62a1af85-e4fd-4dc7-96e3-2f4106913791..jpg

“Beşiktaş” Bakıya nə vaxt gələcək?

Baxış sayı: 1. 047 dəfə baxılıb.

“Beşiktaş” Bakıya nə vaxt gələcək?

“Qalatasaray”dan sonra daha bir Türkiyə nəhənginin Azərbaycana gəlişi
gündəmdədir.

“Beşiktaş” Bakıda “Sabah”la xeyriyyə oyunu keçirmək niyyətindədir. Komandanın
baş məşqçisi Şenol Güneş Türkiyə mətbuatına açıqlamasında qarşılaşmanın ayın
21-i və ya 24-ü keçirilməsini təklif etdiklərini, “Sabah”ın isə 25-nə
salınmasını istədiyini deyib.

Məsələ ilə bağlı Cixisyolu.com saytına yeni məlumat daxil olub. Etibarlı mənbələr
bildirirlər ki, “Sabah”la “Beşiktaş”ın oyunu bu ay keçirilməyəcək. Hazırda
klublar apreldə belə bir matçın təşkili istiqamətində danışıq aparırlar. Daha
doğrusu, görüşün aprelin 20-dən sonra keçirilməsi müzakirə edilir. Ancaq
hələlik dəqiqləşən bir şey yoxdur.

“Beşiktaş”ın təqvimində aprel ayı ərzində boş günlərin sayı çoxdur. “Sabah”ın
isə gələn ayın 22-si çempionat matçı var. Belədə, yerli klubun aprelin 25-ni
istəməsi anlaşılandır.

Bu arada, “Sabah”ın sosial şəbəkə hesabında klubun simvolu bayquş və
“Beşiktaş”ın simvolu hesab edilən qartalın təsvir edildiyi posterin
paylaşılması müzakirələrə səbəb olub. Sosial şəbəkə istifadəçiləri paylaşımın
“Beşiktaş”la matça işarə olduğunu düşünsələr də, klub əslində “Zirə”yə qarşı bu
gün keçirəcəyi Premyer Liqa oyununu nəzərdə tutub. Məsələ burasındadır ki,
“Zirə”nin də ləqəbi “qartallar”dır. “Sabah” bu cür paylaşımla bir növ çaşdırıcı
manevr edib.

Xatırladaq ki, martın 26-da Bakı Olimpiya Stadionunda “Qarabağ”la
“Qalatasaray” xeyriyyə matçında üz-üzə gələcək.

Faiq Tahirov

Source link