Cari ilin yanvar-aprel aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 2,5 faiz üstələyərək 10,9 milyard manata bərabər olub.
ÇıxışYolu.Com Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ticarət dövriyyəsinin 5,5 milyard manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 5,4 milyard manatını qeyri-ərzaq məhsulları təşkil edib.
Satılmış məhsulların dəyəri 2017-ci ilin yanvar-aprel aylarının göstəricilərini real ifadədə müvafiq olaraq 1,9 faiz və 3,1 faiz üstələyib.
Hesabat dövründə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 45,2 faizi ərzaq məhsullarının, 5,0 faizi içkilər və tütün məmulatlarının, 17,7 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,3 faizi elektrik malları və mebellərin, 5,8 faizi avtomobil yanacağının, 1,3 faizi əczaçılıq və tibbi malların, 0,7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,0 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.
2018-ci ilin yanvar-aprel aylarında istehlak məhsullarının 13,5 faizi ticarət müəssisələri, 52,4 faizi fərdi sahibkarlar tərəfindən, 34,1 faizi isə bazar və yarmarkalarda satılıb.
2017-ci ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 21,0 faiz, fərdi sahibkarlar üzrə 0,3 faiz artıb. Bazar və yarmarkalarda isə 0,2 faiz azalıb.
Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 278,0 manat və ya 2017-ci ilin yanvar-aprel aylarının göstəricisindən nominal ifadədə 14,5 manat çox olub.
Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 139,6 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 138,4 manatlıq qeyri-ərzaq məhsulları alıb.