Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən Oğuz rayonu ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçirilib.
Nazirliyin mətbuat xidmətindən ÇıxışYolu.Com-a verilən məlumata görə, reyd zamanı Oğuz rayonu Qumluq bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsində yaşköküstə 112 sm diametrliyində bir ədəd Şərq çinarı ağacının kəsildiyi aşkar edilib.
Araşdırma zamanı ağacın Oğuz rayonu Şirvanlı kənd sakini Ramiz Abdullayev tərəfindən kəsildiyi və təbiətə 4000 manat məbləğində ziyan dəydiyi məlum olub. Faktla bağlı akt tərtib olunub.
Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından qanun pozuntusu ilə bağlı toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilib.