“Beynəlxalq hüquq işləmir, əks halda BMT və ATƏT Ermənistanı sülhə məcbur
edərdilər” – ŞƏRH
“44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsindən
sonra Azərbaycan dövləti Cənubi Qafqaz regionunun sülh və əməkdaşlıq məkanına
çevrilməsi üçün təşəbbüslərlə çıxış edib. Ermənistanla sülh sazişi imzalamaq
təklifi də ilk olaraq Azərbaycan tərəfindən verilib. Münaqişə başa çatdıqdan
sonra xalqımızın uzun illər ərzində məruz qaldığı əzab-əziyyətə,
məhrumiyyətlərə və dağıntılara baxmayaraq, Azərbaycan tərəfindən Ermənistanla
davamlı sülhün təmin edilməsi istiqamətində fəal iş aparılır. Məqsəd regionun
sülh və əməkdaşlıq məkanına çevrilməsidir”.
Bu fikirləri Cixisyolu.com-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və
parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.
Deputat bildirib ki, sentyabr ayında ordumuzun Qarabağda həyata keçirdiyi
lokal antiterror tədbirlərindən sonra suverenliyimiz təmin olunub:
“Antiterror tədbirləri nəticəsində dövlət suverenliyimizin tam bərpa olunması
ümumilikdə regionda təhlükəsizliyin möhkəmlənməsi və sülhə nail olunması üçün
imkanlar yaradır. Azərbaycan həmişə sülh tərəfdarı olduğunu bəyan edir. Hazırda
bölgədə sülhün təmin olunması məqsədilə bir sıra beynəlxalq platformalar
çərçivəsində müzakirələr aparılır. Azərbaycan regionda sülhün bərqərar olması
naminə irəli sürülən, real nəticəyə yönəldilmiş beynəlxalq təşəbbüsləri
dəstəkləyir. Sadəcə, Ermənistan hakimiyyəti özündə iradə tapıb regionumuzun
gələcəyi naminə sülh sazişini imzalamalıdır. Təəssüf ki, biz hələ də bunu
müşahidə etmirik”.
Millət vəkilinin sözlərinə görə, Ermənistan 28 il ATƏT-in keçmiş Minsk
qrupunun vasitəçiliyi ilə davam edən danışıqlar prosesini daim pozurdu. Bu da
onu göstərirdi ki, rəsmi İrəvan sülh istəmir, sadəcə, danışıqların imitasiyası
ilə məşğul olur:
“Ona görə də Azərbaycan dövləti münaqişəni öz gücü ilə həll etməyə məcbur
oldu. Dövlətimiz təkbaşına BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini icra
etdi. Əlbəttə ki, həm BMT Təhlükəsizlik Şurası, həm də ATƏT istəsəydilər,
Ermənistanı sülhə məcbur edərdilər. ATƏT-in keçmiş Minsk qrupunun həmsədrləri
olmuş ABŞ, Rusiya və Fransa BMT TŞ-nin daimi üzvləridir. Problemin sülh yolu
ilə həll olunmaması bu qurumların Azərbaycana qarşı ikili standartlarının
təzahürü idi. 30 illik danışıqlar prosesinin iflasa uğraması göstərdi ki,
beynəlxalq təşkilatlarda, o cümlədən ATƏT və BMT-də köklü dəyişikliklər,
islahatlar aparılmalıdır.
Əlbəttə ki, beynəlxalq təşkilatların dünyada sülhə, sabitliyə töhfə verməsi
zəruridir. Amma təəssüf ki, bu gün beynəlxalq hüquq işləmir. Ona görə də
beynəlxalq təşkilatlar öz funksiyalarını yerinə yetirə bilmirlər. Ən
acınacaqlısı odur ki, bu qurumlar müəyyən beynəlxalq güclərin əlində alətə
çevriliblər. Bu səbəbdən də, beynəlxalq qurumlarda islahatların aparılması
olduqca zəruridir. Onlar proseslərə yanaşmada hansısa qüvvələrin maraqlarına
uyğun çıxış etməməli, yalnız beynəlxalq hüquq normalarını əsas götürməlidirlər.
Bilirsiniz ki, ATƏT-in Minsk qrupu artıq fəaliyyət göstərmir, 44 günlük
müharibədən sonra ona ehtiyac qalmayıb. Amma ölkəmiz BMT və ATƏT-in üzvü olaraq
bu təsisatlarla əməkdaşlıq etməlidir və edir. Dövlətimiz bölgədə sülhün təmin
olunmasına yönəlmiş beynəlxalq təşəbbüsləri dəstəkləyir. Bu qurumlar da əgər
Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesinə
töhfə vermək istəyirlərsə, ədalətli və beynəlxalq hüquqa əsaslanan mövqe
nümayiş etdirməlidirlər”.
Aysel Aslan