Beyləqan rayon sakini Bəhmən Bəhramlı yerli polis rəisinin müavini Taleh Hüseynovu qızını öldürməkdə ittiham edir.
Bu barədə ÇıxışYolu.Com-a Bəhmən Bəhramlının özü məlumat verib.
Qeyd edək ki, oktyabrın 11-i saat 11:30-da Mərkəzi Rayon Xəstəxanasının həyətində, insanların gözü qarşısında keçmiş ər 25 yaşlı Bəhramlı Könül Bəhmən qızına yeddi bıçaq zərbəsi vurub.
1990-cı il təvəllüdlü Quliyev Namiq İsmayıl oğlu qadına mətbəx bıçağı ilə qəfildən hücum edib. Hadisədən sonra qatil təslim olub.
İlkin araşdırma zamanı K.Bəhramlı və N.Quliyevin boşandıqları məlum olub. Bu evlilikdən onların bir övladı var. Bəzi məlumatlara görə, kişi keçmiş həyat yoldaşını dəfələrlə ölümlə hədələyib.
Bu da məlumdur ki, iki il əvvəl N.Quliyev münaqişə zamanı qayınatasına da bıçaq zərbəsi endirib.
Təəssüf ki, mərhumun atasının dediyi kimi qətl gerçəkləşib. N.Quliyev Bəhramlılar ailəsinin üzvlərinə qarşı dəfələrlə cinayət törədib və bu barədə polisə hər dəfə məlumat verilib. Lakin Beyləqan rayon polis şöbəsindən müvafiq reaksiya verilməyib.
“1 noyabr 2017-ci ildə N.Quliyev nəvəsini məktəbə yola salarkən həyat yoldaşım Yasəmən İsmayılovaya hücum edib. O, həyat yoldaşımı vuraraq bıçaqla hədələyib. Bir neçə gün sonra qızım boşanmaq üçün məhkəməyə müraciət edib. Elə həmin il noyabrın 17-də məhkəmə binasında N.Quliyev kürəyimə və qoluma iki bıçaq zərbəsi vurdu. Hücumlarla əlaqədar olaraq polisə şikayət ərizəsi verilsə də, müvafiq ekspertizalar və araşdırmalar aparıldı, lakin N. Quliyev azadlıqda gəzməyə davam etdi ”, – deyə B.Bəhramlı bildirib.
Daha sonra N.Quliyev anasının himayəsində olan 6 yaşlı qızını oğurlayıb. Könül Bəhramlı və atası məsələni böyütdükdən və polisə müraciət etdikdən sonras N.Quliyev uşağı geri qaytarıb. Amma polis yenə heç nə etməyib.
O, 13 aprel 2018-ci ildə yenidən qızını qaçırıb. Bu dəfə N.Quliyev uşağı anasından iki ay yarım gizlədib. İyunun 21-də zərərçəkənlər Daxili İşlər Nazirliyinə (DİN) müraciət etdikdən sonra hüquq-mühafizə orqanlarının əməkdaşları qızı Bakıda taparaq valideynlərinə qaytarıb.
2 aprel 2018-ci ildə N.Quliyev keçmiş həyat yoldaşına hücum edərək onu döyüb. 18 sentyabr 2019-cu ildə B.Bəhramlının qızı yenidən hücuma məruz qalıb. Keçmiş əri ona bədən xəsarətləri yetirib və mobil telefonunu oğurlayıb.
B.Bəhramlı iddia edir ki, keçən iki il ərzində o, 12 dəfə polisə şikayət edib:
“Mən beş dəfə Beyləqan RPİ-nin rəis müavini Taleh Hüseynovun qəbulunda oldum. Lakin o, N.Quliyevin həbs olunacaq heç nə etmədiyini söylədi. Mən ona “Siz ancaq qətl hadisəsindən sonra müdaxilə edirsiniz”, – dedim. T.Hüseynov məni hətta inandırmağa belə çalışmadı. Ona görə də hesab edirəm ki, N.Quliyev qızımın öldürülməsində təhlükəni görərək heç nə etməyən T.Hüseynov qədər günahkardır”.
ÇıxışYolu.Com-ın müxbiri, öz növbəsində Beyləqan RPİ-nin rəis müavini Taleh Hüseynova müraciət ünvanlayıb. Ancaq o, baş verən qətl hadisəsi ilə bağlı faktların məhkəməyə təhvil verildiyini, istintaqın davam etdiyini və hadisə ilə bağlı şərh verməyəcəyini bildirib.
Bəhmən Bəhramlı Daxili İşlər Nazirliyinin rəhbərliyindən istintaq aparılmasını və polis məmurunun cinayətkarı niyə ört-basdır etdiyini, ağır cinayətin qarşısını almaq üçün niyə tədbir görmədiyini aydınlaşdırmasını tələb edir.
Hazırda cinayətlə bağlı rayon prokurorluğu tərəfindən istintaq davam etdirilir.
Ramella İbrahimxəlilova