278d155c-7a70-49a0-972e-e458ecbb5c22..jpg

Bir avroluq xətir-hörmət…

Baxış sayı: 520 dəfə baxılıb.

Bir avroluq xətir-hörmət…
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Konfliktoloq Rüstəm Qaraxanlı yazır…

Ötən həftə Sloveniya XİN-i Beynəlxalq Qırmızı Xaç Komitəsi vasitəsilə
Qarabağdan Ermənistana köçmüş əhaliyə yardım məqsədilə 120 min avro
göndərdiyini elan etdi. Bu məbləğin üzərində az və ya çox düşünüldüyü, yaxud
Avropa təvazökarlığının göstəricisi olduğu məlum deyil. Ancaq fakt faktlığında
qalır: Ermənistanın sentyabrın 19-20-dək Qarabağda 120 min etnik erməninin
yaşadığını iddia etdiyini əsas götürsək, belə çıxır ki, Sloveniya hökuməti
onların hər birinə 1 avro göndərib. Ermənistan tərəfinin açıqladığı rəsmi
statistikaya görə, sentyabrın son günlərinə təsadüf etmiş köç nəticəsində 120
min deyil, təqribən 100 min erməni ölkə ərazisinə daxil olub. Bu halda rəqəm
bir qədər böyüyür – adama 1,2 avro. Sloveniya hökuməti bəyan edib ki, bu yardım
təbii fəlakət zamanı Ermənistanın onlara etdiyi köməyə cavab jestidir. Görünür,
İrəvanın da yardımı “güclü” olub…

Rusiya silah müqabilində Ermənistandan aldığı 400 milyon dolları geri
qaytarmır, Paşinyan hökuməti isə bu pulu necə alacağını bilmir. Nə silah var,
nə də pul. Hindistanın satdığı silahı da ruslar çatdırmalı idilər, ancaq
nəticədə hind yükünü Ermənistana iranlılar gətirib.
Üç ildir bölgədə hər hansı təhlükəsizlik konfiqurasiyasının (Oxu: Zəngəzur
dəhlizinin çəkilişinin) dəyişikliyə uğrayacağını qəbul etməyən İran “Ermənistan
naminə” cızdığı “qırmızı xətt”i özü tapdaladı. Ermənistandan keçəcək mümkün
dəhlizin onun Avropa ilə yollarını kəsdiyindən “qorxan” Tehran qəflətən
logistik marşrutların öz ərazisindən çəkilməsinə razılıq verib dəhlizə yaşıl
işıq yandırdı. İrəvanda deyəsən, “qırmızı xətt”in əslində nədən ibarət olduğunu
indi-indi anlamağa başlayırlar.

Ermənistan avqust və sentyabr aylarında Fransa ilə birlikdə BMT TŞ-də iki dəfə
məsələ qaldırıb “yeni soyqırımı”, “etnik təmizləmə” şüarları ilə Azərbaycana
təzyiq etməyə çalışdı. Əvəzində bu ali beynəlxalq qurumun Qarabağa səfər etmiş
(özü də iki dəfə) xüsusi missiyası “soyqırımı” və “etnik təmizləmə” halları ilə
rastlaşmadıqlarını bəyan etdi.

Qarabağdan Ermənistana köç fonunda dolaşmağa başlamış “Fransa Qarabağ
ermənilərini qəbul etməyə hazırdır” məzmunlu söz-söhbətlərdən təşvişə düşmüş
səfir Olivye Dekotinyi tələsik təkzib bəyanatları tirajladı. Nikola Sarkozi
dövründə siyasi tədavülə daxil olan “Ermənistan Fransanın kiçik bacısıdır”
deyimi Nikol Paşinyanın dövründə beləcə etibarsızlaşdı. Parisin yarım ildir
anons etdiyi “hərbi yardım” köpüyü isə erməni müdafiə naziri Suren Papikyanın
Parisə gen-bol piar edilmiş səfəri zamanı partladı: cəmi 3 radar, özü də pulunu
kim, nə vaxt və hansı yolla ödəyəcək, məlum deyil.

Erməni lobbisinin Britaniya parlamentində həmlə cəhdini yerli XİN-in dövlət
katibinin müavini Leo Dokerti beşikdə boğdu. “Birləşmiş Krallıq Qarabağ
ermənilərinin Ermənistana köçünü “etnik təmizləmə” hesab etmir”, – deyə o
ermənilərin gözləntilərini elə gözlərində qoydu.

Almaniyanın istefada olan “polis məmurları”ndan ibarət “müşahidə missiyası”
Azərbaycanla sərhəddə hər ay bir məntəqə açır. Bu ölkənin parlamentində
hökumətə ünvanlanmış “Federal hökumət necə hesab edir, Azərbaycan tərəfindən
Ermənistan ərazilərinin bir qismi işğal olunubmu” ermənipərəst sorğuya isə belə
bir cavab gəlir: Ermənistanla Azərbaycan arasındakı sərhəd böyük ölçüdə
demarkasiya olunmayıb.

Kanadanın xarici işlər naziri Ancelina deyil, – Melani Joli Ermənistana səfəri
zamanı “Azərbaycana tətbiq ediləcək sanksiyaların masa üzərində” olduğunu bəyan
edir, ancaq onun gedişindən sonra yenicə fəaliyyətə başlamış səfir Endrü Terner
eyforiyada olan erməniləri göydən yerə endirir: “Ermənistanın özünün daxilində
sanksiyalarla bağlı yekdil rəy yoxdur”.

Azərbaycanın ərazi bütövlüyünü tanıyacaqlarından sonra Türkiyə ilə sərhədlərin
açılacağına ümid edən Ermənistan hökuməti daha bir xəyal qırıqlığı ilə üz-üzə
qalır. Ankara ünvanladığı mesajda Zəngəzur dəhlizi açılmayınca sərhədlərin
qapalı qalacağı ilə bağlı İrəvana xəbərdarlıq edir…

Ermənistanın düşdüyü geosiyasi bataqlıq və regional dalan, sahib olduğu
“xətir-hörmət” bu mənzərədən ibarətdir. Bu dövlətlə danışıqlar aparmaq
düşünüldüyü qədər asan deyil…

Source link