05ef3b9f-5512-43c1-acac-4b8328326310..jpg

“Bitcoin” alaq, yoxsa qızıl? – ARAŞDIRMA + FOTO

Baxış sayı: 695 dəfə baxılıb.

“Bitcoin” alaq, yoxsa qızıl? – ARAŞDIRMA + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Həm qızılın, həm də “Bitcoin”in qiymətində artım müşahidə edilir. Bu artım
bəzi psixoloji baryerləri belə adlayıb. Ekspertlər düşünürlər ki, hər iki bazar
dəyişkən olduğu üçün istənilən an qiymət dəyişiklikləri yaşana bilər.

Son zamanlar dünya bazarında “Bitcoin”in qiyməti 70 min dolları keçib.
Həmçinin qızılın qiyməti də yeni rekord qırmaqda davam edir, son bir ildə 19
faiz bahalaşma qeydə alınıb. İstər “Bitcoin”, istərsə də qızıl hazırda
investisiya aləti kimi geniş istifadə olunur. Yatırım etmək istəyənlər bu
qiymət artımlarından xeyirlə çıxmaq istəyirlər. Onları bu artımların səbəbləri
və perspektivi də maraqlandırır.

Mövzu ilə bağlı “Kaspi”

qəzetinin məqaləsini təqdim edirik.

73 min dollar ətrafında satılır

Kriptovalyuta eksperti Elnur Quliyevin sözlərinə görə, martın ilk ongünlüyündə
“Bitcoin” son üç ildə ilk dəfə “Binance” birjasında 73 min dollara qədər dəyər
qazandı: “Hazırda isə “Bitcoin” 1,4 trilyon dollar bazar kapitalizasiyası ilə
72 min dollar ətrafında satılır. Bu qiymət ilə o ümumi bazar
kapitalizasiyasının 52,2 faizini təşkil edir. Qiymətin artmasına təsir edən
əsas faktorlar korporativ şirkətlərin “Bitcoin”ə kəskin tələbatının yaranması
və kriptovalyuta bazarına əlavə kapitalın daxil olması, ABŞ Federal Ehtiyatlar
Sisteminin (FED) uçot faiz dərəcəsini vaxtından əvvəl azaldacağı ilə bağlı
gözləntilərin artmasıdır”.

“Bitcoin”in növbəti hədəfi…

Ekspertin fikrincə, qiymətdə həm artım, həm də azalma mümkündür: “Analizə
əsasən, “Bitcoin”in növbəti hədəfi 80 min dollara qədər bahalaşmaqdır. Əgər hər
hansı səbəbdən ciddi qiymət azalması baş verərsə, bu zaman dəyəri 55 min 170 və
50 min 500 dollar ətrafında olacaq. Bundan əlavə, qorxu və xəsislik indeksi
hazırda 89 səviyyəsindədir. Bu amil investorlar arasında yüksək alış təzyiqi
olduğunu göstərir. Bu göstərici 90 baldan çox olduqda, iri investorlar satış
edərək qazanclarını fiksə edirlər. Çünki “həddindən artıq acgözlük” qiymətlərin
düşməsi ilə müşayiət olunur”.

Müsahibimiz bildirdi ki, hazırda ölkəmizdə kriptovalyuta üzrə investorların
sayını və ümumi investisiya məbləğini müəyyən etmək mümkün deyil. Azərbaycanda
kriptovalyutaların istifadəsi və kriptoinvestisiyaların leqallaşdırılması üçün
ilk növbədə müvafiq qanunvericilik aktları qəbul olunmalıdır.

Bahalaşma investorlar üçün faydalıdır

E.Quliyev qızılın bahalaşmasının nəticələrinə də toxunub: “Adətən qızılın
qiyməti bahalaşırsa, bu, qlobal iqtisadi böhranın yaxınlaşması və ya valyuta
bazarına ciddi kapital axını əlaməti kimi qəbul olunur. İnvestorların bir qismi
riskli, lakin yüksək qazanclı aktivlərə yatırım edirlərsə, digər qismi qızılı
seçirlər. Bu tendensiya hələ bir müddət də davam edəcək. Qlobal makroiqtisadi
mənzərədə investisiya tələblərinin formalaşmasında həlledici rolu FED oynayır.
Böyük ehtimal ki, yaxın aylarda FED uçot dərəcəsini endirəcək. Uçot dərəcəsinin
aşağı salınması maliyyə bazarında dolların likvidliyini artırır, kreditlər
ucuzlaşır və bu, investisiya mühitinə müsbət təsir edir. Bunlar ümumilikdə
iqtisadi artımı sürətləndirir, biznesə və vətəndaşlara aşağı faiz dərəcələri
ilə daha ucuz pul əldə etməyə imkan verir. Ucuz pul investorları yeni
texnologiyalara, startaplara və kriptovalyutalar da daxil olmaqla digər riskli
aktivlərə investisiya etməyə təşviq edir”.

Ekspertin sözlərinə görə, qızılın qiymətinin yüksəlməsi Azərbaycan
iqtisadiyyatına iki istiqamətdə təsir göstərir: “Dünya bazarında qızılın
qiymətinin artması ölkəmizin qızıl ixracından əldə etdiyi gəlirin artması ilə
nəticələnir. İkinci amil isə, Dövlət Neft Fondunun aktivlərində təqribən 30 ton
qızıl var, qiymətlərin artması onların da dəyərini artırır. Yəni biz ölkə
olaraq qızılın bahalaşmasında maraqlıyıq”.

Tələb və təklifdən yaranan artım

İqtisadçı Pünhan Musayev isə dedi ki, “Bitcoin”lə bağlı nikbinliyin səbəbi
tələb və təklifdən irəli gəlir: “Tələblə bağlı məqam ABŞ Qiymətli Kağızlar və
Birja Komissiyasının tənzimləyici addımlarından qaynaqlanır. Təklif sarıdan isə
“Bitcoin”i dəyərləndirən məqam onun təchizatı ilə əlaqədardır. Zaman keçdikcə
dəyərinin aşınmaması üçün “Bitcoin” məhdud sayda təsis edilib. Hər yeni
yaradılan blok üzrə “Bitcoin” mükafatı sayı dörd ildən bir 50 faiz azalır.
Məsələn, başlanğıcda mükafat 50 “Bitcoin” idisə, 2012-ci ildə 25, 2016-cı ildə
12.5, 2020-ci ildə isə 6.25 “Bitcoin”ə qədər azalıb. “Halving” adlanan bu
proses hazırda “Bitcoin”dəki tədarük şokunu daha da dərinləşdirir. Beləliklə,
bəlli miqdar təklif qarşılığında geniş tələb aktivin sürətlə bahalanmasına
şərait yaradır”.

Qızıl alışında son 50 ilin rekordu qeydə alınıb

P.Musayevin fikrincə, qızılın qiyməti də hələ maksimum həddə çatmayıb:
“Qızılın qiymətindəki artım ABŞ dövlət istiqrazlarının gəlirliliyinin azalması,
dolların zəifləməsi və yaranan iqtisadi problemlərə cavab olaraq Federal
Ehtiyat Sisteminin pul siyasətini yumşaltması gözləntiləri ilə bağlı
spekulyasiyaların (alış və satış qiymətləri arasındakı fərq sayəsində gəlir
əldə etmək) birləşməsindən irəli gəlir. Ukrayna müharibəsi, 40 ilin ən yüksək
inflyasiyası, rekord borc səviyyəsi, Qərb bank sistemində yaşanan müvəqqəti
çalxalanma və Yaxın Şərqdəki münaqişədən əlavə, bir sıra ölkələrin qızıl
alışını son 50 ilin maksimumuna çatdırmaları fonunda bahalaşma təbii görünür”.

Source link