Bizi dəyişdirən zəfər: Qururuq, yaradırıq, yaşadırıq – ŞƏRH
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Ən böyük nemətimiz sayılan müstəqilliyimizin yaşı cəmi 32 ildir. Tarix üçün
çox qısa müddət sayılsa da, bu zaman kəsiyində dövlət, xalq olaraq
yaşadıqlarımız bəlkə də əsrlərə bərabərdir. İşğal, soyqırımlar, milyondan artıq
məcburi köçkün və qaçqın ordusu, viran qoyulmuş, xarabaya çevrilmiş şəhərlər,
kəndlər, məğlubiyyət, ən sonda isə yaddaşlarımıza əbədi həkk olunan tarixi
zəfər. Sadaladıqlarımızın hər biri fərd olaraq, millət olaraq düşüncəmizdə,
həyat tərzimizdə, dünyaya baxışımızda dəyişikliyə yol açdı.
“Kaspi”
qəzeti mövzu ilə bağlı məqalə dərc edib.
Artıq işğal günlərini yox, zəfər tarixini öyrənirik
Bir milləti var edən, yaşadan onun əyilməz qüruru, sınmaz iradəsi, əzmidir. 30
illik işğal bizim iradəmizi sındıra bilməsə də, qürurumuzu incitdi.
Bəzilərimizdə istər-istəməz məğlub xalq, məğlub dövlət stereotipi yaranmağa
başladı. Lakin sahib olduğumuz dəyərlər, əzmkarlıq, dövləti doğru yola
yönəldən, cəmiyyətdə Vətən sevgisini ölməyə qoymayan liderlik bizləri möhtəşəm
zəfərə apardı.
Artıq məktəblərdə uşaqlarımıza işğal günləri yox, zəfər tarixi tədris edilir.
Bu gün ayrılıq, həsrət şeirləri, mahnıları yox, qəhrəmanlıq dastanları yazılır.
Ruhumuz qələbə notları ilə bəslənir. Gəncliyimiz işğalın fəsadlarından azad
ruhda böyüyür, inkişaf edir. Biz fərd olaraq, cəmiyyət olaraq dəyişirik. Yenə
də minlərlə şəhidimizin qanı, canı hesabına qazandığımız, bizləri
bütövləşdirən, tam edən zəfərimizin hesabına…
Kim nə əkirsə, onu da biçir
Dəyişən tək insanlarımız yox, həm də cəmiyyətimiz, dövlətimizin dünyaya
baxışıdır. Tarixi zəfərlə tək ərazi bütövlüyümüzü, suverenliyimizi, millət
olaraq qürurumuzu bərpa etmədik. Həm də kimlərin bizim üçün dost, kimlərin isə
sözdə dost olduğunu görmək imkanı qazandıq. Azərbaycan artıq özünün dostlarını,
müttəfiqlərini çətin gündə ona göstərilən münasibət əsasında seçir. Beynəlxalq
səviyyədə əlaqələrini bu prinsip əsasında qurur. Ən başlıcası isə,
seçimlərimizə, yanaşmalarımıza kimsə irad bildirə, bizləri dövlət olaraq qınaya
bilmir. Çünki ortada üç illik reallıq, təcrübə var. Atalarımız demiş, kim nə
əkirsə, onu da biçir. Çətin günün dostu olanlar bu gün dünyanın ən mühüm
geosiyasi məkanlarından sayılan bölgəmizdə Azərbaycanın tarixi zəfərdən sonra
yaratdığı yeni imkanlardan, reallıqlardan geniş şəkildə istifadə etmək,
yararlanmaq fürsətinə malikdir. Hansı ki, biz artıq bunun ilkin nəticələrini də
görürük. Haqq işimizi kölgələyənlərə isə sadəcə kənardan baxmaq qalır, məkrli
planları artıq işə yaramır. Çünki biz dəyişmişik, dünyaya, dost-düşmən
anlayışına baxışımız dəyişib.
Qururuq, yaradırıq, yaşadırıq…
Millətimizin özgüvəni qayıdıb, gücünə, potensialına olan sarsılmış inamı bərpa
olunub. Artıq gələcəyə qaranlıq keçmişdən yox, nurlu sabahdan baxırıq. Qururuq,
yaradırıq, yaşadırıq…
Zəfər həm də tarixi torpaqlarımızın simasını dəyişir. 30 illik işğal dövründə
xarabaya çevrilmiş yurd yerlərimizə qayıdırıq, orada cənnət yaradırıq. Bütün
çətinliklərə, bizlərin dəyişməməsi üçün əllərindən gələni edənlərin bütün
məkrli planlarına, təxribatlarına baxmayaraq, qarşımıza qoyduğumuz hədəfə doğru
inamla irəliləyirik.
Dünyaya bir millətin, dövlətin çox qısa müddətdə necə dəyişdiyini, hansı
potensiala malik olduğunu, qurub-yaratmaq əzmini qürurla nümayiş etdiririk.
Dünyanın da bizə baxışı dəyişib
Bunun nəticəsidir ki, dünyanın da bizə baxışı dəyişib. Qalib dövlət, qalib
lider, qalib millət olaraq sözümüzlə hesablaşır, yaşadığımız coğrafiyada məhz
bizim əsl söz sahibi olduğumuzu qəbul edirlər. İndi hər birimizin səfər etdiyi
hər hansı xarici ölkədə işğala məruz qalan dövlətin vətəndaşı kimi yox, öz gücü
və imkanları, ordusunun qəhrəmanlığı və liderinin əzmi, iradəsi ilə qalib gələn
millətin təmsilçisi kimi qarşılanırıq. Artıq haqq-ədalətin bərpası,
həqiqətlərin qəbul edilməsi, işğalın aradan qaldırılmasına görə kimlərdənsə
yardım ummuruq. İndi bizdən məsləhət alırlar, indi Azərbaycan bir çoxlarına yol
göstərir.
Dəyişməyən tək həqiqət
Bəli biz dəyişdik. Millət olaraq, xalq olaraq, dövlət olaraq dəyişdik. Tarix
boyu dəyişməyən tək bir reallıq var – “Qarabağ bizimdir, Qarabağ
Azərbaycandır!” Bu həqiqət dövlətimiz, millətimiz var olduqca dəyişməyəcək. Bu
reallığı dəyişməyə cəhd edənlər isə, hər zaman qarşısında güclü Azərbaycan,
qalib millət, qüdrətli Ordu görəcəklər. Artıq bu dəyişikliyi hər kəsin qəbul
etməsinin zamanı çatıb. Bizə bu dəyişiklikləri yaşadan zəfərin mübarək,
Azərbaycan!