BMT baş katibi: “HƏMAS mülki əhalidən canlı qalxan kimi istifadə edir”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“HƏMAS mülki əhalidən canlı qalxan kimi yararlanır və ayrı-seçkilik etmədən
İsrailə raket atmağa davam edir”.
“Report”un ABŞ bürosu xəbər verir ki, bunu BMT-nin Nyu-Yorkdakı baş
qərargahında təşkilatın baş katibi Antoniu Quterreş jurnalistlərə açıqlamasında
deyib.
A.Quttereş HƏMAS yaraqlılarına səslənərək, Qəzzada saxlanılan girovların
dərhal, qeyd-şərtsiz və təhlükəsiz azad olunmasını tələb edib: “Oktyabrın 7-də
HƏMAS-ın törətdiyi iyrənc terror aktlarını bir daha pisləyirəm. Mülki əhalinin
qəsdən işgəncələrə məruz qalmasına, öldürülməsinə, yaralanmasına və
oğurlanmasına heç nə haqq qazandıra bilməz. Mülki əhalinin müdafiəsi hər şeydən
üstün olmalıdır. Beynəlxalq humanitar hüququn açıq şəkildə pozulmaqda davam
edir və bu məni çox narahat edir. Hər kəs bilməlidir ki, heç bir silahlı
münaqişə beynəlxalq humanitar hüquqdan üstün deyil”.
Baş katib bildirib ki, Yaxın Şərqdə davam edən münaqişə nəticəsində dörd
həftədə azı otuz il ərzində baş verən digər münaqişələrlə müqayisədə daha çox
jurnalist öldürülüb: “Qəzzada davam edən münaqişə nəticəsində 36 jurnalist və
media işçisinin öldüyü təsdiqlənib. BMT-nin Qəzza zolağında ən böyük humanitar
təşkilatı olan Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA)
88-dən çox əməkdaşının həlak olub. Bu qəddar, dəhşətli, əzablı dağıntıdan çıxış
yolu tapmaq üçün indi hərəkətə keçməliyik. Tərəflər müharibənin həll yolunu
sülhdə tapmalı və münaqişə sona çatmalıdır”.
Xatırladaq ki, oktyabrın 7-də Qəzzada yerləşən HƏMAS radikal qruplaşması
İsrailə hücum edib. Son məlumata görə, 1,4 min nəfərdən çox insan hücumun
qurbanı olub. Buna cavab olaraq İsrail Müdafiə Qüvvələri HƏMAS-a qarşı hərbi
əməliyyata başlayıb. Hərbi əməliyyatlar zamanı anklavda 10 mindən çox insan
həlak olub. İsrail ordusunun məlumatına görə, hazırda 240-dan çox insan
HƏMAS-ın əsirliyindədir.