6dd71ff6-87cb-4a42-9d65-5bbe8ddaa42c..jpg

Bişirilməsi asan, istifadəsi riskli – “Kaspi”nin ARAŞDIRMASI + FOTO

Baxış sayı: 578 dəfə baxılıb.

Bişirilməsi asan, istifadəsi riskli – “Kaspi”nin ARAŞDIRMASI + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Havalar soyuyan kimi xəmir yeməklərə tələbat artır. Bu yeməklərin hazırlanması
isə elə də asan başa gəlmir. Amma düşbərə, xəngəl, pelmeni kimi məhsulları
marketdən hazır şəkildə alanlar da az deyil. Bu məhsullar marketlərdə
yarımfabrikat şəkildə satılır. Aldıqdan sonra sadəcə suya atıb bişirmək qalır.
Bəs bu qidalar nə dərəcədə təhlükəsizdir?

“Kaspi” qəzeti mövzu ilə
bağlı məqalə hazırlayıb.

Markalanma qanunu tam icra edilmir

İstehsal meneceri Sayat Quliyeva deyir ki, mağazalarda yarımfabrikat kimi
satılan qeyd edilən qidalara uzun müddət qalması üçün müxtəlif əlavələr edilir:

“Hazır dondurulmuş xəmir, xəmirdən hazırlanmış məhsullar yerli istehsal və
idxal məhsulları olaraq mövcuddur. Yağlı qat-qat xəmirlər, hazır pizzalar
idxal, xəngəl, düşbərə, türk mantısı kimi qidalar isə yerli məhsullardır. İdxal
olunan məhsullar daha uzun müddətlidir. Belə məhsulların uzun müddət (minimum
bir il) qalması üçün təbii ki, konservantlardan, rənglərdən, dadlandırıcılardan
istifadə edilir. Yerli istehsal olan məhsullar isə şəffaf paketlərdə
qablaşdırılır və saxlanma müddəti 72 saatdan 3 aya qədər dəyişir. Markalanma
qanunu tam icra edilmir və müşahidələr göstərir ki, bəzi hallarda istehsalçılar
xəmirdə yumurta istifadəsini rənglərlə əvəzləyirlər”.

Bu məhsullar tələb olunan temperaturda saxlanılmazsa…

S.Quliyevanın sözlərinə görə, belə məhsullar keyfiyyətini tez itirə bildiyi
üçün qida zəhərlənmələrinə səbəb ola bilər:

“Bu məhsullar xüsusilə də tərkibində ət, göyərti, süd məhsulları və digər
əlavələr olan məhsullardır. Eyni zamanda yarımfabrikat (tam emal edilməmiş)
olaraq satışı həyata keçirilir və uzun saxlanma müddətinin olması məhsulların
tərkibində qatqıların – yəni E qrupuna aid konservantların olmasını bildirir.
Mikrobioloji olaraq riskli məhsullardır, mütləq mənfi dərəcədə saxlanılmalıdır.
Əgər bu məhsullar tələb olunan temperaturda saxlanılmazsa, donu açılıbsa,
yenidən dondurulması zamanı tərkibindəki fiziki-kimyəvi və mikrobioloji
göstəricilər pozulur və məhsul keyfiyyətini itirir. Məhsulun təhlükəsizliyi
daşınma, saxlanma zamanı nəzərə alınmazsa, nəticədə istehlakçılar keyfiyyətsiz
məhsul əldə etmiş olurlar. Keyfiyyətini itirən bu tipli məhsullar qida
zəhərlənməsinə gətirib çıxarır. Daimi istifadə zamanı tərkibindəki
konservantlara görə də törəmə xəstəliklərin yaranması qaçılmazdır”.

Məlumat hissəsində nələrə diqqət etməli?

İstehsal menecerinin fikrincə, məhsulun üzərində bütün detallar aydın şəkildə
qeyd olunmalıdır:

“Bu tipli yarımfabrikat dondurulmuş məhsulların doğru saxlanılmasına diqqət
etməlidirlər. Donu açılmış və bir neçə dəfə dondurulmuş məhsullarda mütləq
deformasiya olur və alıcılar bunu məhsulun xarici görünüşündən anlaya bilərlər.
Məhsulun qablaşdırılmasında qeyd edilən məlumatlara tərkibi, tərkibindəki
əlavələrin, xüsusilə də ətlərin mənşəyi, saxlanma müddəti, hansı kateqoriyadan
olan istehlakçıların istifadə edə bilmələri, hazırlanma qaydası və sair
daxildir. İstehlakçılardan xahiş olunur ki, qablaşdırılmasında dolğun məlumat
əldə edə bilmədikləri məhsullardan istifadə etməsinlər”.

İstehsal üçün uyğunluq sertifikatı olmalıdır

Qida məsələləri üzrə ekspert Ağa Salamov bildirdi ki, belə məhsulları istehsal
edənlər bəzi nüansları nəzərə almalıdırlar:

“Ümumiyyətlə, marketlərdə satılan düşbərə, xəngəl, pelmeni və digər ətdən
hazırlanan xəmir yeməklərinin birinci növbədə mənşəyi məlum olmalıdır. Yəni
market bilməlidir ki, bu məhsulu kimdən alır və aldığı adamda da istehsal üçün
uyğunluq sertifikatı olmalıdır. Bilinməlidir ki, məhsullar tam təhlükəsiz yerdə
istehsal edilir, istehsal zamanı sanitar-gigiyena qaydalarına əməl olunur.
Məhsulun istehsal və son istifadə tarixi üzərində yazılmalıdır. Saxlanmasında,
daşınmasında, soyuq qida zəncirində qırılma olmamalıdır. Ətin mənşəyi də
yoxlanılmalıdır”.

Evdə təhlükəsizdir deyə düşünürük, amma…

A.Salamovun sözlərinə görə, əgər məhsullar evdə hazırlanırsa, daha çox
təhlükəli olma ehtimalı var:

“Evdə hazırlananlar ona görə təhlükəlidir ki, şəraitsizlik ola bilər. Bu halda
satışa çıxarılan məhsul kütləvi zəhərlənməyə gətirib çıxaracaq. Evdə məhsul
hazırlayır, amma sertifikatı yoxdur. Bu, təhlükəlidir. Çünki bilinmir, məhsulu
hazırlayan insanın təmizliyi necədir. İstehsalat prosesində işçilər altı ayda
bir dəfə həkim yoxlanışından keçirlər. Ondan sonra fəaliyyətlərini davam etdirə
bilirlər. Amma ev şəraitində bu, belə deyil”.

Bu cür məhsullar mal ətindən hazırlanır

Ekspert məsləhət görür ki, məhsulu keyfiyyətli ətdən hazırlasınlar:

“Təbii ki, dana əti mal ətindən daha bahadır. Ona görə də, çox vaxt bu cür
məhsullar mal ətindən hazırlanır və istehsal xərci də daha aşağı olur”.

A.Salamov deyir ki, məhsulun üzərində bütün məlumatlar açıq qeyd olunmalıdır:

“İnsanların diqqət etməli olduğu məsələ əmtəə nişanıdır. İqtisadiyyat
Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti
tərəfindən təsdiqlənmiş əmtəə nişanı mütləq olmalıdır. Kiçik istehsalatlarda da
hər hansı markanı yaradırlarsa, onun da əmtəə nişanı olmalıdır”.

Xəmirlər bir-birinə yapışıbsa…

Müsahibimizin fikrincə, bu məhsulları alarkən görünüşünə diqqət etmək lazımdır:

“Son istehsal tarixi yoxdursa, inqrediyentlər qeyd edilməyibsə, əmtəə nişanı
yoxdursa, bu məhsullardan uzaq durmaq lazımdır. Çünki belə məhsulların uyğunluq
sertifikatının olmamaq ehtimalı daha yüksəkdir. Bu da qida zəhərlənmələrinə
gətirib çıxara bilər. Bu məhsullar quru halda olmalıdır. Quru halda deyil,
bir-birinə yapışıbsa, deməli soyuducudan kənarda qalıb. Yəni saxlama şəraiti
düzgün olmayıb ki, xəmir bir-birinə yapışıb”.

Source link