Bakı şəhərinin bəzi küçələrində piyada zolaqlarının olmaması piyadalar üçün
ciddi təhlükə yaradır.
Belə ərazilərdən biri də Azadlıq prospekti ilə Cəfər Xəndan küçəsinin
kəsişməsidir.
Bununla bağlı Cixisyolu.com-a şikayət daxil olub.
“Buradakı çoxzolaqlı kəsişmədən yolu keçmək məcburiyyətində qalan piyadalar
hər an təhlükə ilə üz-üzə gəlmək məcburiyyətindədirlər. Çünki Azadlıq
prospektindən C.Xəndan küçəsinə keçmək üçün piyada zolağı yoxdur. Bundan əlavə,
həmin küçələrin kəsişməsində Binəqədi istiqamətində də yolun sol tərəfinə
keçmək üçün piyada zolağı yoxdur”, – deyə şikayətdə yazılır.
Şikayətçi bildirir ki, bu ərazidə nəqliyyatın hərəkəti günün istənilən
saatında intensiv olduğu üçün, xüsusən də məktəbə gedən uşaqların o yolu keçmək
məcburiyyətində olmaları ciddi narahatlıq yaradır.
“Ərazidəki yanacaqdoldurma məntəqəsinin qarşısında işıqfor var, amma piyada
zolağı yoxdur. İşıqforun piyadalar üçün yaşıl işığı yananda həm də qarşıdan
gələn avtomobillər üçün yaşıl işıq yanmış olur. Bu baxımdan bu yolda piyada
zolağının olması mütləqdir. Problemlə bağlı dəfələrlə aidiyyəti qurumlara
müraciət etsək də, cavab verməyi lazım bilməyiblər”, – deyə şikayətdə
vurğulanır.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə sorğu ünvanladıq.
Agentliyin Mətbuat Xidmətindən Cixisyolu.com-ın sorğusuna cavab olaraq bildirilib ki,
Azadlıq prospekti ilə Cəfər Xəndan küçəsinin kəsişməsində yol infrastrukturu
əlverişsiz olduğundan, həmçinin səki ilə əlaqəlilik olmadığından piyada
keçidlərinin təşkili mümkün olmayıb:
“Həmin ərazidə səkilər tikildikdən sonra piyada keçidlərinin təşkil edilməsi
məsələsinə baxıla bilər”.
Əzizə İsmayılova