23f12fbe-bd3b-41c7-b8f7-54d102577445..jpg

Bir qızın baş hərfi üstündə amansız dava: “Tələb etdi ki, qəbiristanlıqda…”

Baxış sayı: 793 dəfə baxılıb.

Bir qızın baş hərfi üstündə amansız dava: “Tələb etdi ki, qəbiristanlıqda…”

Ağsu rayonunda 2005-ci il təvəllüdlü Araz şəxsi münasibətlər zəminində 16
yaşlı Sadiqi (adlar şərti verilib – red.) qətlə yetirib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, Araz 15 iyun 2021-ci ildə saat 17
radələrində tanışı Sadiqin “WhatsApp” tətbiqinin status bölməsinə yerləşdirdiyi
videonun şərh hissəsində, onunla qonşuluqda yaşayan Lalənin adının baş hərfini
yazdığını görüb. O, Sadiqə mesajda həmin yazını silməsini tələb edib.

Araz yazını silməyəcəyini bildirdikdə onlar bir-birilərinə təhqiramiz məzmunda
mesajlar və səs yazıları göndəriblər. Məsələni aydınlaşdırmaqdan ötrü Ağsu
şəhərində görüşməyə razılaşıblar. Saat 20 radələrində deyilən ünvanda
görüşüblər. Mübahisəni davam etdirmək məqsədilə birlikdə Ağsu rayon Qaraqaşlı
kənd qəbiristanlığının yaxınlığına gediblər.

Araz qızın adını telefondan silməməsini bəhanə edib və Sadiqin sifət
nahiyəsindən yumruq zərbəsi vurub. Daha sonra yerə yıxaraq onu döyüb. Sadiq
ağır xəsarətlə xəstəxanaya yerləşdirib və orada ölüb.

İstintaq orqanı tərəfindən Arazın barəsində Cinayət Məcəlləsinin 126.3-cü
(ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma) maddəsi ilə ittiham
elan edilib.

“Lalənin baş hərfini sil”

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Araz ona elan
olunmuş ittiham üzrə özünü təqsirli bilib. Bildirib ki, qonşuluqda yaşamış
mərhum Sadiqlə normal münasibətləri olub:

“İyunun 15-də günorta saatlarında dayım Vasif, nənəm Səidə, xalam oğlu Valeh
və dayımın azyaşlı uşaqları ilə birlikdə İsmayıllı rayonunda yaşayan xalam
Əsmərgilə qonaq getdik.

Saat 15:30-da mobil telefonumda “WhatsApp”a daxil olduqda Sadiqin statusa
sevgi münasibətlərini əks etdirən video yerləşdirdiyini, həmin videonun şərh
hissəsində isə qonşumuz Lalənin adının baş hərfi olan “L” hərfi yazdığını
gördüm.

Sadiqə mesaj yazdım və kənar şəxslərin də Lalənin adını görəcəyini, bunun
yaxşı olmadığını bildirdim, həmin statusu silməyi məsləhət gördüm.

Sadiq cavab olaraq “silmirəm” sözünü yazdıqdan sonra aramızda mübahisə
yarandı. Sadiq ünvanıma təhqiredici mesajlar yazdı”.

“Qəbiristanlığa gəlməyimi tələb etdi”

Təqsirləndirilən şəxsin sözlərinə görə, məsələni aydınlaşdırmaq üçün özündə
kontur olmadığına görə xalası oğlu Valehin mobil telefonu ilə Sadiqə zəng edib:

“Bir-birimizə qarşı nalayiq ifadələr işlətdik. Sadiq məndən yerimi soruşdu.
Ona İsmayıllı rayonunda olduğumu bildirdim. Məndən kənd qəbiristanlığına
gəlməyimi tələb etdi. Saat 19:30-da Valehlə birlikdə dayım Vasifin avtomobili
ilə Ağsuya gəldim.

Ağsuda Meleratorlar qəsəbəsində “Artezian” adlanan yerin yaxınlığında
avtomobildən düşdüm. Valehin dostu Daşqının artezian deyilən yerin yanında
olduğunu gördüm. O da avtomobildən düşdü”.

“Dedim, “Artezian”da danışaq”

Təqsirləndirilən şəxs qeyd edib ki, bundan sonra Valehlə birlikdə Daşqının
yanına gediblər:

“Daşqınla söhbət əsnasında Vüqar və digər tanışlarını gözlədiyini, birlikdə
“Şərq” kafesinə gedəcəklərini dedi. Valehin mobil telefonu ilə Sadiqə zəng
vurdum, harada olmasını soruşdum. Kənd qəbiristanlığının yaxınlığında olduğunu
bildirdi. Ona “Artezian” adlanan yerə gəlməsini bildirdim.

Bir neçə dəqiqə sonra Sadiq gəldi. Valeh və Daşqınla salamlaşdıqdan sonra
qolumdan tutdu, söhbət etmək üçün qəbiristanlığa getməyi təklif etdi.

Ona qəbiristanlığa getməyəcəyimi, “Artezian” adlanan yerdə söhbət edə
biləcəyimi bildirdim. Sadiq təkidlə qəbiristanlıqda söhbət etməyi tələb etdi”.

“Bir-birimizə nalayiq ifadələr işlətdik”

Arazın sözlərinə görə, Vüsal, Murad və Asif də onların yanına gəlib: “Asif
mənə Sadiqlə dalaşmamağı, yalnız söhbət etməyi məsləhət gördü. Sadiq qolumdan
tutaraq yenidən təkidlə qəbiristanlığa getməyi tələb etdi. Mən də onunla
birlikdə qəbiristanlıq tərəfə getdim. Digər şəxslər bizdən təxminən 100 metr
arxada yavaş-yavaş arxamızca gəldilər.

Biz kolluq yerin yaxınlığında üzbəüz dayanaraq söhbət edən zaman Sadiq bir
qədər hündürdə dayanmışdı. Bir-birimizə qarşı yenə nalayiq ifadələr işlətdik.
Sadiq əli ilə sifətimə toxundu. Ona əlini sifətimdən çəkməyi bildirdim.

Sadiq mənə qarşı söyüş işlətdiyindən, əsəbiləşib yumruqla sifətinin sol gicgah
nahiyəsinə vurdum. Sadiq qolları ilə belimdən tutanda çənəmi onun sinəsinə
dirədim, belini əydim.

Daha sonra başının arxa nahiyəsinə 2 yumruq vurdum. Sadiq başımı qolları
arasına aldı. Belindən tutaraq onu qaldırmağa cəhd etdim. Lakin ağır olduğundan
gücüm çatmadı”.

“Suyu üzünə çiləsələr də, ayılmadı”

Araz bildirib ki, Sadiqin qolları bir qədər boşaldığı üçün ayağının qatlanan
yerinə arxadan təpik vurub: “Sadiq arxası üstə yerə çırpıldı, onun üzərinə
yıxıldım. Əlbəyaxa olduğumuzu görən dayım oğlu və digər şəxslər qaçaraq bizə
tərəf gəldilər. Ayağa qalxanda Sadiqin özündən getdiyini gördüm. Vüsal və Murad
Sadiqin dilinin qatlandığını gördülər və onun dilini çıxarmağa çalışdılar.

Yaxınlıqdakı evlərin birindən dəmir qabda su gətirdilər, suyu Sadiqin üzünə
çiləsələr də, ayılmadı. Sadiqin ayılmadığını görəndə onu orada qoyub qaçdılar.

Sadiqi ayıltmağa çalışsam da, bacara bilmədim. Bu zaman yanımıza tanımadığım
45-50 yaşlarında bir kişi və 35-40 yaşlarında bir qadın da gəldi. Mobil nömrə
ilə “103”ə zəng etdim. Sadiqin özündən getməsini, qəbiristanlıqda olması barədə
məlumat verdim.

Beş dəqiqə sonra təcili yardıma bir daha zəng etdim, onu qarşılamaq üçün
hadisə yerindən uzaqlaşaraq yola çıxdım. “Beş mərtəbə” deyilən yerin yanından
təcili tibbi yardım avtomobilini qarşıladım.

Həkimlər Sadiqi ambulansa mindirib xəstəxanaya apardılar. Mən yaşadığım evə
gəldim və üst-başımı təmizlədim”.

“Polis şöbəsinə getdik”

Araz qeyd edib ki, atası ondan nə baş verdiyini soruşub: “Olanlara izah etdim
və evdən qaçdım. Evdən çıxarkən mobil telefonumda Sadiqlə aramızda olan
mesajlaşmaları sildim. Yaxınlıqdakı dar küçəyə getdim və gecəni küçədə qaldım.
Ertəsi gün saat 06:00-da yaşadığım evə qayıtdım.

Atam məni polis şöbəsindən axtardıqlarını bildirdi. Atamla birlikdə polis
şöbəsinə getdik”.

Bu cinayət işinə Şəki Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü
ilə Araz 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi
rejimli tərbiyə müəssisəsində çəkməsi müəyyən edilib.

Hökmdən narazı qalan təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayəti
verilib. O, Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmünün ləğv edilməsini,
barəsində ədalətli qərar qəbul edilməsini, aşağı həddə cəza verilməsini istəyib.

Mərhum Sadiqin babası tərəfindən də apellyasiya şikayəti verilib. Hüquqi varis
təqsirləndirilən şəxsə daha ağır cəza verilməsini, hadisə yerində olan digər
şəxslərin də cinayət məsuliyyətinə cəlb edilmələri üçün cinayət işinin ibtidai
araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə
qərar qəbul edilməsini xahiş edib.

Tərəflərin şikayəti araşdırılması üçün Şəki Apellyasiya Məhkəməsinə
göndərilib. Apellyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda
qərar elan edib.

Qərara görə, tərəflərin şikayəti təmin olunmayıb.

Source link