cb7618fb-7ea1-4272-9131-d2c66c1dabd9..jpg

Binəqədidə partlayış baş verən ərazidə çadırlar qurulub – YENİLƏNİB + FOTO/VİDEO

Baxış sayı: 825 dəfə baxılıb.

Binəqədidə partlayış baş verən ərazidə çadırlar qurulub – YENİLƏNİB +
FOTO/VİDEO

Bakı şəhəri, Binəqədi rayonu, Cavadxan küçəsində yerləşən çoxmərtəbəli yaşayış
binasında baş vermiş partlayışla əlaqədar binaya qazın verilişinin müvəqqəti
dayandırılması səbəbindən bina sakinlərinin gecələməsi üçün Fövqəladə Hallar
Nazirliyinin Mülki müdafiə qoşunları tərəfindən ərazidə çadırlar qurulub.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, sakinlərin müvəqqəti qalması üçün nəzərdə tutulmuş çadırlar
yaşayış üçün müvafiq şəraitlə təmin olunub.

19:28

Bakının Binqədədi rayonunda yaşayış evində baş verən partlayışla bağlı cinayət
işi açılıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

“Bakı şəhəri, Binəqədi rayonu, Cavadxan küçəsində yerləşən çoxmərtəbəli
yaşayış binasında vətəndaşa məxsus mənzildə, ilkin ehtimala əsasən, məişət
qazının sızması nəticəsində yanğınla müşahidə olunmayan partlayış baş verib və
1 nəfər həlak olub, 2 nəfər xəsarət alıb.

FHN-in qüvvələri tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri
görülüb, mənzildəki dağıntılarla əlaqədar axtarış-xilasetmə işləri həyata
keçirilib. Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xüsusi təlim görmüş
itləri də cəlb olunmaqla aparılmış axtarış-xilasetmə işləri nəticəsində
dağıntılar altında əlavə insan faktoru aşkar olunmayıb.

Hadisə ilə əlaqədar cinayət işi açılıb və hazırda istintaq-əməliyyat
tədbirləri davam etdirilir”, – məlumatda bildirilib.

18:19

“Bakı şəhəri, Binəqədi rayonu, Cavadxan küçəsində yerləşən çoxmərtəbəli
yaşayış binasında partlayış nəticəsində 17 mərtəbəli yaşayış binasının 17-ci
mərtəbəsində yerləşən bütün mənzillər partlayışın təsirindən tamamilə dağılıb”.

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Fövqəladə Hallar
Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini polkovnik
Əkbər Novruzov deyib.

Onun sözlərinə görə, partlayışın baş vermə səbəbləri ilə bağlı həm FHN, həm də
digər hüquq-mühafizə orqanlarının əməliyyat istintaq qrupları hadisə yerində
təhqiqat işləri aparır.

Ə.Novruzov bildirib ki, həmçinin partlayışın təsirindən 16-cı mərtəbədə bir
mənzilin qapısı və liftlər tamamilə sıradan çıxıb. O vurğulayıb ki, eyni
zamanda təxliyə yollarında və pilləkən qəfəslərində çatlar əmələ gəlib.

Qeyd edək ki, bu gün saat 16 radələrində Cavadxan küçəsində yerləşən
çoxmərtəbəli yaşayış binasında partlayış baş verib. FHN-in Dövlət Yanğından
Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin müvafiq qüvvələri çağırış
üzrə cəlb olunub.

İlkin məlumata əsasən, partlayış məişət qazının sızması nəticəsində baş verib.
Hadisə nəticədə bir nəfər ölüb, iki nəfər xəsarət alıb.

Hazırda FHN-in qüvvələri tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik
tədbirləri görülür.
17:52
“Bakı şəhəri, Binəqədi rayonu, Cavadxan küçəsində partlayış baş verən binada
qaz təminatı tam dayandırılıb”.

Cixisyolu.com-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında “Azəriqaz”
İstehsalat Birliyinin baş direktoruRuslan Əliyev bildirib.

O bildirib ki, hadisənin qaz sızmasından baş verdiyi ehtimal edilir:

“Binada üç mənzilə və liftin şaxtasına ziyan dəyib. Binada qaz kəmərləri
yoxlandıqdan və təhlükəsizlik qaydalarına tam əməl edildikdən sonra qazın
bərpası təmin olunacaq”.

17:35

Bakının Binəqədi rayonu, Cavadxan küçəsindəki çoxmərtəbəli binada baş verən
partlayışda həlak olan şəxs polis nəfəri Məhəmməd Babayev olub.

Bu barədə Cixisyolu.com-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat
verilib.

Qeyd olunub ki, M.Babayev polis bölmələrinin birində sürücü vəzifəsində xidmət
edib.

17:22

Fövqəladə Hallar Nazirliyi Bakıda baş verən partlayışla bağlı məlumat yayıb.

Qeyd olunub ki, qurumun “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi
rayonu, Cavadxan küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında partlayış
baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli
Xilasetmə xidmətlərinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunublar.

İlkin məlumata əsasən, onsəkkizmərtəbəli yaşayış binasının on səkkizinci
mərtəbəsində yerləşən vətəndaşa məxsus mənzildə, ilkin ehtimala əsasən, məişət
qazının sızması nəticəsində yanğınla müşahidə olunmayan partlayış baş verib.
Nəticədə, ilkin məlumata əsasən, 1 nəfər həlak olub, 2 nəfər xəsarət alıb,
mənzilə ciddi ziyan dəyib.

Hazırda FHN-in qüvvələri tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik
tədbirləri görülür. Fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar
Mirzəyev hadisə yerindədir.

17:08

Bakının Binəqədi rayonu, Cavadxan küçəsində yerləşən çoxmərtəbəli yaşayış
binasında partlayış nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb.

Bu barədə Baku TV-nin ərazidə olan müxbiri məlumat verib.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən Cixisyolu.com-a verilən məlumata görə,
bir nəfərə də sağ ayağın, başın sıyrılmış yarası səbəbi ilə yerində tibbi
yardım göstərilib.

16:33

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi Bakı şəhəri, Binəqədi rayonu,
Cavadxan küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında partlayış olması ilə
bağlı açıqlama verib.

Qurumdan Cixisyolu.com-ın sorğusuna cavab olaraq bildirilib ki, hadisə yerinə
TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım
Stansiyasının beş briqadası cəlb olunub:

“Hazırda iki nəfər təxliyə olunur”.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, polis aidiyyəti
dövlət qurumlarının əməkdaşları ilə birgə hadisə yerinə cəlb edilib.
Təhlükəsizlik tədbirləri görülür:

“İlkin məlumata görə, hadisə nəticəsində bir nəfər həlak olub”.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə isə “112” qaynar telefon
xəttinə Cavadxan küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında partlayış
olması barədə ilkin məlumat daxil olub:

“Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından
mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə
qüvvələri çağırış üzrə cəlb olunublar. İlkin məlumata əsasən, partlayış
nəticəsində yanğın hadisəsi baş verməyib. Əlavə məlumat veriləcək”.

16:09

Binəqədi rayonunda yaşayış binasında güclü partlayış olub.

Cixisyolu.com-ın məlumatına görə, hadisə Cavadxan küçəsində baş verib.

Hadisə nəticəsində ölən olduğu ehtimal edilir.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə
xidmətinin müvafiq qüvvələri cəlb olunublar.

İlhamə Əbülfət


Source link