Şirvan Apellyasiya Məhkəməsinə Ağcabədi şəhər sakini Seymur Əliyevin (ad, soyad şərtidir) (1999-cu il təv.) CM-nin 153-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxsə qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər törətmə) maddəsi ilə məhkum olunmasına dair apellyasiya protestinə və şikayətinə baxılıb.
ÇıxışYolu.Com-ın məlumatına görə, Seymur Əliyev ötən ilin may ayında yaşadığı Ağcabədi şəhəri, Qarabağ küçəsindəki evinin həyətində qonşusu Elmar Məmmədova (2012-ci il təv.) qarşı güc tətbiq etmədən, onunla qeyri-təbii yolla cinsi əlaqədə olub.
Uşağın valideynləri bu barədə xəbər tutub, polisə şikayət etdikdən sonra fakt üzrə cinayət işi başlanılıb.
Ağcabədi rayon Məhkəməsinin hökmü ilə S.Əliyevə 2 il 6 ay müddətinə şərti cəza verilib. Hökmdən prokuror apellyasiya protesti, zərərçəkmişin qanuni nümayəndəsi isə apellyasiya şikayəti verərək, təqsirləndirilən şəxsə ağır cəza verilməsini xahiş ediblər. Şirvan Apellyasiya Məhkəməsi işə baxaraq protesti və şikayəti təmin etməyib.
Qərardan narazı qalan dövlət ittihamçısı Ali Məhkəməyə kasasiya protesti verib. Zərərçəkmişin anası da kasasiya şikayəti verərək, göstərib ki, Seymur Əliyev azyaşlı oğlunun köməksiz vəziyyətindən istifadə edərək dəfələrlə ona qarşı seksual xarakterli zorakılıq hərəkətləri edib. Lakin ibtidai istintaq orqanı və birinci instansiya məhkəməsi işə qeyri-obyektiv baxıb.
Ali Məhkəmə kasasiya protesti və şikayətini təmin edib, Şirvan Apellyasiya Məhkəməsinin qərarı ləğv edilib və iş yenidən apellyasiya instansiyasına qaytarılıb.
Şirvan Apellyasiya Məhkəməsində yeni araşdırma zamanı çıxış edən zərərçəkmişin anası hökmdən narazı qaldığını bildirib. Onun sözlərinə görə, Seymur Əliyevin hərəkətləri düzgün maddə ilə qiymətləndirilməyib, əslində, o, CM-nin 152-ci (yetkinlik yaşına çatmış tərəfindən aşkar surətdə on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli başqa hərəkətlər etmə) maddəsində nəzərdə tutulan əməli törədib.
Çünki təqsirləndirilən şəxs oğlunu məqsədli şəkildə evin arxasına apararaq, ona qarşı əxlaqsız hərəkətlər edib, sonra da hədə-qorxu gələrək bu barədə heç kimə deməməsini tapşırıb. Qadın apellyasiya şikayətinin təmin edilməsini, Seymur Əliyevin həbs olunmasını xahiş edib. Prokuror da çıxışı zamanı birinci instansiya məhkəməsinin çıxardığı hökmün ləğv edilməsini istəyib.
Qərara əsasən, prokurorun protesti və zərərçəkmişin qanuni nümayəndəsinin apellyasiya şikayəti təmin edilib. Ağcabədi rayon Məhkəməsinin çıxardığı hökm dəyişdirilib, S.Əliyevə qarşı tətbiq olunan CM-nin 70-ci (şərti cəza) maddəsi xaric edilib və ona 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub. O, iclas zalında dərhal həbs edilib.