Ermənistanın “Esse TV” yutub kanalında yayımlanan “Troye v lodke” verilişində aparıcı Arman Qriqoryan və 30 il Azərbaycanda yaşamış, “Veçernaya Baku” nəşrində müxbir işləmiş İda Martirosyan Şuşada keçirilən festivaldan danışıblar.
“Qafqazinfo” xəbər verir ki, veriliş boyu Qriqoryan və Martirosyan Ermənistanın müvəqqəti baş naziri Nikol Paşinyanın ünvanına tənqidlər səsləndirib, onu vətənə xəyanətdə günahlandırıb və ölkələrinin məhvolma astanasında olduğunu qeyd ediblər.
Diqqətçəkən məqam isə aparıcı Qriqoryanın 12-13 may tarixlərində Şuşada keçirilən “Xarıbülbül” festivalı barədə danışması olub. “Dünən Şuşada Azərbaycan muğamı oxudular, Nikol isə hökumət iclasında sağlıq deyir”.
“Onlar düz edirlər. Çünki Mehriban xanımı Şuşada çay içməyə və muğama qulaq asmağa dəvət edəndə, onlar artıq bunu yerinə yetirdilər”,-deyə Martirosyan cavabında bildirib.
Qriqoryan bundan sonra daha da hiddətlənərək bir daha Şuşada keçirilən musiqi festivalından danışıb: “Dünən orada muğama qulaq asdılar. Muğam videoları lentə alınaraq sosial şəbəkələrdə yayıldı. Dünən isə Şuşada elə bir atəşfəşanlıq oldu ki… Axı biz bilirik bu Xankəndidən necə görünür”.
Martirosyan isə cavabında “Bəli, düzdür. Bu insanlar düzgün işləyirlər”,-deyə qeyd edib.