Bir sıra ölkələrdən quşçuluq məhsullarının idxalına məhdudiyyət qoyulub
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatlarına əsasən, Tunisin
Sidi-Bu-Zid vilayətində dabaq, Moldovanın Ştefan-Voda, Drokiya, Rezina
rayonlarında, Polşanın Dolnoslask Nijnesilezsk inzibati ərazisində, Amerika
Birləşmiş Ştatlarının Pensilvaniya ştatında isə yüksək patogen quş qripi
xəstəliyi qeydə alınıb.
Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya
təminatı və innovativ həllər şöbəsindən bildirilib.
Respublika ərazisinin həmin yoluxucu xəstəliklərdən qorunması üçün zonalaşma
prinsipi nəzərə alınmaqla, Sidi-Bu-Zid vilayətində xəstəlik baş vermiş
təsərrüfatın 10 kilometr radiusda olan məsafədən cütdırnaqlı heyvanların (iri
və xırdabuynuzlu heyvanlar, donuz, dəvə və s.), habelə onlara aid xammal və
məhsulların idxalına və tranzit daşınmasına, Ştefan-Voda, Drokiya, Rezina
rayonlarında, Dolnoslask Nijnesilezsk inzibati ərazisində, Pensilvaniya
ştatında xəstəlik baş vermiş təsərrüfatın 10 kilometr radiusda olan məsafədə
yerləşən müəssisələrdən diri quş və inkubasiya yumurtalarının, quş ətinin,
tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq
məhsulundan alınan hazır ət məhsullarının (quş qripi viruslarının məhv
edilməsini təmin edən termik emala məruz qalan mallar istisna olmaqla), quş
yemləri və quş üçün yem əlavələrinin (bitki mənşəli, kimyəvi və mikrobioloji
sintez yolu ilə alınmış yemlər və yem əlavələri istisna olmaqla), quşların
saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına
WOAH-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq
müvəqqəti məhdudiyyət tətbiq edilib.
Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə həmin inzibati
ərazi vahidlərindən gələn, yaxud tranzitlə keçib respublikamıza daxil olan,
habelə respublika ərazisindən tranzitlə digər ölkələrə gedən nəqliyyat
vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük
Komitəsinə müraciət olunub.