BMT Baş katibi: “Ekoloji jurnalistika təhlükəli peşəyə çevrilir”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Dünya misligörünməmiş ekoloji təhlükə ilə qarşı qarşıyadır. Bu vəziyyət
indiki və gələcək nəsillər üçün real təhlükə yaradır və jurnalistlər iqlim
dəyişikliyi, qlobal çirklənmə haqqında ictimaiyyətin məlumatlandırılmasında
mühüm rol oynayırlar”.
Bu sözləri Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş
3 May – Dünya Mətbuat Azadlığı Günü ilə əlaqədar keçirilən tədbirdə çıxışı
zamanı deyib.
Antonio Quterreş hazırkı qlobal ekoloji böhran kontekstində jurnalistikanın və
ifadə azadlığının roluna diqqət çəkib.
O qeyd edib ki, iqlim dəyişikliyini, qanunsuz mədənçilik fəaliyyətini, iqlim
miqrasiyasını, brakonyerliyi, meşələrin qırılması kimi aktual problemləri
işıqlandıran mətbuat nümayəndələri bir çox maneələr və çətinliklərlə üzləşirlər.
“Jurnalistlərin apardıqları araşdırmaların nəticəsində insanlar planetimizin
acınacaqlı vəziyyətini anlamağa başlayır, səfərbər olur və müsbətə doğru
dəyişiklik etmək üçün hərəkətə keçir. Həmçinin mətbuat işçiləri ətraf mühitin
pisləşməsini sənədləşdirir. Onlar ekoloji vandalizmin sübutlarını təqdim edir
ki, bu da günahkarları ədalət mühakiməsinə çəkməyə kömək edir”, – deyə BMT baş
katibi vurğulayıb.
Antonio Quterreş çıxışında media azadlığı təhlükə altında olduğunu, ekoloji
jurnalistikanın isə getdikcə daha təhlükəli peşəyə çevrildiyini vurğulayıb.
Mənbə: News.un.org