Beynəlxalq axtarışa verilmiş şəxs Azərbaycana ekstradisiya edildi
Beynəlxalq axtarışa verilmiş şəxsin ölkəmizə ekstradisiyası təmin edilib.
Baş Prokurorluğun Mətbuat Xidmətindən verilən məlumata görə, “Mülki, ailə və
cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında”
22.01.1993-cü il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan
Respublikasının vətəndaşı Səfər Azər oğlu Cavadovun ekstradisiyası haqqında Baş
Prokurorluğun vəsatəti Ukraynanın səlahiyyətli orqanları tərəfindən təmin
edilib.
Səfər Cavadovun xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayətini
törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, barəsində təqsirləndirilən
şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilib və istintaqdan qaçıb
gizləndiyinə görə beynəlxalq axtarışa verilib.
Oktyabrın 12-də S.Cavadov Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi
konvoyunun müşayiəti ilə Ukraynadan ölkəmizə gətirilib.