Bir ömrün xatirələrini özündə toplayan mərkəzdən REPORTAJ – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bu gün Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 101-ci
ildönümüdür.
Bu münasibətlə Cixisyolu.com əməkdaşlarının Heydər Əliyev Mərkəzindən hazırladığı
xüsusi reportajı təqdim edirik.
Mərkəzin ən cəlbedici və maraq doğuran hissəsi Heydər Əliyev Muzeyidir. Üç
mərtəbədən ibarət muzeydə ziyarətçilərə ulu öndər Heydər Əliyevə aid maraqlı
faktları əks etdirən foto, videomateriallar və digər unikal eksponatlar təqdim
olunur.
Başqalarını deyə bilmərəm, amma muzeydə sərgilənən və mənim diqqətimi ilk
çəkən, 1990-1993-cü illərdə Heydər Əliyevin Naxçıvan şəhərində istifadə etdiyi
neft lampası oldu. Vaxtı ilə bir balaca otağı işıqlandıran bu lampa indi bütün
gur işıqların carçısına çevrilib. Elə sahibi kimi…
Lampanın közərmiş işığında muzeydəki bütün guşələr tam aydın görünür. Ulu
öndərin iş masası, müxtəlif dövrləri əhatə edən geyimləri, müxtəlif illərdə
aldığı ali orden və medalları, prezidentlərin və dövlət nümayəndələrinin
verdiyi hədiyyələr…
1993-cü ildə Heydər Əliyevin andiçmə mərasimində geyindiyi kostyum, ziyafət
geyimi, polkovnik və general-mayor forması muzeyin ən gözəçarpan hissəsindədir.
İş masasına baxanda isə insanda qəribə hisslər yaranır. Nə vaxtsa bu stolda
tarixi və ən önəmli sənədlər imzalanıb. Və indi sən onun bir addımlığındasan.
Heydər Əliyev dəfələrlə həm sovetlər dönəmində, həm də müstəqil Azərbaycan
Prezidenti kimi ali orden və medallarla təltif edilib. Muzeyin ən gözəl
guşəsində ulu öndərin “1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya
üzərində qələbəyə görə” medalı, 1949-cu il “Əmək rəşadətinə görə” medalı,
1954-cü il “Döyüş xidmətlərinə görə medalı”, 1976-cı il Lenin ordeni, 1979-cu
il “Oraq və Çəkic” qızıl medalı və bir çox bu kimi digər medal və ordenləri yer
alır.
Dünyanın müxtəlif mədəniyyətlərində qartallar güc, azadlıq və alilik simvolu
kimi qəbul edilir. Hədiyyələr guşəsində Amerika Birləşmiş Ştatlarının
Prezidenti Bill Klintonun ulu öndərə hədiyyə etdiyi “Qartal” da təsadüfi deyil.
O, Heydər Əliyevə bu hədiyyəni verməklə sanki onun böyüklüyünü, gücünü nümayiş
etdirib.
Tunis Respublikasının Prezidenti Zeynalabdin Ben Əlinin hədiyyə etdiyi Quran,
Moskva və Ümumrusiya Patriarxı II Aleksinin verdiyi Pasxa yumurtası sanki
guşədə bir vəhdət yaradaraq, tolerantlığın nümunəsi kimi öz əksini tapıb.
Ən maraqlı eksponatlardan biri ulu öndərin Azərbaycana rəhbər olduğu dövrdə –
1969-cu ildən 2003-cü ilə qədər xidməti istifadəsində olan avtomobillər idi.
“Çayka”
1969-cu ildən 1978-ci ilə qədər Heydər Əliyev “Çayka” xidməti avtomobilindən
istifadə edib.
“Zil”
1978-ci ildən 1989-cu ilə qədər ümummilli lider “ZiL” markalı xidməti
avtomobili ilə hərəkət edib.
“Mercedes-Benz S500”
1992-95-ci illərdə Heydər Əliyev “Mercedes-Benz S500” markalı, 1995-ci ildən
1999-cu ilə qədər isə “S600 SEL” markalı avtomobildən istifadə edib.
Ümumiyyətlə, muzey dizaynı və tətbiq edilən yeni texnologiyaları ilə fərqlənir
və mərkəzin modern üslubu ilə uyğunlaşır. Muzey Azərbaycan tarixinin və
ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks
etdirir. Burada toplanan məlumatlar ziyarətçilərə interaktiv formada çatdırılır.
Daha çox foto burada: PhotoStock.az
Almaz Qasımova