79079a36-37d0-431b-8434-73c92ae90f83..jpg

BMT-də Azərbaycanın gender bərabərliyi mövzusunda təcrübələrindən danışılıb – FOTO

Baxış sayı: 900 dəfə baxılıb.

BMT-də Azərbaycanın gender bərabərliyi mövzusunda təcrübələrindən danışılıb –
FOTO

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət
Qəhrəmanova BMT Baş Assambleyasının Gender bərabərliyinə nail olmaq üçün
“Qadınların innovasiya və texnoloji dəyişikliklər və rəqəmsal texnologiyalar
əsrində təhsili” mövzusunda Qadınların Statusu üzrə Komissiyanın 67-ci
sessiyasında çıxış edib.

“Report” xəbər verir ki, S.Qəhrəmanova çıxışında Azərbaycanın gender
bərabərliyi mövzusunda qazandığı təcrübələrdən danışıb:

“Bu gün informasiya və kommunikasiya texnologiyaları cəmiyyətin
sosial-iqtisadi inkişafında əsas rol oynayır və gender bərabərliyinin, eləcə də
qadınların səlahiyyətlərinin artırılmasının amillərindən biridir. Gender
bərabərliyinin hərtərəfli təmini Azərbaycan dövlətinin məqsədlərindəndir.
Azərbaycanda gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında
Qanun cəmiyyətin bütün sahələrində gender faktorunun daxil edilməsinə, kişilər
və qadınlar arasında bərabərsizliyin qarşısının alınmasına zəmanət verib.

Hər il Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bu qanunun icrası
ilə bağlı ölkə parlamentinə hesabat təqdim edir ki, bu da həm dövlət
strukturlarında, həm də özəl sektorda gender təhlilini aparmağa imkan verir”.

Sədr müavini çıxışında Azərbaycanda bütün dövlət proqramlarına daxil edilən
gender layihələrindən və qadınları ölkənin sosial-iqtisadi və siyasi həyatının
bütün sahələrində daha geniş və daha effektiv iştiraka cəlb etmək üçün həyata
keçirilən işlərdən də danışıb:

“Azərbaycanda 2025-ci ilə qədər gender bərabərliyi üzrə milli fəaliyyət planı
layihəsi hazırlanıb. Məişət zorakılığı qadınların və qızların inkişafına təsir
edən amillərdən biridir. Ölkədə zorakılığa məruz qalan qadınlara kömək etmək
üçün “qaynar xətt”lər fəaliyyət göstərir. Bütün icra orqanlarında gender
zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupları fəaliyyət
göstərir. Qadınların iqtisadi imkanlarını gücləndirmək üçün xüsusi işlər
aparılır”.

S.Qəhrəmanova 2011-ci ildən etibarən Dövlət Komitəsi ilə BMT-nin sıx
əməkdaşlıq etdiyini deyib və qadınların kənd yerlərində iqtisadi və sosial
iştirakını təşviq etmək üçün icra olunan layihədən bəhs edib:

“Layihə çərçivəsində 17 qadın resurs mərkəzi açılıb. Ölkədə “Beynəlxalq
Qadınlar Günü” hər il qeyd olunur. İşğaldan azad olunmuş ərazilərdən olan
qadınların bacarıqlarını təkmilləşdirmək məqsədi daşıyan çoxsaylı tədbirlər
həyata keçirilir.

Təhsil sahəsində də qızların və qadınları aktivliyini təmin etmək məqsədi ilə
ölkədə çoxsaylı layihələr reallaşdırılır. Belə ki, 2022-ci ildə ölkə başçısı
xarici ölkələrin nüfuzlu universitetlərində gənclərin təhsil alması üçün 5
illik dövlət proqramını təsdiqlədi. Qeyd etmək istəyirəm ki, əvvəlki dövlət
proqramında təqaüd qazanan abituriyentlərin 30 %-i qızlar olub. Eyni zamanda
Elm və Təhsil Nazirliyi tərəfindən STEAM layihəsi həyata keçirir ki, bu sahədə
də uğurlarımız olduqca çoxdur”.

Source link