Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxsin kütləvi məzarlıqda tapılan
qalıqları dəfn olunub – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Birinci Qarabağ müharibəsi zamanı Füzuli uğrunda gedən döyüşlərdə itkin düşən
şəhid Novruz Mahmud oğlu Quliyevin Edilli kəndində kütləvi məzarlıqda
aşkarlanan nəşinin qalıqları Füzuli rayonunda torpağa tapşırılıb.
APA xəbər verir ki, şəhid Novruz Quliyevin nəşi Füzulidə izdihamla qarşılanıb
və ailəsinin yaşadığı Füzuli ərazisindəki qəsəbəyə gətirilib.
Şəhidlə vida mərasimi olub.
Nəşin qalıqları Bala Bəhmənli kənd məzarlığına gətirilib. Dəfn mərasimində
şəhidin ailə üzvləri, yaxınları ilə yanaşı, ictimaiyyət nümayəndələri,
hüquq-mühafizə orqanlarının əməkdaşları, hökumət nümayəndələri, rayon
sakinləri, qazilər, şəhid ailələri, döyüş yoldaşları, media nümayəndələri
iştirak ediblər.
Qeyd edək ki, Novruz Mahmud oğlu Quliyev 1964-cü ildə Füzuli rayonunun Çimən
kəndində doğulub. Birinci Qarabağ müharibəsi başlayanda könüllü olaraq
döyüşlərə qatılıb. Çimən kəndində gedən döyüşlər zamanı itkin düşüb.
Novruz Quliyevin nəşinin qalıqları 2022-ci ildə Xocavənd rayonunun Edilli
kəndində tapılan kütləvi məzarlıqda aşkarlanıb.