6af6efb7-3358-43c1-93b2-0c2c19abdd81.jpg

Bir neçə vəzifəli şəxs həbs olundu: 147 milyon manat ölkəyə qaytarılmayıb

Baxış sayı: 165 dəfə baxılıb.

Kənd təsərrüfatı məhsullarının ixracı ilə məşğul olan vəzifəli şəxslər
məsuliyyətə cəlb ediliblər. Onlar ixracdan əldə etdikləri 147 milyon manatı
ölkəyə qaytarmayıblar.

Cixisyolu.com xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat
yayıb.

Qeyd olunub ki, xarici iqtisadi fəaliyyətlə məşğul olan bəzi sahibkarlıq
subyektləri tərəfindən müvafiq valyutada olan pul vəsaitlərinin Azərbaycan
Respublikasına qaytarılmamasına dair Dövlət Gömrük Komitəsindən daxil olmuş
materiallar əsasında Azərbaycan Respublikasının prokurorluq orqanlarında
cinayət işləri başlanaraq ibtidai istintaq aparılır.

İstintaq tədbirləri ilə Azərbaycan Respublikasında qeydə alınan hüquqi
şəxslərlə xarici ölkələrdəki şirkətlər arasında kənd təsərrüfatı məhsullarının
alqı-satqısına dair müxtəlif vaxtlarda müqavilələrin bağlanması və həmin
fəaliyyət nəticəsində əldə olunan külli miqdarda gəlirin ölkəmizdə müvəkkil
edilmiş bank hesablarına qaytarılmamasına əsaslı şübhələr müəyyən edildiyindən
bir sıra vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilib.

Belə ki, Bakı şəhəri, Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin
208.2.1, 208.2.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda
xarici valyuta vəsaitini xaricdən qaytarmama) və 308.2-ci (ağır nəticələrə
səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə başlanmış
cinayət işi üzrə – “Local Garden” və “Organik Lojistik” MMC-lər tərəfindən
ümumilikdə 59,9 milyon ABŞ dollarından artıq pul vəsaitinin (müvafiq dövrün
məzənnəsi ilə 101,9 milyon manatdan artıq) Azərbaycan Respublikasında müvəkkil
edilmiş bankın hesabına qaytarılmaması müəyyən edildiyindən iş üzrə Ramil Rafiq
oğlu Xələfov təqsirləndirilən şəxs qismində cəlb olunaraq, qeyd edilən
maddələrlə ona ittiham elan olunub və barəsində müstəntiqin vəsatəti və ibtidai
araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında
Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri
seçilib.

Bakı şəhəri, Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 208.2.1,
208.2.2 və 308.2-ci maddələri ilə başlanmış cinayət işi üzrə – sahibkarlıq
fəaliyyətini həyata keçirən fiziki şəxs Tamerlan Arif oğlu Baqişev tərəfindən
ümumilikdə dörd milyon ABŞ dollarından artıq pul vəsaitinin (müvafiq dövrün
məzənnəsi ilə yeddi milyon manatdan artıq) Azərbaycan Respublikasında müvəkkil
edilmiş bankın hesabına qaytarılmaması müəyyən edildiyindən iş üzrə
təqsirləndirilən şəxs qismində cəlb olunaraq, qeyd edilən maddələrlə ona
ittiham elan olunub və barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya
prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Bakı şəhəri,
Nərimanov Rayon Məhkəməsinin qərarı ilə ev dustaqlığı qətimkan tədbiri seçilib.

Bakı şəhəri, Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 208.2.1,
208.2.2 və 32.4,308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən
sui-istifadətə təhrik etmə) maddələri ilə başlanmış cinayət işi üzrə –
sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs Elgiz Xanoğlan oğlu Hacıyev
tərəfindən ümumilikdə dörd milyon ABŞ dollarından artıq pul vəsaitinin (müvafiq
dövrün məzənnəsi ilə yeddi milyon manatdan artıq) Azərbaycan Respublikasında
müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edildiyindən iş üzrə
təqsirləndirilən şəxs qismində cəlb olunaraq, qeyd edilən maddələrlə ona
ittiham elan olunub və barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya
prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Bakı şəhəri,
Nərimanov Rayon Məhkəməsinin qərarı ilə polisin nəzarəti altına vermə qətimkan
tədbiri seçilib.

Bundan başqa, Bakı şəhəri, Nizami Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin
208.2.1, 208.2.2 və 308.2-ci maddələri ilə başlanmış cinayət işi üzrə –
“Katelen Qrup”, “Boqra-2021”, “Harris-SS” MMC, “Konte TT” və “SS-Promo Group”
MMC-lər tərəfindən ümumilikdə 22 milyon ABŞ dollarından artıq pul vəsaitinin
(müvafiq dövrün məzənnəsi ilə 38 milyon manatdan artıq) Azərbaycan
Respublikasında müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən
edildiyindən Zeynalov Fariz Əbülfət oğlu iş üzrə təqsirləndirilən şəxs qismində
cəlb olunaraq, qeyd edilən maddələrlə ona ittiham elan olunub və barəsində
müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata
keçirən prokurorun təqdimatı əsasında Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin
qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Habelə, Bakı şəhəri, Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin
208.2.1, 208.2.2 və digər maddələri ilə başlanmış cinayət işi üzrə –
“Altuntel-S” MMC tərəfindən ümumilikdə 193 min ABŞ dollarından artıq pul
vəsaitinin (müvafiq dövrün məzənnəsi ilə 329 min manatdan artıq) Azərbaycan
Respublikasında müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən
edildiyindən Mirsalam Mirəziz oğlu Seyidov iş üzrə təqsirləndirilən şəxs
qismində cəlb olunaraq, qeyd edilən maddələrlə ona ittiham elan olunub və
barəsində hazırda məhkəmə baxışında olan başqa cinayət işi üzrə barəsində həbs
qətimkan tədbirinin seçilməsi faktı nəzərə alınıb.

Hazırda Dövlət Gömrük Komitəsindən daxil olmuş digər bu kateqoriya materiallar
üzrə, yəni mal və məhsul ixrac etməklə əldə edilən pul vəsaitini Azərbaycan
Respublikasının müvəkkil bank hesablarına qaytarmamış şəxslər barəsində
prokurorluq orqanlarında cinayət işləri başlanaraq ibtidai istintaq aparılır və
zəruri tədbirlər icra olunur.

Source link