Dövlət Miqrasiya Xidmətinin (DMX) Dövlət Sərhəd Xidməti (DSX) ilə birgə qanunsuz miqrasiyaya qarşı keçirdiyi tədbirlər zamanı beş nəfər Şri Lanka vətəndaşı saxlanılıb.
DMX-dan ÇıxışYolu.Com-a verilən məlumata görə, araşdırma zamanı Şri Lanka vətəndaşlarının Azərbaycan-İran-Türkiyə marşrutundan istifadə etməklə qanunsuz yollarla Avropaya getmək üçün Azərbaycana gəldikləri müəyyən edilib.
Belə ki, qeyd olunan şəxslərin Avropaya aparılmasının Fransada yaşayan Sangal, Türkiyədə yaşayan Usmandar, İranda yaşayan Zəki adlı şəxslərdən ibarət beynəlxalq dəstə tərəfindən təşkil edildiyi məlum olub.
Bu məqsədlə dəstə üzvlərindən Zəkinin müraciəti əsasında Azərbaycan Respublikasının vətəndaşı İltimas Əliyev Şri Lanka vətəndaşlarını əvvəlcə Bakı şəhərində yerləşdirib. Sonradan Zəkinin sifarişi ilə əcnəbilər dövlət sərhədindən qanunsuz olaraq keçirilmək məqsədilə Yardımlı rayonu istiqamətində aparılarkən saxlanılıb.
Keçirilmiş birgə araşdırma tədbirləri nəticəsində qeyd olunan qanunsuz miqrasiya kanalının təşkilatçıları ifşa edilib.
Saxlanılmış əcnəbilərin Azərbaycan Respublikası hüdudlarından kənara çıxarılması istiqamətində müvafiq tədbirlər görülür.