beynəlxalq idman yarışlarına uğurla ev sahibliyi edib. Bu, Azərbaycanımızın növbəti uğurudur. Hər sahədə böyük uğurlar, nailiyyətlər əldə edən ölkəmiz idmanda da böyük nailiyyətlərə imza atmaqdadır”.
Daha sonra turnirin püşkü atılıb. Püşkatmaya əsasən, A qrupunda Azərbaycan və Latviya, B qrupunda isə Polşa və Türkiyə qərarlaşıb. Beş komanda olduğu üçün püşkə əsasən, Ukrayna birbaşa yarımfinala vəsiqə qazanıb. B qrupunda qalib gələcək komanda yarımfinalda Ukrayna ilə qarşılaşacaq. A qrupunun qalibi isə birbaşa finala çıxacaq.
Bu gün saat 16:00-da Azərbaycan – Latviya oyunu ilə turnirə start veriləcək. Oyunun ardınca isə Polşa və Türkiyə qarşılaşacaq.
Kamil HƏMZƏOĞLU
www.ÇıxışYolu.Com