Aqşin Yenisey yazır…
Yazı tarixi insanın yaddaşında bir arzunun axtarışı ilə başlayır. Tarixin ən qədim dastanı kimi qəbul edilən “Gılgamış” mətnlərində qardaşının ölümündən sarsılan və ölümdən qorxmağa başlayan Gılgamış ölümsüzlüyün sirrini tapmaq üçün uzun və təhlükələrlə dolu səyahətə çıxır. Ancaq qarşılaşdığı tanrılar ona ölümsüzlüyü heç yerdə tapa bilməyəcəyini, insanların ölümlü olduğunu, ölməzliyin isə tanrılara aid fövqəl bir imtiyaz olduğunu söyləyirlər. Gılgamış sözündən dönmür, axırda Utnapiştim adlı bir adamın tanrıların arasında qəbul edilən və ölümsüzlüklə mükafatlandırılan yeganə insan olduğunu öyrənir. Utnapiştimi tapır ki, bir növ, qohumbazlıq ideyalarını yada salıb, özünü tapşırtdırsın, ancaq başının ağrımasını istəməyən Utnapiştim də utana-utana Gılgamışa tanrıların söylədiyini təkrar edir: dayı qurban, qayıt evə və əcəlini gözlə.
Oğuz şamanı, zəmanəsinin intellektual adamı Dədə Qorqud da adını daşıyan qədim kitaba görə, uzun müddət ölümdən qaçmaq istəyir, amma hara getsə “məzarını axtaran Qorqud üçün” qəbir qazan bir qırsaqqıza rast gəlir. Nəhayət, dastana görə, 295 il Əzrayılı öz arxasınca avara-sərgərdan edən Dədə özü üçün qazılmış qəbirlərdən birinin yanında oturaraq canını tapşırır.
Mövlanənin “Məsnəvi”sində və ondan əvvəl Fəridəddin Attarın “İlahinamə”sində bağdadlı tacirlə Süleyman peyğəmbər arasında baş verən rəvayət də çox məşhurdur. Tacir Süleyman peyğəmbərə Əzrayılı gördüyünü və ölüm mələyinin ona çəp-çəp baxdığını söyləyib ondan xahiş edir ki, küləyə taciri buralardan çox uzaqlara, Əzrayılın əli çatmayacaq Hindistana aparmasını əmr etsin. Peyğəmbərin əmri ilə külək bir anda vıyıldayıb taciri göstərilən ünvana çatdırır. Həmin gün Əzrayılı görən peyğəmbər ona nə üçün bağdadlı tacirə çəp-çəp baxdığını soruşur. Əzrayıl isə “mən ona təəccüblə baxdım ki, Bağdada necə gəlib çıxıb, çünki idarədə (oxu; haqq dərgahında) mənə verilən bu gün canı alınacaq adamların siyahısında onun yeri Hindistan olaraq göstərilmişdi. Əzrayılın gözündən Hindistana qaçdığını düşünən bağdadlı tacirin heç ağlına da gəlməzdi ki, öz ayağı ilə ölümün hüzuruna gedir. Mövlanə də ölümsüzlük məsələsinə nöqtəni belə qoyur.
Tarixi mənbələrə görə, Çingiz xan, Makedoniyalı İsgəndər kimi fatehlər də totalitar qorxuların ən təbiisi olan ölüm duyğusu qarşısında üyütmüş və ömürləri boyu ölümsüzlük iksirini tapmağa can atmışlar.
İnsan nə üçün ölümsüz olmaq istəyir?
Bəli, ölümşünaslara görə, ölümsüzlük istəyi iki səbəbdən doğur; birinci səbəb narsistik – özünüqoruma istəyidir ki, (özünəvurğunluğun ən yüksək həddi) bu istək daha çox yuxarı təbəqəyə məxsus insanlarda yaranır. İkinci səbəb isə insanın daha yaxşı bir həyat yaşamağa can atması şəklində özünü göstərir. İnsan müvəqqəti həyatda başa çatmaq və əbədi həyata qovuşmaq üçün özünü yeyib-tökür. Bu tip adamlar ölümü ona görə rahat qəbul edir, hətta fanatikcəsinə arzulayırlar ki, o biri dünyada ölümsüz olacaqlarına inanırlar. Onlar daha çox aşağı təbəqəyə mənsub insanlardır. İnsanlar, eləcə də millətlər təkcə gəlirlərinə görə deyil, ölümə münasibətlərinə görə də varlı və kasıblara bölünürlər. Qərb mədəniyyətinin Supermən, Rembo, Hi-Mən kimi ölümə meydan oxuyan qəhrəmanlar yaratdığı bir dövrdə, nisbətən daha çox kasıb-kusublardan ibarət Şərq mədəniyyəti isə ölümü allaha qovuşduran bir uçuş kimi vəsf etməkdədir.
Miflər dövrünə fikir versək, ölümsüzlüyə can atanların krallar, fatehlər, ölü yeri, tacirlər olduğunu görəcəyik. Gılgamış kral idi, Çingiz xan öz dövründə məlum olan dünyanın sahibi idi, Süleyman peyğəmbərin küləyinə minib Hindistana uçan şəxs isə tacir idi. Onların heç biri ölmək istəmirdilər. Çünki hakimiyyətləri və pulları var idi.
Mifləri dinlər əvəz etdikdə isə vəziyyət dəyişdi; bu dəfə ölümsüzlük kasıblara, yetim-yesirə təklif olundu; din onlara o biri dünyada əbədi həyat vəd edirdi. Sadəcə, kasıblar dinin bir neçə şərtinə əməl etməliydilər ki, onlardan da ən vacibləri dünya malına (yəni varlıların mal-mülkünə) göz dikməmək və əmr edildikdə şəhid olmaq idi. Halbuki işlək dindən fərqli olaraq, əhalinin oxumadan inandığı dini mətnlərə görə, ölümsüzlük anlayışı bir şeytan yalanıdır, çünki ilan cildinə girmiş şeytan Adəmin həyat yoldaşı Həvvanı cənnətdə qadağan olunmuş meyvəni yesələr, ölümsüzlük qazanacaqları yalanı ilə aldadaraq ilk külfəti cənnətdən dərbədər etmişdi. Yəni insanlara əbədi həyat vəd olunan cənnətdə ölümsüzlük söhbəti bağışlanmaz bir yalan və günah idi. Tanrı Adəmə belə bir söz verməmişdi.
Varlıların bu dünyada mifdən istədiyi şeyi din kasıblara o biri dünyada vəd edirdi. Əslində, miflər varlıları ölümsüz edə bilmədikləri üçün unuduldular, funksionallıqlarını itirdilər. Fövqəlgüclərə inanmaq növbəsi kasıblara çatdı.
Bu gün artıq ölümsüzlük məsələsi mifologiyanın, dinin deyil, elmin məşğul olduğu mövzudur. Elm mifologiya kimi ölümsüzlüyü rədd etmir, dindən fərqli olaraq isə insana o dünyada deyil, bu dünyada ölümsüzlük vəd edir. Amerikalı bioloq Uilyam Xazeltin elmin adından bəyan edir:
“Həyatın təbii xassəsi ölümlülük deyil, ölümsüzlükdür. DNT ölümsüz bir molekuldur. Bu molekul öz eynisini yarada-yarada günümüzə gəlib çatdı… Əvvəl ömrümüzü iki, ya da üç dəfə uzadacağıq. Bəlkə də beyni kifayət qədər yaxşı anlaya bilsək, bədənimizin və beynimizin ömrünü müddətsiz olaraq uzada biləcəyik. Mən bunun təbiətə zidd bir şey olduğunu düşünmürəm”.
Ölümü “bərbad qlobal xəstəlik” adlandıran amerikalı fizik Riçard Feynman isə azərbaycansayağı desək, gələcək nəsillərin qoltuğuna belə bir qarpız verir:
“Biologiyada ölümün qaçılmaz olduğuna işarə edən bir şey hələ ki, tapılmayıb. Bu, məndə, ölümdən qaçmağın mümkünsüz olmadığı və bizə dərd verən şeyin, sadəcə, zamana ehtiyacı olan bir kəşf olduğu, bu bərbad qlobal xəstəliyin və ya insan bədəninin müvəqqəti olması məfhumunun gec-tez müalicə ediləcəyi hissini yaradır”.
Yəni Feynman inanır ki, insan bədəni gec-tez arxasında istifadə müddəti göstərilmiş məhsullar siyahısından çıxarılacaq.
İnsanların ölümsüzləşdirilməsi ideyasını reallaşdırmağı hədəfləyən “Google Ventures” sərmayələrinə rəhbərlik edən amerikalı gənc kapitalist, Bill Maris də insanların uzaq olmayan gələcəkdə 500 il yaşayacağına inandığını söyləyir.
Bizi uzaq olmayan gələcəkdə ölümsüzlüyü pula çevirə bələcək bir dünya gözləyir. Bizi deyəndə ki, imkanlı şəxslərimizi nəzərdə tuturam, o şəxslərimizi ki, həmişə tarixdən gizlənməyə üstünlük verirlər, o şəxslərimizi ki, ölümsüzlük onlara ancaq davamlı kabab yemək üçün lazımdır.
Bununla yanaşı, bəziləri ölümsüzlüyün yer üzündə insanın başına gələ biləcək ən böyük fəlakət olacağını söyləyərək, heç ölməyən, bir ucdan çoxalmağa davam edən insanın harada yaşayacağından əndişə edirlər. Bu gün belə 1 milyarda yaxın vələmyesirin ac olduğu dünyada ölümsüz insanlar nə yeyib, nə içəcəklər deyə onlarla cavaba ehtiyacı olan suallar var ortada.
Dünyanın biz müsəlmanlara aid hissəsində isə ölümsüzlük deyə bir mövzu yox. Daha doğrusu, biz müsəlmanlara görə, ölümsüzlük ancaq ölümün hədiyyəsi ola bilər. O da baxır adamına. Əbədi yaşamaq istəyirsənsə, öl və çalış acından öl! Din ölümə insan haqqlarından biri kimi baxır, dilimizdə “ölüm haqqdır” deyə bir hökm də var. Biz mistik babalarımızın ağlına güvənərək ölümün insanı tanrıya qovuşduran bir vasitə olduğuna inanırıq. Burada bir nazirin qəbuluna düşə bilməyən paytaxt sakini, ölüncə “hoppa” deyib tanrıyla qabaq-qənşər dayana biləcəyindən əmindir.
Konformizmin bu mistik növünə əminlik ölümü haqq kimi qəbul edənlərin dünyasında onu bir xidmət sahəsi kimi gözdən keçirməyə imkan verir.
Öldükdən sonra VİP şəraitində əbədi yaşamaq üçün insanlara cürbəcür xidmətlər təklif olunur. Bu gün Bakıda ucuz, orta və bahalı deyə qəbirlər var, sanki, bahalı qəbirə nisbətən ucuz qəbirdən cənnət qədər olan məsafə daha uzun, yol daha çala-çökəkdir, ucuz qəbirdən yol düşən ölünün, guya, cənnətə çatanacan canı çıxır. O irəlidən kilsə Avropada səyahət edən protestantlara onlara hücum etmək istəyən katoliklərin gözünü bağlayan bir sənəd verirdi, (Saramaqo, “Filin səyahəti”) həmin sənədi biz müsəlmanlar üçün o dünyaya səyahət etdiyimizdə bu dünyadakı savab əməllərimiz əvəz edir.
“Yeni Musavat” qəzetinin 25.02.2019 tarixli reportajından bu paraqrafı birlikdə oxuyaq: “…Yasamal qəbiristanlığının yaxınlığındakı qəbir daşı sexində gecə-gündüz iş var. Onların sifarişsiz ayı yoxdur. Bəzi abidə daşları çöldə qoyulub ki, sifariş vermək istəyən müştərilərin diqqətini çəksin. Adi qara məzar daşını göstərən sex işçisi deyir ki, qiyməti 2200 manatdır. Qara mərmərdən olan qəbir abidəsinin qiyməti 5000 manatdır. Onun sözlərinə görə, heykəl sifariş edənlər 10 000 – 12 000 manatından keçməlidirlər. Adi ağ daşlar isə 500-700 manata da var”.
Biz bu danyadakı ölümsüzlüyü hələ də daşlaşmaq kimi anlayırıq. Bizi ölümsüz edənlər bioloqlar, gen mühəndisləri yox, daşyonanlar, “şkaturqarışdıranlardır”.
Yaxud ölünü yola salmaq üçün ucuz, orta, bahalı qiymətə çadırlar təklif olunur; sanki, o dünyada ölənlərin biletinə gömrük möhürü vurulanda baxırlar ki, bu hansı çadırdan yola salınıb. Əgər bahalı çadırdan gəlibsə, deməli, Həsənağanın qohumudur, onu “bezoçered” buraxırlar cənnətə.
Kamyu deyirdi ki, bir ölkədə insanların necə yaşadığını bilmək istəyirsinizsə, onların necə öldüyünə baxın. Bizdə insanların necə öldüyünə baxanda onların necə yaşadığı yox, nə üçün yaşadığı aydın görünür.
Bunlar bizim cəmiyyətin böyük olmasa da, işlək həqiqətləridir, o həqiqətlər ki, onlara məğlub olmayan Azərbaycanda hələ anasından doğulmayıb. Bizim oxumuş adamlar da gündəlik, işlək həqiqətlərlə mübarizəni şan-şöhrətlərinə yaraşdırmırlar, onlar çoxdan mamır basmış minillik həqiqətləri yerindən dəbərtmək üçün gücənirlər. Çünki biz xilası gələcəyi deyil, keçmişi dəyişməkdə görürük.
Məncə, ölüm və ölümsüzlük barədə bu qədər çənə döydüyümüz yetər, nəzərə alaq ki, bizdə ölünün arxasınca danışmaq da, özbəklərin sözü olmasın “böyük qəbahət”lilik sayılır.