“Beynəlxalq Bank”ın rəhbərliyində dəyişiklik

“Beynəlxalq Bank”ın rəhbərliyində dəyişiklik

Baxış sayı: 5. 078 dəfə baxılıb.

Bu gün “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçirilib.

Bankdan ÇıxışYolu.Com-a verilən məlumata görə, iclasa sədrlik edən maliyyə naziri Samir Şərifov bildirib ki, “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 nömrəli fərmanına uyğun olaraq bankın sağlamlaşdırılması və  restrukturizasiyası proqramı praktik olaraq başa çatıb.

Yeni fəaliyyət mərhələsinə qədəm qoymuş bankın idarə edilməsində bəzi dəyişikliklərlə bağlı iclasda bir sıra qərarlar qəbul olunub, Müşahidə Şurasının tərkibi yenidən formalaşdırılıb.

Belə ki, Azərbaycan Respublikasının Dövlət Neft Fondunun İcraçı direktoru Şahmar Mövsümov bankın Müşahidə Şurasının sədri, maliyyə nazirinin müavini Emin Hüseynov, iqtisadiyyat nazirinin müavini Sahil Babayev və Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Xalid Əhədov Müşahidə Şurasının yeni üzvləri təyin olunub.

Bankın İdarə Heyətinin sədri vəzifəsinin müvəqqəti icrası isə bankın İdarə Heyəti sədrinin 1-ci müavini Abbas İbrahimova həvalə edilib.

Səhmdarların ümumi yığıncağında “Azərbaycan Beynəlxalq Bankı”nın kənar auditor tərəfindən aparılmış müvafiq audit hesabatı da təsdiqlənib. Eyni zamanda, bankın bir sıra törəmə təşkilatlarının bağlanması barədə qərar qəbul olunub.

www.ÇıxışYolu.Com