da0b9be5-965a-4d1c-b301-516a01665b6a.jpg

“Beynəlxalq Bank”ın sabiq şöbə müdiri məhkəmə zalında həbs olundu

Baxış sayı: 152 dəfə baxılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə Cinayət
Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) və 308.2-ci (vəzifə
səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə təqsirləndirilən şəxs Natiq
Nüsrətzadənin məhkəməsinin növbəti iclası keçirilib.

“Unikal”ın məlumatına görə, cinayət işində zərərçəkən qismində “Azərbaycan
Beynəlxalq Bankı” ASC tanınıb. Təqsirləndirilən şəxsin vəkili Əfqan Həsənov
çıxış edərək bildirib ki, Natiq Məzahir oğlu Nüsrətzadə işlədiyi banka vurmuş
ziyanın bir hissəsini ödəyib, qalan ziyanı da ödəmək niyyətindədir. Onun ilk
məhkumluğunu, əməlindən səmimi peşman olmağını nəzərə alaraq Natiq Nüsrətzadəyə
aşağı cəza verməyi xahiş edib. Təqsirləndirilən şəxs Natiq Nüsrətzadə də
əməlindən səmimi peşman olduğunu bildirərək ona aşağı cəza verilməsini istəyib.

Çıxışlar bitdikdən sonra hakim müşavirəyə gedib və hökm elan olunub. Hökmə
əsasən, polisin nəzarəti altında olan Natiq Nüsrətzadə 6 il 6 ay azadlıqdan
məhrum edilərək məhkəmə zalında həbs edilib.

Xatırladaq ki, dövlət ittihamçısı Rauf Malışov təqsirləndirilən şəxsin 8 il
müddətinə azadlıqdan məhrum olunmasını təklif edib.

Qeyd edək ki, Natiq Nüsrətzadə “Azərbaycan Beynəlxalq Bankı”nda nəqliyyat
departamentinin müdiri vəzifəsində işləyib. O, işlədiyi dövrdə bankın 48 min
manatını mənimsəyib, həmin ziyandan isə cəmi 21 min manatı geri qaytarıb.

Source link