Beynəlxalq maliyyə qurumları Trans-Xəzər marşrutuna 10 milyard avro sərmayə
qoyacaq
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Avropa İttifaqı-Mərkəzi Asiya arasında nəqliyyat əlaqələrinə dair Qlobal
Tranzit İnvestorlar Forumunda Avropa və Mərkəzi Asiyanı birləşdirən Trans-Xəzər
Nəqliyyat Dəhlizinə 10 milyard avroluq investisiya öhdəliyi elan edilib.
Brüsseldə açılışı olan forumda Avropa Komissiyasının vitse-prezidenti Valdis
Dombrovskis Avropa və beynəlxalq maliyyə qurumlarının Mərkəzi Asiyada dayanıqlı
nəqliyyat əlaqələrinə dəstək və investisiya üçün 10 milyard avro ayıracaqlarını
açıqlayıb.
İştirakçılar qarşıdakı iki gündə Trans-Xəzər Nəqliyyat Dəhlizinin 15 günə
Avropa və Mərkəzi Asiyanı birləşdirə bilən müasir, çoxsaylı və effektiv
marşruta çevrilməsi üçün lazımi investisiyaları müzakirə edəcəklər.
Forumda Avropa ilə Asiya arasında Rusiyadan keçməyən etibarlı və effektiv
ticarət yollarının tapılmasının vacibliyi vurğulanıb.
Forumun ilk günündə bir sıra mühüm öhdəliklər də qəbul edilib. Belə ki, Avropa
İnvestisiya Bankı (EIB) Qazaxıstan, Qırğızıstan və Özbəkistan hökumətləri ilə
ayrı-ayrılıqda ümumilikdə 1,47 milyard avro dəyərində müqavilələr imzalayıb.
Həmçinin gün ərzində Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Qazaxıstanla
ümumi dəyəri 1,5 milyard avro olan Anlaşma Memorandumu imzalayacaq.
Qeyd edək ki, İnvestisiya Forumu Avropa Komissiyası, Avropa İttifaqına üzv
ölkələr, Mərkəzi Asiya, Qafqaz ölkələri və Türkiyənin yüksək səviyyəli
təmsilçiləri bir araya gətirir. Həmçinin iştirakçılar arasında G7 ölkələri,
maliyyə qurumları və özəl sektor var.
Xatırladaq ki, Trans-Xəzər Nəqliyyat Dəhlizi (Orta Dəhliz) 2014-cü ilin fevral
ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı
ilə yaradılıb. Sonradan layihəyə Ukrayna, Rumıniya və Polşa qoşulub. Hazırda
marşrut Çin-Qazaxıstan sərhədindən başlayır və Qazaxıstan, Xəzər dənizi,
Azərbaycan və Gürcüstan ərazisindən keçərək Avropaya qədər uzanır. Bütün
marşrut boyunca vahid tarif yaradılıb, “vahid pəncərə” prinsipi tətbiq olunur.
Mənbə: İnterfaks