Biz bir millət, iki dövlətik. Buraya gələndə özümüzü qonaq kimi yox, öz evimizdəki kimi hiss edirik.
ÇıxışYolu.Com xəbər verir ki, bunu Türkiyənin baş naziri Binəli Yıldırım Milli Məclisdə (MM) spiker Oqtay Əsədovla keçirdiyi görüş zamanı deyib.
O qeyd edib ki, Azərbaycanla Türkiyə arasındakı əlaqələr gündən-günə inkişaf edir:
“Bir az öncə Azərbaycan prezidenti İlham Əliyevlə görüşdük və Türkiyə-Azərbaycan əlaqələrini təkrar gözdən keçirdik, dəyərləndirdik və bunu məmnunluqla ifadə etdik ki, ölkələrimiz arasındakı münasibətlər hər baxımdan inkişaf etməyə davam edir.
Biz Azərbaycanı bu bölgənin – Zaqafqaziyanın bir təminatçısı olaraq görürük”.
B. Yıldırım səfərinin Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin 6-cı Qlobal Bakı Forumunda iştirak etməklə bağlı olduğunu bildirib və dahi Nizami Gəncəvi haqqında fikirlərini bölüşüb:
“Nizami Gəncəvi XII əsrdə yaşamış dahi şəxsiyyətdir. Hər kim nə deyir desin, Nizami Gəncəvi Azərbaycan türküdür.
Hər nə qədər bəziləri ona sahib çıxmaq istəsə də, gerçək budur ki, Nizami Gəncəvi Gəncədə doğulub, Gəncədə yaşayıb və Gəncədə vəfat edib.
Onun “Xəmsə”si bu gün dünya elm adamlarına, şairlərinə bir nümunədir. Belə bir dahi şəxsin adına beynəlxalq tədbirin təşkil olunmasını alqışlayıram.
Ona görə də bu tədbirdə iştirak etmək istədim”.
Kamil HƏMZƏOĞLU
www.ÇıxışYolu.Com