f4889e6a-308f-4f1d-ad1e-2bb8343c603e..jpg

Beynəlxalq turnirin qalibi olan azərbaycanlı boksçu: “Atam azarkeşi olduğu üçün adımı Zidan qoyub”

Baxış sayı: 670 dəfə baxılıb.

Beynəlxalq turnirin qalibi olan azərbaycanlı boksçu: “Atam azarkeşi olduğu
üçün adımı Zidan qoyub”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Adımı atam qoyub. Zinəddin Zidanın azarkeşi olduğu üçün bu adı seçib”.

Bunu “Report”a açıqlamasında Azərbaycan boksunun banisi Abbas Ağalarovun
xatirəsinə həsr olunan gənclər arasında ənənəvi beynəlxalq turnirdə qızıl medal
qazanan Zidan Hümbətov deyib.

51 kq çəki dərəcəsində bütün rəqiblərini üstələyən idmançı özünün futbola
marağının olmadığını bildirib:

“Adımı olduğu kimi səsləndirirlər. Hətta bəzən Zinəddin Zidan da deyirlər
(gülür). Uşaqlıqdan ancaq boksla məşğul olmuşam. Məşhur futbolçu Zidan haqqında
məlumat əldə etmişəm. Fransa millisinin güclü futbolçularından biri olduğunu
bilirəm”.

Şirvan şəhərindən olan 16 yaşlı boksçu qızıl medal əldə etməsi barədə də
danışıb:

“Qalib olmağın hissi başqadır. İlk növbədə Allahın, sonra məşqçilərimin köməyi
ilə buna nail oldum. Atamın və anamın da dəstəyini xüsusi qeyd etməliyəm.
Yarışa qatılanda da birinci yeri tutmağı çox istəyirdim. Çünki çox əziyyət
çəkmişdim, məşqləri düzgün yerinə yetirirdim. Məqsədim də qalib gəlmək idi”.

Zidan Hümbətov hədəflərinin boksla bağlı olduğunu diqqətə çatdırıb:

“Dünya və olimpiya çempionu olmaq niyyətindəyəm. Himnimizi səsləndirib,
ölkəmizin bayrağını nüfuzlu turnirlərdə dalğalandırmaq arzusundayam”.

Source link