ba77d887-981d-49f4-9ed1-90b33faa5321..jpg

“Beş qəpik verib torba almaqdan utanmalısan” – Yeni “problem”ə “Kaspi”nin baxışı + FOTO

Baxış sayı: 869 dəfə baxılıb.

“Beş qəpik verib torba almaqdan utanmalısan” – Yeni “problem”ə “Kaspi”nin
baxışı + FOTO

Marketlərdə polietilen torbaların pulla satılması bir çoxlarının narazılığına
səbəb olub. İnsanlar bunun ciblərinə ziyan olduğundan gileylənirlər. Amma
yaranmış vəziyyətdən həm cibimizin, həm də təbiətin xeyrinə çıxmaq üçün
alternativ variantlar da var.

Mövzuyla bağlı “Kaspi”

qəzetinin məqaləsini təqdim edirik.

Bir müddətdir ki, marketlərdə polietilen torbalar pulludur. Kiçiyi 3, böyüyü 5
qəpiyə satılır. Mütəxəssislər alıcılara bu torbaları pulla almamağı, bazarlıq
üçün xüsusi torbalardan istifadə etməyi tövsiyə edir, “həm cibinizə xeyirdir,
həm də təbiətə” deyirlər. Bir neçə marketdə apardığımız müşahidələrə əsasən
deyə bilərik ki, insanların əksəriyyəti, xüsusilə də bəylər buna əməl etmirlər.
Kimisi bazarlıq üçün özü ilə xüsusi çanta götürməyi kompleks edir, kimisi də 5
qəpiyin az miqdar olduğunu düşünüb pulundan keçir. Bəs nə etməli? Ümumiyyətlə,
hazırda bazarda polietilen torbaların alternativi varmı?

“Polietilen torbalar nədir – bilmirdik”

Sovet dövründə bazarlıq üçün xüsusi zənbillər var idi. Daha çox isə kağız
paketlərdən istifadə olunurdu. Köhnə filmlərimizin bazar səhnələrində həmin
çantaları görmək olur. Sürəyya nənə deyir ki, “Qastronom”da nə alırdınsa,
kağıza büküb verirdilər:

“Bazarların girişində isə kağız paketlər 3-5 qəpiyə satılırdı. Demək olar ki,
hər kəsin evində həsir zənbillər var idi. Polietilen torbalar nədir –
bilmirdik”.

Həsir, toxunma, parça, kağız…

Bu gün dünyada polietilen torbalarla mübarizəyə başlanılıb. Artıq bir çox
ölkədə onlardan istifadə tamamilə ləğv edilib. Yenidən həsir zənbillər, parça
torbalar dövrünə qayıdırıq. Həm də bu yeni biznes növüdür. Artıq sosial
şəbəkələrdə torba toxuyanlar işlərini reklam edir, sifariş üçün ünvanlarını
yazırlar. Kişiyə, qadına, gənclərə, uşaqlara uyğun torbalar toxunur. Bu
torbaların qiyməti əl əməyi olduğu üçün ölçülərinə uyğun olaraq 5-25 manat
arasında dəyişir.
İkinci seçim kağız torbalardır. Uzunmüddətli istifadəyə yararlı olmasa da,
ətraf mühit üçün ən zərərsiz vasitədir. Mağazalarda kağız torbalara rast
gəlmədik. Satıcılar bu məhsulla rastlaşmadıqlarını bildirdilər.

Xüsusilə qadınlar üçün ən rahat üsul təkərli bazar çantalarıdır. Həm tutumu
çoxdur, həm də ağırlıq qaldırmağa ehtiyac yoxdur. Qiyməti isə 20 manatdan
başlayır.

Ən ucuz və uyğunu isə parçadan tikilən torbalardır. Həm marketə aparılması
rahatdır, həm də dəfələrlə yuyulub istifadə edilə bilər. Qiyməti 3 manatdan
başlayır. Kustar üsulla tikilənlərin isə qiyməti 1-2 manat arasında dəyişir.

Dədə-babamızdan miras qalan həsir zənbillərdən istifadə isə əsl nostalgiyadır.
Üstəlik, hər zaman dəbdədir. Bu qaydalar qüvvəyə minməzdən öncə də həsir
zənbillərdən gündəlik bazarlıqda istifadə olunurdu. Bu çantalar daim dəbdə
olduğu üçün bahadır. Qiyməti 25 manatdan başlayır, 100 manata qədər davam edir.

Mərhələ-mərhələ zərərli vasitələrdən imtina

Ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rasim Səttarzadə düşünür ki,
sellofan torbalarla bağlı hazırda görülən tədbirlər onlardan istifadəni
azaldacaq. Həmsöhbətimizin sözlərinə görə, torbaların pullu olmasının məqsədi
ətraf mühiti qorumaqdır:

“Biz əminik ki, bu tədbirlərin görülməsi onlardan istifadəni azaldacaq.
Mərhələ-mərhələ zərərli vasitələrdən imtina edəcəyik. Bunu təcrübə də göstərir.
Türkiyədə bu üsul tətbiq olunandan sonra polietilen torbalardan istifadə
təxminən 40 faiz azalıb. Dünyanın bir çox ölkələrində isə bu üsulun tətbiqindən
sonra 70-90 faiz azalma özünü göstərir”.

5 qəpik verib torba almaqdan utanmalısan

Marketoloq Qələndər Məmmədli bu addımı doğru hesab edir. Mütəxəssisin
sözlərinə görə, bəzi insanların məsələyə komplekslə yanaşmasının səbəbi bu
qərarın mahiyyətinin cəmiyyətə düzgün çatdırılmamasıdır:

“Müxtəlif kommunikasiya kanalları vasitəsilə cəmiyyətə izah olunmalıdır ki, bu
torbalara tətbiq edilən 3-5 qəpiyin səbəbi bunun istifadəsini azaltmaq, ətraf
mühitə fayda verməkdir. Yəni sən digər vasitələrdən istifadə etməkdən yox, 5
qəpik verib torba almaqdan utanmalısan. Cəmiyyət düşünür ki, sanki bunu əlavə
qazanc məqsədilə ediblər. Atılan addımın ətraf mühitlə bağlı görülən işlərin
tərkib hissəsi olduğunu əksər insanlar qəbul etmir. Marketinq gedişləri düzgün
qurulmalı, cəmiyyətə posterlər, videolarla doğru informasiyalar ötürülməlidir”.

Bu, vərdiş halına gəlməlidir

Marketoloq deyir ki, istər firmalar, istərsə də ayrı-ayrı şəxslər bu
istiqamətdə aksiyalar təşkil etməlidirlər ki, fərqlilik yaransın:

“Bura məşhur şəxslər, dövlət xadimləri, müğənnilər qoşulmalıdırlar. Seriallar,
kinolar vasitəsilə öyrədici nüanslar təlqin edilməlidir. Məsələn, adətən,
kişilər torba daşımaq istəmirlər. Amma onlara göstərilməlidir ki, bu sellofan
torbalardan istifadə övladlarının gələcəyi üçün ziyandır. Hamı övlad və gələcək
üzərindən xəyallar qurur. Bu, çox təsirli vasitə ola bilər. Marketlərdə
torbalarla bağlı təbliğat aparıla bilər. İnsanlar bunu ətraf mühit üçün etməyi
vərdiş halına gətirməldirlər”.

Ekoçanta istehsalı polietilen torbanın istehsalı qədər deyil

Marketoloq Elxan Mərdanlı da düşünür ki, əsas məsələ cəmiyyətin
maarifləndirilməsidir:

“Sosial çarxlar hazırlanmalı, polietilenin canlı aləm üçün zərərləri
açıqlanmalıdır. Şəhərin bir çox yerlərində xüsusi məntəqələr fəaliyyət
göstərməlidir. O məntəqələrdə, məsələn, 1 kq polietilen torba gətirənə 1 ədəd
ekoçanta hədiyyə olunmalıdır. Hazırkı vəziyyət əhalinin bir çox kəsimində
narazılıq yaradır. Çünki ölkədə yerli olaraq ekotorbaların istehsalı polietilen
torbanın istehsalı qədər deyil. Belə olduqda alış-veriş zamanı çətinlik
yaranır. Paralel olaraq yerli ekoçantaların istehsalı başlanmalı və
maarfiləndirilmə aparılmalıdır”.

Məlumat üçün bildirək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi marketlərin
birində “plastik butulkanı ekoçantaya dəyiş” aksiyası keçirib. Aksiya zamanı
ümumi tutumu 1110 litr olan plastik butulka yığılıb, əvəzində iştirakçılara
ekoçantalar verilib.

Hazırkı qərarın polietilen torbalardan istifadəni nə qədər məhdudlaşdıracağını
bilməsək də, pulsuz olduğu üçün marketdən çox sayda plastik paket götürənlərin
sayının azalacağı dəqiqdir.

Source link