21dab444-ce46-4de8-804e-0eceb8ea58fe..jpg

Blinkenin Əliyevlə danışığındakı İKİ QAT – TƏHLİL

Baxış sayı: 815 dəfə baxılıb.

Blinkenin Əliyevlə danışığındakı İKİ QAT – TƏHLİL

Rusiyanın Ruben Vardanyanı Qarabağda saxlamaq cəhdləri, Qərbin Şuşa-Xankəndi
yolundakı aksiyalara “humanitar fəlakət var” bağırtısı səpkisində münasibəti
regiondakı etimad mühitini şübhə altına alır.

ABŞ Dövlət katibi Antoni Blinken bu şübhələri öz dövlətinin məntiqi ilə
dağıtmaq üçün yanvarın 23-də Azərbaycan Prezidentiİlham Əliyevə zəng edib.

Diplomatik təmaslar etibarlı həll variantıdır, amma təhlükəsizlik
qavrayışlarındakı fərqlər tənzimləmələri axsadır.

Azərbaycan tərəfinin telefon danışığına dair yaydığı rəsmi informasiyada
Blinken-Əliyev danışığının gərgin keçdiyini göstərən əlamət var.

ABŞ ilə Azərbaycan insan hüquqlarına yanaşma məsələsində heç cür çəkici eyni
nöqtəyə vurmurlar.

Çünki Vaşinqton bu mövzunu qlobal ekspansiya siyasətinin mərkəzində tutur,
Azərbaycan isə eyni məzmuna konstitusion hüquq kimi baxır.

Yəni Azərbaycan Qarabağda yaşayan ermənilərin təhlükəsizliyini və hüquqlarını
öz Konstitusiyasının tələbləri çərçivəsində görürsə, ABŞ bunu fərqli meyarla
dəyərləndirir.

Belə fərqlər ABŞ ilə Azərbaycan münasibətlərindəki mübahisəli tezislərin
başında dayanır, lakin iki ölkənin tərəfdaşlığı və əməkdaşlığına zərbə vurmaq
qabiliyyətinə yüksəlmir.

Azərbaycanın Blinken-Əliyev danışığı haqqında yaydığı rəsmi məlumatda
Prezidentin dövlət katibinə Laçın yolundakı vəziyyəti daha çox izah etdiyinə
diqqət ayrılıb.

ABŞ Dövlət Departamenti isə məlumatında Blinkenin “humanitar böhran riskləri”
tezisini qabardıb və Laçın yolunun təcili olaraq nəqliyyat üçün açılmasını
istədiyini önə çıxarıb.

Dövlət Departamentinin məlumatında bir məqamın altından qırmızı xətt çəkilə
bilər. Bu həmin cümlədir ki, Blinken Əliyevi Ermənistanla münasibətlərin
tənzimlənməsi üçün səyləri ikiqat artırmağa çağırıb.

Həmin cümlənin özü də Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması
prosesində iplərin Azərbaycanın əlində olduğunun bəyan edilməsidir.

ABŞ bilir ki, Azərbaycan sülh alətlərinin effektiv olması üçün həmin modeli
Ermənistana təzyiqlərlə inkişaf etdirir. Azərbaycanın Ermənistana təzyiqləri
ilə Rusiyanın İrəvana basqıları arasında fərqlər olsa da, ümumi yanaşmada Bakı
ilə Moskvanın xətləri birləşir.

ABŞ-ni sarsıdan Kremlin Rusiya-Ukrayna müharibəsi fonunda Cənubi Qafqazdakı
yerindən bərk yapışmasıdır. Azərbaycan isə burada Rusiyaya müttəfiq nəzərilə
baxmır, sadəcə, təhlükəsizlik səbəbi ilə bəzi nüanslarda Moskva ilə
razılaşmaların vacib olduğunu dərk edir.

Bakının balanslı məntiqi Vaşinqtona münasibətdə də özünü göstərir, yəni yeri
gələndə Rusiyanın regiondakı ambisiyalarının səsini azaltmaq üçün Vaşinqtonla
əməkdaşlıq ruhu yenilənir.

Lakin Azərbaycanın tutduğu mövqe Rusiya ilə ABŞ-nin bir-birilə mübarizəsini
zəiflətmir, ən çətini isə onların Azərbaycanla yanaşı, Türkiyəni də öz
tərəflərində tutmaq üçün atdıqları addımlardır.

İki qütbün uclarında dayanan Moskva ilə Vaşinqton Türkiyəni bir-birinə qarşı
rəqabətdə tarazlaşdırıcı güc kimi görürlər, amma Ankara tərəzinin gözünü
Rusiyaya doğru əyir.

Regionun Azərbaycan-Türkiyə-Rusiya, yoxsa Azərbaycan-Türkiyə-Qərb üçbucağının
içərisinə alınması mövzusunda ABŞ-nin narahatlıqları var. Türkiyə NATO üzvü
olsa da, Rusiya ilə qurduğu əməkdaşlıq sferası ilə Ağ Ev regiondakı gücünü
itirir.

Ona görə ki, ABŞ-nin Cənubi Qafqazdakı hədəflərinə çatmasında Türkiyənin böyük
rolu var, hərçənd ki, Ankara Qərbin ona qarşı həmlələrindən dolayı ağırlığı
Moskvanın üzərinə salır.

Ağ Ev buna özünün regional qara günləri kimi baxır və həmin yanaşma
Azərbaycanla münasibətlərə təsirsiz ötüşmür.

Bütün bunlara rəğmən, ABŞ ilə Rusiyanın ulduzu Vardanyanın obrazında barışır –
məsələyə yanaşmalarda fərqli meyarlar olsa da.

Rusiya Vardanyanı Qarabağda daha böyük layihənin icrası üçün “məşq etdirir”,
ABŞ isə Vardanyandan erməni hüquqlarının müdafiəsinə bəhanə tapmaq üçün
istifadə edir.

Azərbaycan Vardanyan rudimentinin siyasi yollarla kəsilib atılmasında
maraqlıdır, ancaq bu dəfə Ermənistanla sərhədlərin müəyyənləşməsi məsələsində
problemlər ortaya çıxır ki, Bakı hərbi tətbiqləri gündəliyə daşıyır.

Blinkenin Əliyevə çağırışındakı İKİ QAT Azərbaycanın danışıqlarda hərbi güc
amilini qabartdığını göstərə bilər. Blinken, mümkündür ki, Azərbaycan tərəfini
sakitləşdirmək üçün Əliyevə zəng edib, Bakı isə artıq səbrinin hədlərini
müəyyən edir.

Aqşin Kərimov

Source link