c6edf0bd-c049-49bb-b89d-a47e3616fd14..jpg

Bir zövq məsələsi və qanun: Bayağı mahnıya görə cəza almaq mümkündürmü? – FOTO

Baxış sayı: 758 dəfə baxılıb.

Bir zövq məsələsi və qanun: Bayağı mahnıya görə cəza almaq mümkündürmü? – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əməkdar artist Elza Seyidcahan qonaq olduğu “Gün işığında” səhər şousunda
deyib ki, “Necə ki maşınıma 5 000 manat cərimə gəlir, eləcə də pis musiqi
dinləyənləri cərimələsinlər”.

Bununla müğənni zaman-zaman qızğın müzakirələrə səbəb olan musiqi zövqü
məsələsini yenidən gündəmə gətirdi. Bir çoxları Əməkdar artistin fikrini
dəstəklədilər. Efirlərlə yanaşı, ictimai nəqliyyat da qınaq hədəfi oldu. Hətta
gələcək nəslin musiqi zövqünə görə narahat olanlar da tapıldı.

Bəs görəsən, bu fikir nə dərəcədə doğrudur? Həqiqətən, bayağı musiqi
dinləyənlər, belə musiqi ilə başqalarını narahat edənlər cərimələnə bilərlərmi?

Cixisyolu.com-ın əməkdaşı öncə bu təklifi irəli sürən Əməkdar artist Elza Seyidcahan
ilə danışıb.

Bəstəkar bayağı musiqilərin insanların beynini zəhərlədiyini qeyd edib:

“Ara musiqilər narkotikdən daha betərdir. Əhalinin bir qisminin beyni bu
musiqilərə alışıb. İctimai nəqliyyatda bu tip musiqilər daha çox olur.
İnsanların beyni, ruhu zəhərlənir.

Təklif edərdim ki, ictimai nəqliyyatda radiolarda milli musiqilərimiz
səslənsin. Biz öz musiqimizlə xaricilərin zövqünü oxşayırıq. Lakin
özümüz-özümüzü içdən məhv edirik. Dövr dəyişib. Analar uşaqları layla ilə
deyil, bayağı musiqi ilə yatırdırlar.

Bu gün zövqsüz musiqilər artıq ciddi problemə çevrilib. Məhz buna görə həmin
təklifi irəli sürdüm. Bəli, pis musiqi dinləyənlər cərimələnsinlər. Xaricdə
belə məqamlara diqqət edilir. Cərimə olunsalar, bəlkə, düzələr. Ciddi şəkildə
mübarizə aparmalıyıq. Musiqilərimizi itirsək, özümüzü itirmiş olarıq”.

Mövzu ilə bağlı Cixisyolu.com-a açıqlama verən Əməkdar incəsənət xadimi, musiqişünas
Lalə Hüseynova isə zövqsüz musiqilərin hər zaman olduğunu qeyd edib:

“Zövqsüz musiqi hər zaman olub, olacaq da. Hər bir toplumun özünəməxsus zövqü,
özünün istehlak etdiyi mədəni dəyərləri var. Onun qarşısını almağın yeganə yolu
maarifləndirmədir. Qadağalarla nə isə etmək olmaz.

İctimai nəqliyyatda sürücünün zövqünə uyğun musiqini bütün sərnişinlər
dinləmək məcburiyyətində deyillər. Ancaq dəfələrlə belə halların şahidi oluruq.
Bunu həll etmək olar”.

Əməkdar incəsənət xadimi qeyd edib ki, sürücülərə radionu qoşmamaqla bağlı
göstəriş verilməlidir:

“Xarici ölkələrdə belə hallar yoxdur. Çünki ictimai nəqliyyatda telefonla
danışmağa belə, icazə yoxdur. Sakitliyi kiminsə pozmağına icazə vermirlər.
Ümumiyyətlə, insan nəyi görüb-eşidirsə, onu da istehlak edir.

Maarifçilik işi aparmaqla musiqi zövqünü formalaşdırmaq olar. Vəziyyət
belədir. Məktəblərdə də musiqi zövqünü aşılamaq lazımdır. Bunu müəyyən dərəcədə
yoluna qoymaq olar. Bu mövzu hər zaman gündəmdə olub.

Sovet dövründə də gündəmə gəlirdi, danışılırdı. Sadəcə, həmin vaxt informasiya
şəbəkəsi belə geniş deyildi. Bir kütlə kasetləri alıb, bayağı mahnılara qulaq
asırdı. İndi bu mahnılar radio və televiziyalarda səslənir. Cəmiyyətimizə təsir
qüvvəsi çoxalıb. Ucuz musiqilərə qulaq asmaq istəyənlərin sayı çoxdur. Xarici
ölkələrdə bu araşdırılır, səbəbi tapılır”.

“Musiqi zövqü məsələsi ilə ciddi məşğul olmaq lazımdır. Bizdə daha çox
reytinqə köklənirlər. Bayağı musiqilərin də reytinqi hər zaman yüksək olur.
Tənzimləmək olar. Onda gərək televiziya və radioların musiqi siyasəti dəyişsin.
Bu da çətindir. Yalnız maarifləndirmək lazımdır. Musiqi insanın psixologiyasına
təsir edən güclü qüvvədir. Daim onu məcrada saxlayıblar. Lakin 20-ci əsrdə
musiqi məcradan çıxıb”, – deyə L.Hüseynova əlavə edib.

Baş Dövlət Yol Polisi İdarəsinin inspektoru Fuad Sultanov Cixisyolu.com-ın sorğusuna
cavab olaraq bildirib ki, sürücülərin fərdi nəqliyyat vasitələrində hansısa
musiqini dinləmələri ilə bağlı cərimə müəyyən olunmayıb:

“Sürücülərə fərdi nəqliyyat vasitələrində bayağı musiqilərin səsləndirilməsinə
görə inzibati cərimə nəzərdə tutulmayıb. Çünki qanunvericilikdə elə bir qayda
pozuntusu müəyyən olunmayıb. Sadəcə, saat 00:00-dan 7:00-a qədər yüksək səslə
musiqi dinləyib ətrafdakıları narahat etdikləri müəyyənləşdirildiyi hallarda
İnzibati Xətalar Məcəlləsinin 521-ci maddəsinə əsasən, cərimə tətbiq etmək
olar. Cəriməsi 150-200 manat civarındadır. Digər vaxtlarda qayda pozuntusu kimi
qeydiyyata almaq olmaz.

Yalnız, sürücü maşında yüksək templə səsgücləndiricidən istifadə edən zaman
saxlayıb, maarifləndirici söhbət aparmaq olar ki, bir də belə hərəkətlərə yol
verməsin”.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 521-ci maddəsi məişət səs-küyünə
qarşı mübarizə qaydalarının pozulmasına görə cəzaları ehtiva edir.

Mənzillərdə, yaşayış evlərinin girişlərində və həyətlərində, küçələrdə,
istirahət yerlərində və digər ictimai yerlərdə saat 00:00-dan 7:00-dək səs-küy
salmağa, ucadan mahnı oxumağa, musiqi alətlərini ucadan çalmağa, televizorları,
radioqəbulediciləri, maqnitofonları və digər aparatları gur səslə oxutmağa,
məişət səs-küyünə qarşı mübarizə tələblərini başqa üsulla pozmağa görə – fiziki
şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min
manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilirlər.

İctimai nəqliyyat vasitələrində audiocihazlardan istifadənin necə
tənzimləndiyi isə İnzibati Xətalar Məcəlləsinin 322.0.6-cı maddəsində yer alır.
Burada qeyd olunur ki, müntəzəm şəhərdaxili marşrutlarda daşıma prosesi ilə
bilavasitə əlaqəsi olmadıqda audiocihazlardan istifadə edilməsinə görə qırx
manatdan əlli manatadək məbləğdə cərimə tətbiq edilir.

Nəzrin Vahid

Source link